suni mayalanma

Süni mayalanmada məsuliyyət kimin üzərinə düşür? – Bacı-qardaş evliliyi?!

Baxış sayı: 585

Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Söz açacağımız mövzu məhz bu qəbildəndir.

  Vəkil Əkrəm Həsənov Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması haqda status yazıb. Vəkil həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, nəticədə “bicbala”ların dünyaya gəldiyini vurğulayıb.

O, sosial media hesabında yazıb ki, süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən: “Sən demə, kişi tam sonsuzdur. Kişinin dediyindən belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli Öndər Tulumbacı) arvada başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər.

Kişi məhkəməyə müraciət edərək, atalığının ləğv olunmasını tələb edib. Amma başda Ali Məhkəmə olmaqla məhkəmələr iddianı təmin etməyiblər. Bu zaman Ali Məhkəmə iki arqument gətirib: 1) bioloji ata olmadığını bilmədiyini və buna razılıq vermədiyini kişi sübut etməlidir; 2) kişinin razılığı olmadan klinika belə əməliyyat apara bilməzdi.

Bu arqumentlər əlbəttə ki, gülüncdür. Kişi necə sübut etsin ki, razılıq verməyib? Əksinə, klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar.

Odur ki, süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu kişilərə aiddir. Çünki belə uşaqların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindidir. Bildiyimə görə, digər oxşar məhkəmə işləri də var!”.

Sosioloq Lalə Mehralı isə deyir ki, sözügedən hadisədə əsas məsuliyyət həkimin üzərinə düşür. Xəstəxana mütləq şəkildə atanın imzası olan sənədi məhkəməyə təqdim etməlidir. Əks halda məhkəmənin qərarı məntiqsiz görünür.

Qadınların həkimlə sövdələşərək ərlərini aldatmasına və donordan uşaq dünyaya gətirməsinə gəldikdə isə L.Mehralı deyib ki, qadını bu günaha batıran mentalitetimiz, stereotiplərimizdir: “El-aləm işini gücünü buraxıb evlənən qadının qarnını güdür. 9 ay tamam olanda gənc ailə övlad sahibi olmasa dedi-qodular başlayır. Tezliklə övlad sahibi olmaq istəməyən, ailə planlaması edən cütlüklər məhz bu cür stiqmaya görə evliliklərinin erkən illərində övlad sahibi olmaq məcburiyyətində qalırlar. Cəmiyyətimiz anlamaq istəmir ki, qadın karyera qurmaq istəyər, ya da gənclər bir-birinə uyğunlaşandan sonra valideyn olmaq istəyərlər. Və yaxud da heç bir səbəbi yoxdur, sadəcə, övlad sahibi olmaq istəmirlər. Övladı olmayan ailələrə isə basqı daha çoxdur. İllərlə davam edən müalicələr, uşaq həsrəti onsuz da qadınları yorur. Bir yandan da kənar müdaxilələr, söz-söhbətlər artıq ailə daxilində ciddi problemlərə, əksər vaxt da boşanmaya səbəb olur. Görünür, bəzi qadınlarımız da çıxış yolu ki, məhz bu varianta əl atırlar. Bu qanunsuzluğa haqq qazandırmıram. Ortada bir cinayət məsuliyyəti var, əlbəttə. Amma günahkar qadınlarımızı bu yola sövq edən cəmiyyətimizin və başqa bir ölkədən gəlib, insanların hissləri ilə oynayan, daha çox pul qazanmaq üçün dələduzluq edən həkimdir. Təcili şəkildə həmin şəxs istintaqa çağırılmalı və bu günə qədər etdiyi süni mayalanma əməliyyatlarının izahatı alınmalıdır. Açıqlanan bu faktdan sonra süni mayalanma ilə övlad sahibi olan kişilərin çoxu övladının atası olduğuna şübhə ilə yanaşacaq. Əslində, donorla hamiləlik və süni mayalanma ilə hamiləlik arasında çox fərq var. Süni mayalanma müraciət edən cütlüklərin sperması ilə həyata keçirilir. Yəni uşaq ailəyə aid olur. Başqa kimsənin rolu olmur.

Lakin bu kimi dələduzluq faktlarından sonra insanlar haqlı olaraq süni mayalanma edildiyi zaman spermanın donorlardan alındığını düşünəcəklər.

Bir müddət əvvəl süni mayalanma, donor alveri ilə bağlı geniş araşdırma aparmışdım. Folekul və spermaları donorlardan ucuz qiymətə alıblar, süni mayalanma ilə pasiyentlərə baha qiymətə köçürürlər. O yazımda da öz narahatlığımı bildirmişdim ki, folekul+sperma satan nə bilir sabah evdəki övladı ilə süni mayalanmadan doğulan övladının yolları kəsişməyəcək? Hardan əmindir ki, iki övladı gələcəkdə evlənməyəcək? Bunun ki qarantı yoxdur? Yaxın gələcəkdə bacı-qardaş evliliyi qaçılmaz olacaq. Bu işlərə çoxdan əl atmış həkimlərin sayəsində bəlkə də artıq bu baş verib, xəbərimiz yoxdur. Folekul götürülən zaman qadın dərmanla yatırdılmış olur və prosesdən xəbəri olmur. Əldə edilən hər folekulu ayrı-ayrı pasiyentə satırlar, qaz vurub qazan doldururlar. Nəticədə, bir qadın 10 gün ərzində 2-5 uşaq sahibi olmuş olur”.

 

Şeymən Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir