derslik

Tez-tez dəyişdirilən əlavə dərs vəsaitləri: əlavə qazanc mənbəyi yoxsa dərin bilik? – ARAŞDIRMA

Baxış sayı: 615

Tədris ilində ən çox əhəmiyyət kəsb edən, eyni zamanda, tənqid olunan məsələlərdən biri əlavə dərs vəsaitlərinin tez-tez dəyişdirilməsidir. Hər kəsə bəllidir ki, ali məktəbə qəbul olmaq üçün təkcə məktəb dərslikləri yetərli deyil. Bu dərsliklərin pullu olması valideynlərin məktəb qayğısını daha da artırır. Repetitor yanına və onların tapşırdıqları əlavə dərs vəsaitlərinə xərclədikləri pul əl yandırır. Xüsusilə əsas fənlər üzrə şagirdlərdən əlavə dərs vəsaitlərinin və test toplularının tələbi valideynlərin maddi vəziyyətini çətinləşdirib.

Sumqayıt şəhər sakini Günel Zeynallı valideyn kimi hər il yeni dərs vəsaitləri almaq məcburiyyətində olduğunu bildirib:

“Kitabların çox olması övladımın çantasının ağırlığına səbəb olur. Demək olar ki, hər dərsdən əlavə kitablar aldırırlar. Bundan əlavə, hər il yeni dərs vəsaitləri almaq məcburiyyətindəyik. Bu maddi cəhətdən valideyn kimi mənə əlavə yükdür. Əgər, bir ailədə iki-üç uşaq varsa, bu vəziyyəti daha da qəlizləşdirir. Övladı azyaşlı olan valideynlər üçün bu daha da çətindir. Çünki, hər gün övladının kitabla dolu çantasını daşıyaraq məktəbə getməli olur”.

Görəsən əlavə dərs vəsaitləri nə üçün tez-tez, hətta ilbəil dəyişir? Onların təhsil proqramlarında olması bu qədər vacibdirmi? Şagirdlər fiziki ( çəki baxımından), valideynlər isə büdcə (artıq xərc) baxımından bu kitablardan necə azad ola bilərlər?…

Suallarımıza cavab almaq üçün təhsil ekspertləri ilə həmsöhbət olduq. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, dünya təcrübəsində iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil:

Tez-tez dəyişdirilən əlavə dərs vəsaitləri: əlavə qazanc mənbəyi yoxsa dərin bilik? – Araşdırma

“İlk növbədə qeyd edim ki, ölkə prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən orta məktəblərdə şagirdlər tərəfindən istifadə olunan bütün dərs vəsaitləri dövlət tərəfindən pulsuz olaraq verilir. Həmin dərs vəsaitində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var. Dünya təcrübəsində də iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil. Çünki, bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur. Ümumilikdə isə, hesab edirəm ki, iş dəftərlərinin məcburi tələb olunması, sadəcə olaraq, kimlərinsə şəxsi maraqlarına xidmət edir. 2010-cu ilə qədər iş dəftərlərinin istifadəsi bu qədər geniş hal almamışdı. Həmin zamanla müqayisə etsək, şagirdlərin bilik və bacarıqlarında elə bir fərqin olmadığını görərik. Apardığımız araşdırmalar göstərir ki, məktəblilər üçün nəzərdə tutulan iş dəftərlərinin qiyməti olduqca bahadır. Düşünürəm ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır. Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır. Qiymətdən əlavə, testlər, iş dəftərləri uşaqların çantalarının ağırlaşmasına səbəb olur. Təsəvvür edin ki, bir şagird azı 6 fənn keçirsə, hər fənnin ayrıca iş, test və qiymətləndirmə dəftəri varsa, bu, çantanın xeyli ağırlaşmasına səbəb olur. Mən hesab edirəm ki, iş dəftərlərindən imtina etmək lazımdır. Çünki bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. Adicə olaraq, kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazimatlar isə, uşaqları bu bacarıqlardan məhrum edir”.

Ekspert çıxış yolunu qeyd edərək deyib ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı və  kitabların həcmində ixtisarlar edilməlidir:

“İş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə ağırlıq etmir. Qeyd etdiyim kimi gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib – gələn zaman bu ağırlığı qaldırmaq məcburiyyətində olurlar. Müşahidələrimiz əsanasında onu deyə bilərik ki, çox ağır olduğu üçün, əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur. Çıxış yolu kimi, onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı kitabların həcmində ixtisarlar edilməlidir. Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var. ABŞ-da həftənin 5-ci gün isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Hesab edirəm ki, təhsil nazirliyi tərəfindən orta məktəblərdə istifadə olunacaq resursların konkret siyahısını müəyyən etməli, bu siyahıda olmayan vəsaitlərin orta məktəblərdə istifadəsinə birmənalı olaraq qadağa qoymalıdır”.

Digər təhsil eksperti Elçin Əfəndi isə dərs vəsaitlərinin hər il dəyişdirilməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, bir dərsliyin ən azı iki il müddətində qüvvədə qalması vacibdir:

Tez-tez dəyişdirilən əlavə dərs vəsaitləri: əlavə qazanc mənbəyi yoxsa dərin bilik? – Araşdırma

“Ümumilikdə baxdıqda, dərs vəsaitlərində müəyyən dəyişikliklər var. Bu dəyişikliklər iki ildən bir həyata keçirilməlidir. İlbəil dəyişikliklərin olması arzuolunmazdır. Burda valideyn maddi cəhətdən ziyana getmiş olur. Nəticədə həmin vəsaiti almaq məcburiyyətində qalır. Nazirlər Kabinetinin müvafiq qərarı və digər hüquq-normativ aktlar əsasında dərsliklər hazırlanır. Vəsaitlərin hazır edilməsində müəyyən kriteriyalar var ki, bunlara əməl olunmalıdır. Bura şagirdlərin yaş psixologiyası, verilən informasiyanın dəqiqliyi, yığcamlılığı, əhatəliliyi və s. daxildir. Bu kim amillər dərs vəsaitlərinin hazır edilməsində öz əksini tapmalıdır. İnformasiyalar elə seçilməlidir ki, dərs vəsaitlərinin həcmi böyük olmasın. Ən əsası da şagirdlər informasiyanı asanlıqla mənimsəyə bilsin. Nəzərə alınamaldır ki, şagird tədris prosesində bir neçə fənn üzrə vəsait daşıyır. Onların fiziki sağlamlığına fəsad verməməsi üçün bütün bunlar nəzərə alınmalıdır. Ümid edirik ki, aidiyyəti qurumlar bu amilləri nəzərə alaraq dərs vəsaitlərini çap etməlidirlər”.

Vəsait müəllifi və tarix müəllimi Kamran Şeyxzamanlı deyir ki, dərsliklər dövrün tələbinə uyğun dəyişdirilməlidir:

Tez-tez dəyişdirilən əlavə dərs vəsaitləri: əlavə qazanc mənbəyi yoxsa dərin bilik? – Araşdırma

“Ancaq bu yanlışdır. Hər hansısa bir dəyişiklik olarsa, o zaman dəyişdirilə bilər. Lakin, bizdə köklü şəkildə dəyişdirilir. Məsələn, keçən il 7 və 10-cu sinif dərslikləri dəyişdirilmişdir. Bu il isə 8 və 11-ci sinif dərslikləri dəyişdirilib. Burda 30-40 faiz mövzu dəyişdirilib. Burda maddi maraq da rol oynaya bilər. Pula görə bu işi görə bilərlər. Bu mənim subyektiv fikrimdir. Mənə çatmır ki, bir şeyi niyə 4 ildən bir fərqli formada dəyişdirə bilərlər?…Bir dərsliyin dəyişməsi bütün test vəsaitlərinin dəyişməsi deməkdir. Bu da valideynin büdcəsinə ziyandır. Müəyyən redaktələr olsaydı və müəyyən hissələr dəyişsəydi doğru olardı. Dərslikləri sadələşdirmək əvəzinə daha da qəlizləşdirirlər. Kitabların dili daha çox ali məktəb dilinə uyğundur. Şagirdlərin yaş psixologiyası da nəzərə alınmayıb. Bir komanda gedib, başqa bir komandanın gəlib dərslikləri dəyişdirməsi doğru deyil. Sanki dərsliklərin dəyişdirilməsi kimlərinsə maraqlarına xidmət edir. Bundan həm abituriyent, həm də müəllim əziyyət çəkir. Son çap edilən kitablarda şəkillər çoxalıb. Bu da büdcəyə ziyandır. Bu şəkilləri şagird internetdən də tapa bilər. Elə bil ki, Türkiyə modeli tətbiq etmək istəyirlər. Bir ara sovet modeli, indi də Türkiyə modeli…Daha sonra deyəcəklər ki, gəlin ingilis modeli tətbiq edək”.

Bir çox şagirdlərin sözlərinə görə, müəllimlərin əksəriyyəti onlardan bu vəsaitlərin, xüsusilə də, iş dəftərlərinin alınmasını tələb edirlər. Hətta alınmadığı təqdirdə məktəblinin qiyməti bəzən, aşağı salınır. Bundan narazı olan isə yalnız şagirdlər deyil. Problem valideynləri də həm maddi, həm də övladlarının sağlamlığı baxımından narahat edir. Çünki artıq dərs vəsaiti əlavə dərs yükü deməkdir.

Görəsən, əlavə dərs vəsaitlərinin alınması ilə bağlı məktəblərə xüsusi tapşırıq verilibmi? Sualımıza cavab almaq üçün Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, valideynlər tərəfindən həmin nəşrlərin alınması məcburi deyil, müəllimin tövsiyəsi ilə könüllü xarakter daşımalıdır:

“Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” na əsasən dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlər dərsliklərlə dövlət tərəfindən təmin edilirlər. Dərsliklərdə kifayət qədər çalışmalar var ki, onların yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək olar. Lakin bununla belə müəllim təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris resurslarından da istifadə edə bilər. Müəllim tədris prosesində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq, onlara müxtəlif nəşrlərdən tapşırıqlar verə və bununla da diferensial yanaşmanı təmin edə bilər. Valideynlər tərəfindən həmin nəşrlərin alınması isə məcburi deyil, müəllimin tövsiyəsi ilə könüllü xarakter daşımalıdır. Valideynlər öz maddi vəziyyətlərini nəzərə alaraq, övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, flomaster, karandaş, albom, bloknot və s.) tövsiyə edilən vəsaitləri də istədikləri halda ala bilərlər. Lakin bir daha vurğulayırıq ki, həmin nəşrlərin alınması könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır. Ümumiyyətlə, müəllim tərəfindən tədris prosesində istifadə edilən istənilən tədris resursları şagird üçün əlçatan olmalıdır. Başqa sözlə, verilən tapşırıqlar (misal, məsələ, çalışma, əlavə material və s.) ya dövlət tərəfindən şagirdlərə pulsuz paylanılan dərslikdə olmalı, ya müəllim tərəfindən işçi vərəqlərdə şagirdlərə paylanmalı, ya lövhədə yazılaraq təhsilalana çatdırılmalı, yaxud da şagirdin öz istəyi ilə könüllü olaraq aldığı və istifadəsində olan nəşrlərdə olmalıdır. Şagirdin istifadəsində olmayan hər hansı vəsaitdən istifadə edilməsi və ya onun alınmasına məcbur edilməsi, habelə tədris prosesində müvafiq nəşri alan və almayan şagirdlər arasında ayrı-seçkilik salınması tədris-metodik baxımdan yolverilməzdir”.

 

Elşən Yəhyayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir