tik-tok

“TikTok”da fırıldaq – tələyə düşməyin!

Baxış sayı: 172

Təəssüf ki, həyatda avam adamlarsız həyatlarının keçməyəcəyinə inanan insanlar həmişə var. Fırıldaqçılar insanların sadəlövhlüklərindən istifadə edirlər, yeni hiylələr hazırlayırlar, lakin köhnə aldatma sxemlərini də unutmurlar. Məsələn, işə düzəlmək vədi.

Bir neçə il əvvəl Azərbaycanda fırıldaqçılar internet saytlarında müxtəlif şirkətlərdə iş elanları yerləşdirirdilər. Bundan sonra onlar müraciət edənlərdən CV-lərini göndərmələrini xahiş edirdilər və bir neçə gündən sonra onlara işlə bağlı məlumat verilir, lakin tam işlə təmin olunmaq üçün onlardan “sığorta haqqı” kimi müəyyən məbləğdə pul tələb olunurdu. Aydın məsələdir ki, pul köçürüləndən sonra bu fırıldaqçılarla artıq əlaqə saxlamaq mümkün olmurdu.

Ötən gün bir dostum məşhur “TikTok” video xidmətində uşaq bağçasında mühafizəçi kimi iş elanı gördü. Elanda 530 manat maaşla bağçaya 18-65 yaş arası, boyu 165 santimetrdən yuxarı, iki gündən bir növbə ilə işləməyə hazır olan mühafizəçilər tələb olunduğu qeyd edilirdi. Dostum elanda göstərilən telefon nömrəsinə zəng edərək, mühafizəçilərin axtarışı ilə bağlı elanın uşaq bağçası tərəfindən verilmədiyini öyrəndi.

Elanın bir məşğulluq agentliyi tərəfindən verildiyi ortaya çıxdı. Zəngə cavab verən qız uşaq bağçasında mühafizəçi kimi işə düzəlmək üçün bütün tələbləri sadaladı, lakin eyni zamanda qeyd etdi ki, ərizəçi işəgötürən tərəfindən namizədliyinə konkret baxılması üçün sorğu vərəqəsinin tərtibinə görə 10 manat ödəməlidir.

Görünür, məşğulluq agentliyi mövcud olmayan iş yerlərini elan edir. Bu elana isə zəhmətlə qazandıqları 10 manatla vidalaşmağa hazır olan insanlar tora düşür.

Bənzər bir fırıldaqçılıq sxemi 30 il əvvəl fəal şəkildə istifadə edilirdi. Heç bir işlə təminat vermədən, inanan insanlardan pul alırdılar. Əslində, ərizəçi heç bir məcburiyyət olmadan pulunu könüllü olaraq verirdi və buna görə də sonradan heç nə sübut edə bilmirdi. Beləliklə, hiyləgər fırıldaqçılar sadəlövh, saman çöpündən yapışan iş axtaranlardan sadəcə olaraq elementar aldatma yolu ilə qazanc əldə edirdilər.

Bu gün isə “Yeni – yaxşı unudulmuş köhnədir” prinsipini rəhbər tutaraq, başqalarının problemlərindən qazanc əldə edənlər fərasət və ixtiraçılıq nümayiş etdirmirlər, sadəcə olaraq, iş axtaranları aldatmaq üçün köhnə sxemdən istifadə edirlər.

Ola bilsin ki, fırıldaqçıların məqsədi həm də müraciət edənləri nə üçün bunu etdikləri ilə bağlı çaşdırmaqla, mümkün qədər çox şəxsi məlumat toplamaqdır. Ən yaxşı halda – toplanmış məlumat bazasını spam göndərənlərə satmaq, ən pis halda – fırıldaqçılıq üçün.

Eyni zamanda, işə ehtiyacı olan şəxslər bilməlidirlər ki, 2019-cu ilin noyabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “e-sosial.az” sosial elektron xidmətlər portalının alt sistemi – “Məşğulluq” fəaliyyət göstərir. Bu alt sistemə işəgötürən təşkilatların vakansiyaları, həmçinin iş axtaran vətəndaşların müraciətləri daxildir. Qanuna görə, hər bir işəgötürən beş gün ərzində mövcud vakant yerləri barədə məlumat verməlidir ki, bu da “Məşğulluq” sistemində görünür.

Bundan əlavə, ƏƏSMN tərəfindən işsizlərin məşğulluğu və iş axtarışı sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin vahid reyestrinin yaradılması istiqamətində işlər aparılır. Bu mexanizm məşğulluq sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərlə vahid informasiya bazasının yaradılmasını nəzərdə tutur ki, onun vasitəsilə qarşılıqlı məlumat mübadiləsi aparılacaq.

Qaydalara əsasən, məşğulluq orqanları onlara müraciət etmiş işsizlərin siyahısını, məşğul olan şəxslər haqqında məlumatları, habelə vakant iş yerlərini reyestrə daxil edəcəklər. Bu yeniliklər vətəndaşlara fırıldaqçıların qurbanına çevrilmədən münasib iş tapmaqda əhəmiyyətli dərəcədə kömək edəcək.

Etibarınızı qazanmaq istəyən vicdansız iş adamlarının tələlərinə düşməyin!

 

Asif Aydınlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir