toyuq-yumurta

Toyuq əvvəl yaranıb, yoxsa yumurta?

Baxış sayı: 952

Bu məşhur sual hələ qədim dövrlərdə Aristotelin, Plutarxın və digər filosofların marağını cəlb etmişdi. Həqiqətən də, sual fəlsəfi baxımdan olduqca əhəmiyyətlidir. Çünki özü ilə birgə kainatın və canlıların necə yaranması barədə bir çox digər sualı da gətirir. Lakin biz bu məqalədə sadəcə toyuğun, yoxsa yumurtanın birinci yarandığından danışacağıq.

 

Birinci yumurta yaranıb…

Əslində sualın cavabı 2 fərqli elm sahəsi – biokimya və təkamül biologiyası – sayəsində illər öncə verilib. “Kosmos” serialının məşhur aparıcısı Nil Deqrass Taysonun dediyi kimi: “Birinci yumurta yaranıb. Lakin onu yumurtlayan bildiyimiz toyuq deyildi!”

Müasir elmə dəqiqliklə məlumdur ki, bütün quşlar təqribən 240 milyon il əvvəl dinozavrlardan ayrılaraq təkamül ediblər. İlk qalıqları Almaniya yaxınlığında tapılmış məşhur arxeopteriks də uça bilməyən qanadlı dinozavrlarla müasir quşlar arasındakı keçid növü hesab olunur.


Yumurtanın tarixi

Yumurtanın tarixinə baxaq: balıqlardan törəyən amfibiyalar (suda-quruda yaşayanlar) ilk yumurtalarını nəm qumsallara qoymağa başladılar. Amfibiyalardan törəyən sürünənlər də eynilə yumurtlayaraq çoxalmağa davam etdilər.


DNT

Toyuqların kökünün gedib çıxdığı dinozavrlar da məhz həmin sürünənlərin bir qoludur. Dolayısı ilə bu nəsil şəcərəsinin hər bir üzvü yumurtadan çıxmışdır. Çoxalma zamanı hər iki orqanizm genetik məlumatlarını DNT vasitəsilə ötürür.

Mutasiya

Lakin DNT-nin ötürülməsi zamanı genetik kodlar 100% qorunmur və dəyişikliyə məruz qalır. Məhz bu dəyişikliklər, yəni mutasiyalar minlərlə nəsil boyunca yeni növlərin ortaya çıxmasına səbəb olur. Toyuğabənzər ilkin canlı da məhz belə bir mutasiyanın nəticəsidir.

Toyuq yumurtalarının formalaşmasına səbəb olan OV-17 adlı zülal da həmin toyuğabənzər canlıların orqanizmində yaranmışdır. Daha doğrusu, mutasiya əvvəlcə bir və ya bir neçəsində başlamış və üstünlükləri olduğu üçün nəsildən-nəslə ötürülmüşdür. Yəni həmin mutasiyalı ilk toyuqlar daha çox balalamış və bu sayədə növbəti nəsildə bu mutasiya daha çox rast gəlinmişdir. (“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir