tualet kagizi

Tualet kağızından istifadə etməməyin fəsadları – “SAĞLAMLIQ BƏLƏDÇİSİ”

Baxış sayı: 559

Dünyada pandemiya böhranının yaşanması və virusla mübarizə dövründə gigiyenik qaydaların nə qədər vacib olduğu hər kəsə bir daha məlum oldu.

Bizə müraciət edən pasientlər arasında da hər zaman rastlaşdığımız, gözdən qaçan, fikir verilməyən hallardan biri də gigiyenik qaydalar, fərdi gigiyena qaydaları və onlardan düzgün istifadəsinin göz ardı edilməsidir.

Bəzən çox nadir diqqət yetirilən, ancaq kifayət qədər xəstəliklərə səbəb olan hallar var ki, onlardan biri haqqında geniş məlumat vermək istəyirəm. Bu, tualet kağızından istifadə edilmədikdə yarana biləcək xəstəliklər və fəsadlarına aid mövzudur.

Əsasən bölgələrdə çox rastlaşılan hallardan biri odur ki, insanlar yuyunduqdan sonra ümumiyyətlə tualet kağızından istifadə etmir. Səbəbini araşdırdıqda, bizim insanlar tualet kağızının suyun əvəzləyicisi olduğunun fikrindədir. Onları da başa düşmək olar, çünki tualet kağızının istifadəsini Sovet dönəmində vahid ölkədə yaşadığımız şimal və digər sudan istifadə etməyən, tualetdən sonra təmizlənməni sadəcə tualet  kağızı ilə silinməklə həyata keçirənlərdən görüblər. Halbuki, tualet kağızının funksiyası yuyunduqdan sonra dərinin (bədənimizin ən həssas dərisi olan yerlərin) qurudulmasıdır. Su ilə yuyunma gigiyenanın təməlidir, amma yetərli deyil.

Belə ki, xəstəliklərin artdığı dönəmdə son zamanlar gələn şikayətlər araşdırıldıqda, altda yatan səbəblərdən biri tualet kağızından istifadə edilməməsi və ya düzgün istifadə edilməməsidir. Bəs tualet kağızından istifadə edilmədikdə nələrlə rastlaşa bilərik?

Su ilə yuyunduqdan sonra tualet kağızından istifadə edilməməsi bir sıra xəstəliklərə yol aça bilər. Bunların içərisində xüsusi əhəmiyyət kəsb edən infeksion (bakterial, virus, göbələk mənşəli və.s) xəstəliklərdir. Yuyunduqdan sonra tualet kağızından istifadə edilmədikdə ilk növbədə anal və vaginal bölgənin yaxşı qurudulmaması nəticəsində infeksion xəstəliklər riski artır.

Uşaqlarda istifadə edilməməsi, xüsusən qız uşaqlarında, tez-tez təkrarlanan sidik yolu infeksiyalarına (sistitə) səbəb olur. Eyni zamanda kişilərdə, xüsusən sidik ifrazından sonra yuyulması halları və yaxşı qurdulmadıqda inefksion (bakterial, göbələk mənşəli) xəstəliklərin yaranması nəticəsində qaşıntı, prostat xəstəlikləri, qızarıqlıq, cinsi bölgədən pis qoxunun gəlməsi şikayətləri ilə rastlaşırıq.

Həmçinin xanımlarda da vaginal bölgənin qurudulmaması sidik yolu, genital infeksiyalar riskini də artırır. Belə olan halda xanımlarda qaşıntılar, səpgilər, pis qoxulu axıntı şikayətləri ilə rastlaşa bilərik.

Həmçinin genital nahiyə ən çox tərləyən bölgələrdən olduğu üçün infeksiyaların inkişafı üçün əvəzolunmazdır. Bunun qarşısını almaq üçün əhəmiyyətli tədbirlərdən biri də genital nahiyəmizi quru saxlamağımızdır. Yuyunduqdan sonra tualet kağızından istifadə etməklə genital bölgəmizi qurulayıb infeksion xəstəliklərlə yanaşı hemoroidal xəstəliklər (xüsusən anal fistuların) əmələ gəlməsinin qarşısını ala bilərik.

Sual yarana bilər ki, tualet kağızı əvəzinə niyə dəsmallardan istifadə etmirik, niyə qurulanmanı onunla həyata keçirmirik? Qeyd etmək istəyirəm ki, tualet kağızından istifadə edilmədikdə, əvəzində dəfələrlə istifadə olunan dəsmal və başqa vasitələr (təkrar emal olunmuş kağızlardan istehsal olunmuş sərt boz rulonlardan, “tək rulon” adlandırılan tualet rulonundan) istifadə olunarsa, həmçinin E.Coli, Clostridium, Fusobacterium və. s kimi infeksion xəstəliklərinə yoluxmasına səbəb ola bilər.

Ona görə də qeyd edilənləri nəzərə alaraq mütləq şəkildə yuyunduqdan sonra tualet kağızından doğru şəkildə istifadə olunmalıdır. Bu, bizi yarana biləcək bir çox xəstəliklərdən qoruyacaq!

Şəxsi gigeyanaya diqqət edin! Özünüzü və sağlamlığınızı qoruyun!

 

Mərkəzi Neftçilər Xəstəxanasının həkim – infeksionisti Məhəmməd Əbilov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir