seyahet

Turizm şirkətləri vətəndaşları necə aldadır?

Baxış sayı: 24

Bu yaxınlarda Bakıdan Şuşaya səfər etmək istəyən bir qrup müəllim aldadılmışdı. Belə ki, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib. Səfərə getmək üçün 70 nəfər müraciət edib və hərəsi bunun üçün 22 manat ödəyib. Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Ə.Canızadəyə zəng çatmayıb.

Həmin zaman apardığımız araşdırma zamanı bu adda turizm şirkəti barədə heç bir məlumata rast gəlmədik.

Qeyd edək ki, turizm şirkətlərinin fırıldaqçılığına hər mövsüm rast gəlinir. Bəzi tur firmaları insanları aldadıb, pulunu mənimsəyir, ya da reklamlarında təqdim etdikləri xidməti vətəndaşlara göstərmirlər.

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirir ki, turizm firmalarına nəzarət mexanizmi yoxdur. Onun sözlərinə görə, turizm şirkətləri 2015-ci ildən lisenziyasız fəaliyyət göstərirlər: “Turizm şirkətləri Dövlət Vergi Xidmətində hüquqi və fiziki şəxs kimi qeydiyyatdan keçib, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN əldə edirlər. Bəzi turizm firmalarının vətəndaşları aldatmaları ilk hal deyil. Biz vətəndaşlara tövsiyə edirik ki, turizm firmalarına ödəniş edərkən həmin şirkəti mütləq araşdırsınlar”.

G.Mustafayeva deyir ki, yeni imzalanan “Turizm haqqında” qanuna əsasən Turizm Reyestri fəaliyyətə başlayacaq: “Turizm Reyestrinin hazırlanması üzərində işlər aparılır. Bu onlayn platforma proqram təminatı olacaq. Turizm Reyestri hazır olduqdan sonra turizm agentlikləri, turizm firmaları reyestrdə qeydiyyatdan keçməli olacaqlar. Onların etibarlılığı haqqında daha dəqiq məlumatlar reyestrdə toplanacaq. Turizm şirkətlərin reytinq cədvəlləri də formalaşdırılacaq. Artıq istehlakçılar turizm şirkətini seçərkən reyestrə daxil olaraq reytinq cədvəlinə uyğun olaraq oradan inamlı şirkətləri seçə biləcəklər”, – deyə o əlavə edib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov da bildirir ki, qanunun qəbulu bir sıra məsələləri tənzimləyəcək. Onun sözlərinə görə, qanunda ən mühüm məqamlardan biri yerli turizm şirkətlərinin qeydiyyatdan keçməsidir.

Şura sədri bildirir ki, hazırda turizm sahəsindən sui-istifadə edən insanlar da var, hansı ki, onların ofisi, qeydiyyatı yoxdur, servisləri çox aşağıdır. Bu da turizm sektorunda qeyri-sağlam rəqabətə səbəb olur: ” Ölkəmizdə kifayət qədər nüfuzlu, peşəkar turizm şirkətlərinin işinə mane yaradır. Əksər hallarda qeydiyyatsız turizm şirkətləri fırıldaqçılıqla məşğul olurlar. Onlar müştərilərə mövcud olmayan tur paketlər sataraq aldadırlar”.

Qeyd edək ki, “Turizm haqqında” qanun Azərbaycanda turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını, turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir. Turoperator, turagentlərin mülki məsuliyyətinin sığortası qanunda öz əksini tapıb. Qanunda turizmdə xidmət keyfiyyətinin yüksəldilməsi, turoperator, turagentlərin turizm zərfinin yaxud turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməsi, eləcə də müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlaması, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mehmanxanaların (hotellərin) ulduz kateqoriyası əldə etməsi, turizm bələdçilərinin sertifikatlaşdırılması, turizm sənayesi subyektlərinin etik davranış kodeksləri və digər məqamlar haqqında hüquqi çərçivə öz əksini tapıb.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir