Uşaqları kitaba alışdırmaq istəyən valideynlərin ən çox etdiyi səhvlərdən biri – təkid və hədədir. Amma unutmayın, bu cür yanaşma uşağın marağını artırmaq əvəzinə, əksinə, onlarda daha çox etiraz doğurur. Sirr sadədir: məcbur etmək əvəzinə, maraq yaratmaq lazımdır. Əgər uşaq kitabı özü istəmirsə, deməli, hələ doğru mühit formalaşmayıb.
1) Kitabı “görünən” edin, amma deməyin
İlk addım – uşağın təbii marağını oyatmaqdır. Bunun üçün kitabları onun gündəlik həyatının bir parçasına çevirmək kifayətdir. Parlaq şəkilli, qısa mətnli kitabları evin müxtəlif nöqtələrinə yerləşdirin: divanın üstünə, kompüter masasının kənarına, ya da sadəcə uşaq otağının döşəməsinə. Bu zaman vacib bir qaydanı yadda saxlayın – heç bir şərh verməyin. “Oxu!” deməyin, xatırlatmayın, soruşmayın. Qoy bu kitablar uşaq üçün oyuncaqlar kimi əlçatan və təzyiqsiz görünsün.
2) Səslə oxuyun – amma sona qədər yox
Uşaqlar ifadəli səslə oxunan mətnləri çox sevirlər. Sizə maraqlı gələn bir hekayə seçin və onun müəyyən hissəsini yüksək səslə, duyğularla oxuyun. Ən maraqlı yerdə isə qəfildən dayanıb deyin:
“Eh, indi zəng etməliyəm… Davamını sonra oxuyarıq.”
Bu qeyri-müəyyənlik uşağın təxəyyülünü hərəkətə gətirir. O, hekayənin necə bitəcəyini bilmək istəyəcək və çox zaman özü kitabı götürüb baxacaq. Əvvəlcə yalnız şəkilləri izləyəcək – bu da oxumağa gedən yolda ilk təbi haldır. Zamanla mətnləri də araşdırmağa başlayacaq. Əgər siz bu kitabı “bitməmiş” şəkildə gözəçarpan yerə qoysanız, maraq daha da güclənəcək.
3) Nə oxuyursa, qoy oxusun
Oxumaq dedikdə yalnız klassik uşaq ədəbiyyatını nəzərdə tutmayın. Əgər uşaq komikslərlə maraqlanırsa – qoy oxusun. Dinozavrlar, robotlar, ya da oyuncaqların təlimat kitabçaları da bura daxildir. Oxumağın forması deyil, vərdişin özü vacibdir.
Bundan əlavə, valideyn kimi siz də nümunə olmalısınız. Əgər uşağınız sizi daim telefona baxan vəziyyətdə görürsə, kitab haqqında verdiyiniz məsləhətlər inandırıcı səslənməyəcək. Bunun əvəzinə hər axşam qısa bir “ailəvi sakit oxu saatı” təşkil edin. Hər kəs – siz də daxil olmaqla – bir kitab götürsün və səssizcə oxusun. Bu 10-15 dəqiqəlik gündəlik vərdiş uşağın yaddaşında iz buraxacaq və zamanla dərin oxuma alışqanlığına çevriləcək.