Müasir cəmiyyətdə uğur və nailiyyət mərkəzli yanaşmalar, bəzən uşaq psixologiyasında dərin izlər buraxır. Uşaqların təkcə yaxşı nəticələr göstərməsi deyil, hətta hər şeydə mükəmməl olması gözlənilir. Bu isə onların daxili dünyasında ağır bir psixoloji yükün yaranmasına səbəb olur. Perfeksionizm – yəni hər şeyi qüsursuz etməyə çalışma – əslində yüksək standartlara can atmaqla səhv salınsa da, bu xüsusiyyətin həddi aşdıqda özünütənqid, qorxu və narahatlıq kimi mənfi hisslərlə müşayiət olunduğu müşahidə olunur.
Perfeksionizmin uşaq psixikasına təsiri
Uşaqlarda perfeksionist davranışlar adətən erkən yaşlarda formalaşmağa başlayır. Valideynlərin, müəllimlərin və ya cəmiyyətin “ən yaxşı olmalısan”, “sən bacararsan, sadəcə daha çox çalış”, “məğlub olmaq olmaz” kimi ifadələri bu təmayülün güclənməsinə zəmin yaradır. Belə uşaqlar səhv etməkdən qorxur, uğursuzluğa qarşı dözümsüz olur və özlərini yalnız nəticə ilə qiymətləndirirlər.
Nəticə etibarilə bu cür psixoloji gərginlik:
Davamlı narahatlıq və stress hissinə,
Özünə qarşı sərt və tələbkar münasibətə,
Öz dəyərini yalnız nəticə ilə ölçməyə,
Sosial əlaqələrdə çətinliklərə,
Uğursuzluqdan yayınmaq üçün fəaliyyətə başlamaqdan imtinaya səbəb ola bilər.
Nəticə yönümlü təzyiqlərin təhlükəsi
Bir çox valideynlər və müəllimlər uşaqdan yüksək nəticə gözlədikdə, bu məqsədi stimullaşdırıcı vasitə kimi qiymətləndirirlər. Halbuki, uşaq yalnız nəticəyə fokuslananda öyrənmə prosesindən zövq almağı, səhvlərdən öyrənməyi və sınaqlara açıq olmağı unudur. Bu da onun şəxsiyyətinin inkişafını əngəlləyə bilər.
Ən təhlükəlisi isə odur ki, nəticə əldə etmədikdə uşaq özünü uğursuz, dəyərsiz və qəbul edilməyən biri kimi hiss edir. Bu, onun özünə hörmətini və motivasiyasını aşağı salır, gələcəkdə təşəbbüskarlıqdan uzaq, passiv və qorxaq biri kimi formalaşmasına gətirib çıxara bilər.
Valideyn və müəllimlərə tövsiyələr
Prosesi qiymətləndirin, təkcə nəticəni deyil. Uşağın göstərdiyi səyi, çalışqanlığı və irəliləyişini görün.
Səhv etmək haqqıdır. Uşaqlara səhvlərin inkişaf üçün vacib olduğunu başa salın.
Müqayisə etməyin. Uşağı başqa biri ilə deyil, onun öz dünəni ilə müqayisə edin.
Qəbul və dəstək hiss etdirin. Uşaq bilməlidir ki, o nəticədən asılı olmayaraq dəyərlidir.
Daxili motivasiyanı gücləndirin. Təriflər yalnız nailiyyətlərə görə deyil, davranışlara və əzmə görə də verilməlidir.
Nəticə olaraq perfeksionizm və nəticə yönümlü təzyiqlər uşaqların sağlam psixoloji inkişafına ciddi maneə törədir. Uşaqların daha sağlam, azad və öz gücünə inanan fərdlər kimi formalaşması üçün onların təbii inkişafını dəstəkləmək, səhv etmək və təcrübədən öyrənmək haqqına hörmətlə yanaşmaq vacibdir.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)
Yazını oxudum və çox təsirləndim. Mənim oğlum həmişə “ən yaxşısı olmalısan” fikri ilə böyüyüb. Müəllimləri və bəzən mən də ona çox təzyiq edirik ki, nəticə mükəmməl olmalıdır. Amma indi düşünürəm ki, bu, onun psixoloji vəziyyətinə necə təsir edir. Bəzən səhv etməkdən qorxur və bu, ona böyük yükdür. Mənə sual doğurur: Oğlumun özünə inamını necə artıra bilərəm və nəticə ilə yanaşı, zəhmətini necə qiymətləndirə bilərəm?
Oxuyarkən öz uşaqlığım gözümün önünə gəldi. Hər zaman mükəmməl olmağa çalışmışdım və indi baxıram ki, bu yükü indi də oğluma ötürürəm.
Mənim nəvəm hər zaman ən yaxşısını etməyə çalışır, amma hər dəfə səhv etdikdə çox üzülür. Düşünürəm ki, nəticələrə çox önəm veririk, amma uşaq səhv etməkdən öyrənməyi unudur. Valideyn olaraq biz nə etməliyik? Onu necə dəstəkləyərək bu yolda düzgün yönləndirə bilərik?
Perfeksionizm illərlə “çalışqanlıq” kimi təqdim edilib, amma bu yazı çox aydın şəkildə göstərdi ki, həddini aşanda ciddi fəsadlar yaradır. Uşağın daxili rahatlığı hər şeydən önəmlidir. Sadə, aydın və təsirli yazıdır.
Bu yazı məni ciddi düşündürdü. Bəzən uşaqlarımızın nəticələrini qiymətləndirərkən, onların göstərdiyi səyi göz ardı edirik. Bizim də öz övladımıza qarşı həddindən artıq tələbkar olduğumuzu hiss edirəm. Özümüzü necə dəyişdirə bilərik ki, uşaqlarımıza daha az təzyiq qoya bilək? Həmçinin, uğursuzluqdan qorxan bir uşaq necə təşəbbüskar ola bilər?
Məqalənin sonunda verilən tövsiyələr çox yerində idi. Lakin mənim üçün əsas sual yaranır: Uşaqlara səhvlərdən öyrənməyi necə düzgün izah etmək olar ki, onlar bunu qəbul etsinlər? Mənim kiçik qızım çox mükəmməl olmağa çalışır və kiçik səhvlərdən sonra özünə çox sərt yanaşır. Onu daha rahatlaşdırmaq üçün nə etməliyəm?
Mən bu yazını oxuyanda həm təsirləndim, həm də bir az kədərləndim. Çünki övladımın bəzən yaşadığı təzyiqin hardan qaynaqlandığını indi daha yaxşı anlayıram. Sözün həqiqi mənasında göz açan bir yazıdır.
Əla mövzudur, çox vaxt diqqətdən kənarda qalır. Uşaqların inkişafı üçün onları qorumaq deyil, dəstəkləmək lazımdır. Bu yazı həm valideynlər, həm də müəllimlər üçün bir növ “güzgü”dür. Oxumağa dəyər
Bu mövzu bizim ailədə tez-tez müzakirə olunur. Çünki qızım daim özünü tənqid edir, kiçik uğursuzluqları belə böyüdür. Bu yazı mənə göstərdi ki, tək deyiləm. Ən azı hansı yanaşmaların zərərli olduğunu anladım.
Yazıda vurğulanan ən vacib məqam səhv etmək haqqıdır. Mənim uşağım məktəbdəki hər uğursuzluqdan sonra çox narahat olur və özünü çox pis hiss edir. Nəticə etibarilə, ona necə daha çox dəstək ola bilərəm ki, bu cür təzyiqləri aşmağa başlayıb daha pozitiv düşüncələrə sahib olsun?