vALIDEYN

Uşaqları sevmək yaxşıdır, amma…

Baxış sayı: 770

Uşaqların düzgün tərbiyə edilməsində ata-ananın övladları ilə münasibəti kimi, bir-birilərilə münasibətinin də əhəmiyyəti olduqca böyükdür. Hər bir valideyn övladının tərbiyəli olmasını istəyir. Belə bir övlad yetişdirmək isə xüsusi qayğı və diqqət göstərilməsi ilə şərtlənir. Həm də təkcə övladlara qarşı deyil…

Uşaqlar fitrətlərinə uyğun olaraq dünyaya pak gəlirlər. Gələcəkdə onların şəxsiyyət kimi formalaşması isə kənar faktorlar da daxil olmaqla, bir çox amillərlə bağlıdır. Həmin amillərin əsasını təşkil edən, şübhəsiz ki, ailə tərbiyəsidir. Ailə tərbiyəsi uşağın yaşadığı mühit, oturub-durduğu çevrə, təhsil aldığı məktəb, təhsil verən müəllimlər və s. kimi faktorlardan daha ön sıradadır və sanki şəxsiyyətin bünövrəsi onunla qurulmuş olur. Bu bünövrəni quranlar isə ata və analardır.

Uşaqlar, xüsusilə kiçik yaşlarda valideynlərinə çox bağlı və onlara qarşı xeyirxah və mehriban olurlar. Bu fitri hisslərin getdikcə zəifləməməsi, əksinə, digər insanlara da yönəlməsi isə valideynlərdən asılıdır. Xeyirxah və mehriban bir övlada sahib olmaq üçün sevgi dolu bir ailə həyatı təmin edilməlidir. Bunun təməlini isə təşkil edən valideynlərin övladlarına qarşı göstərdikləri doğmalıqla bərabər, bir-birilərinə qarşı da doğmalıq münasibəti bəsləməsidir.

valideyn

Ailədə ata-ananın uşaqlarla xoş davranıb, amma bir-birilərilə soyuq davranması uşaqların psixikasına mənfi təsir göstərir və gələcəkdəki böyük fəsadlara yol açır. Uşaq ailə mühitində mehribanlıq ab-havasını hiss etməli, valideynlərin bir-birini sevdiyinin, bir-birinə qayğı göstərdiyinin şahidi olmalıdır. Ailədə yaranan söz-söhbətlər, hətta kiçicik mübahisələr uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Bu məqamı valideynlər mütləq nəzərə almalıdırlar və öz aralarında hər hansı anlaşımazlıq yarandıqda, bunu uşaqlara bildirməməli, üzə vurmamalı, onlardan kənarda həll etməlidirlər.

Uşaqlar belə düşünməməlidirlər ki, mehribanlıq və qayğı hissləri yalnız kiçik yaşlılara göstərilər. Təəssüflər olsun ki, cəmiyyətdə bir çox ailələrdə buna əhəmiyyət verilmir. Belə olduqda, tərbiyə alıb böyüyən yeni nəsil, onların yaratdığı cəmiyyət mehribanlıq hissindən məhrum olar. Belə qəbul edilər ki, yalnız uşaqlarla gülərüz olub xeyirxah davranmaq lazımdır. Qalanlarına qarşı bu hisslər öz əhəmiyyətini itirər…

valideyn

Övladını sevən, onu sağlam böyütməyin, ona dəstək olmağın vacibliyinə inanan valideynlər nəinki bir-birinə, həm də digər insanlarla da mehriban davranmalı, öz nümunələrində mehribanlıq və xeyirxahlığı övladlarına nümayiş etdirməlidirlər. Uşaqlar valideyinlərin yaxşı xasiyyətlərindən qidalanıb xeyixah bir insan kimi tərbiyə alıb böyüyə bilərlər. Ümumiyyətlə, övladlar ana-atalarını model olaraq götürürlər. Odur ki, övladlarını sevdiyini və onlara gözəl tərbiyə verdiyini düşünən valideynlər mütləq sözügedən məqamları nəzərə almalı, ailə ocağında bunu həyata keçirməlidirlər. Bilməlidirlər ki, bir-birinə qarşı kiçicik bir kobudluq belə övladlarının tərbiyəsini pozan böyük bir yanlışlıqdır. Odur ki, ən azından övlarlara xatir, opnların xoşbəxtliyi naminə ailə ocağında mehribanlıq ab-havası hökm sürməli, uşaqlar xoşbəxt bir ailədə yaşadığını hiss etməlidirlər.

Bu məsələ ilə bağlı mühüm nüanslardan biri də, məsələnin mənəvi cəhətini uşaqlara anlatmaqdır. Öz praktik davranışları ilə nümunə olan valideynlər övladlarına bu xüsusiyyətin Allahın buyruğu olduğunu bildirməlidirlər. Dinimizin insanın digərlərilə xoş davranmasını, görüşdükdə salam verməsini, təbəssümlə yanaşmasını, danışdıqda gözəl sözlərlə danışmasını buyurduğunu açıqlamalıdırlar. Uşaq bilməlidir ki, bu gözəl əxlaqi davranış insanın cəmiyyətlə bərabər, Allah qarşısındakı bir öhdəliyidir və ən əsası, insanın dünya və axirətdə xoşbəxt bir insan kimi yaşamasını təmin edir. Yəni xoşbəxt olmağın yolu insanlara qarşı xeyirxah olub, onlarla mehriban davranmaqdan keçir!..




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir