Metanet Memmedova

Uşaqları Tiktok fenomeninə çevirməyin!

Baxış sayı: 340

Nə olar, valideynlər, uşaqlara qıymayın. Onları sosial şəbəkələrdə danışdırıb, şirin-şəkər söhbətlərini öz məqsədiniz üçün istifadə etməyin.

Yəqin hər kəs Tiktok sosial şəbəkəsinə valideynləri tərəfindən nə qədər uşağın cəlb edildiyinin şahididir. Valideynlər onları danışdırır, videolarını çəkir, hərəkətlərini, rəqslərini videoya alıb paylaşır. Minlərlə baxan və bəyənən də olur.

Məqsəd nədir? Qazanc əldə etməkdən başqa düşünürəm ki, heç nə. Lakin gəlin, bir az düşünək, görək, bu gül kimi uşaqları minlərlə, milyonlarla insanın görməsi, “bəyənməsi” nə qədər düzgündür? Şirin-şəkər söhbətini dinləyib onun üzərinə mənfi enerjisini buraxması, şirin görünüşünə nəfəs ötürməsi lazımdırmı?

Bəlkə də valideynlər bunu düşünmür, bəlkə də mənfi enerji, bədnəzər haqqında müfəssəl məlumata malik deyil. Lakin inansınlar ki, mənfi enerjili və bədnəzər insanlar var. Kiminin övladı yoxdur, kiminin övladı yanında deyil, kimi övladını istədiyi kimi böyüdə bilmir, kiminin gözü qarşısında övladı xəstəlikdən əziyyət çəkir və sair.

Bizim övladlarımız nə üçün reklam hədəfi olmalıdır? Nə üçün onları bütün dünya görməlidir. Yeri gələndə nə bilirsiniz ki, həmin videolardan istifadə edənlər yoxdur..

Bəs belə isə gül kimi, çiçək ətirli, şirin dilli uşaqların nə üçün videolarını çəkib paylaşırsınız? Onları nə üçün hər kəsə göstərirsiniz? Axı onların yeri bu gün uşaq bağçaları, məşğuliyyəti isə dostları, rəfiqələri ilə birlikdə şirin-şirin oynaması olmalıdır. Onların yeri sizin yanınız-hüzur tapacağı yer olmalıdır: sakit, qayğı hiss olunan bir yer. Bu yer Tiktok sosial şəbəkəsi deyil, onların əzizlərinin yanı, qorunma, güvən altında olduğu yer olmalıdır.

Biz uşaqları, sözün həqiqi mənasında, hər kəsdən qorumalıyıq. Onları özlərini dərk edənədək qorumaq hər bir valideynin borcudur. Bəlkə də onlar böyüyəndə bu videolara görə narazılıqlarını bildirəcəklər. Biz onların uşaq dünyasından istifadə edib nə üçün belə hərəkətlərə yol veririk?

Onu anlamaq lazımdır ki, uşaq anadan olan andan etibarən şəxsiyyətdir və sağlamlığı, təhsili xaricində razılığı olmadan onunla bağlı müstəqil qərar vermək olmaz. Belə isə uşaqların özlərini hələ anlaya bilməməsindən sui-istifadə nə qədər düzgündür? Onları qazanc vasitəsinə çevirmək, onlar vasitəsilə gəlir əldə etmək nə dərəcədə doğrudur?

Tiktokda anası Hüseyn adlı uşağı danışdırıb videolarını çəkir. Bu uşaq həqiqətən çox yaraşıqlıdır. Dili də o qədər şirindir ki, onu sevməmək mümkün deyil. Hər dəfə onunla bağlı videolara baxanda valideynlərinə qarşı ürəyimdə bir ikrah hissi yaranır: nə üçün bu uşağı hər kəsə göstərirlər? Axı ona nəzər toxuna bilər, xəstələnər, başına hər hansı bir hadisə gələ bilər.

Tək Hüseyn deyil, Tiktokda onlarla belə uşaq var. Hüseynin simsında onların hər birinin valideyninə üz tutub, “belə səhv etməyin!”,- demək istəyirəm. Heyifdir bu uşaqlar. Onları dünyanın gözü qarşısına çıxarıb, hər kəsin mənfi enerjisi ilə üz-üzə qoymayın. Axı onlar çiçəkdir, çiçəklərsə bir nəzərlə sola bilir.

Uşaqları qoruyaq, onları öz dünyasından kənara çıxarmayaq. Bu barədə əməlli-başlı düşünək. İnanın, sabah gec ola bilər.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir