internet

“Uzaqdan iş” internet istehlakını artırdı: keyfiyyət isə hələ də aşağıdır

Baxış sayı: 151

Azərbaycanda koronavirus pandemiyası fonunda bütün dünyada olduğu kimi  internet trafikinin istehlakı da artdı. Şəbəkənin keyfiyyəti hələ də arzuolunmaz olsa da, ölkədə göstərilən xidmətlərin həcmi demək olar ki, 27 faiz artıb.

Artan istehlakın səbəbləri olduqca başa düşüləndir – karantin dövründə əhali internetdən daha çox istifadə etməyə başladı. Xatırlayırsınızsa, son bir ildə qlobal şəbəkəyə artan tələbatla birbaşa əlaqəli bir neçə əhəmiyyətli hadisə baş verdi. Bunlar təhsil müəssisələrinin onlayn təhsilə keçməsi, dövlət və özəl şirkətlərdə çalışan işçilərin əksəriyyətinin “uzaqdan iş” rejiminə keçməsidir. Elə ticarət və iaşə müəssisələri də elektron sifarişlərə keçdi.

Nəhayət, karantin səbəbindən evlərində kilidlənən vətəndaşlar restoranları, idman salonlarını və teatrları ziyarət etmək imkanına sahib olmayaraq, vaxtlarını internetdə keçirməklə “öldürür”dülər.

Bir sözlə, tələbatın artması üçün kifayət qədər ön şərtlər var idi və buna görə də əhaliyə göstərilən internet xidmətlərinin həcmi 26,7 faiz, pulla – 199,1 milyon manata qədər artdı. Təbii ki, xərclər də artıb. Koronavirus pandemiyası ilində əhali internetə 30,4 faizdən çox – 124,2 milyon manat çox pul xərcləyib. Eyni zamanda, son bir ildə əhalinin informasiya və rabitə xərclərinin strukturunda internetin payı 8,5 faizdən 10,5 faizə yüksəldi. İl ərzində vətəndaşlar mobil rabitə üçün 940,3 milyon manat ödəyiblər. Statistikaya görə özəl sektorda gəlirləri 29,4 faiz artan 36 internet provayderi var.

Ölkənin bölgələri normal olaraq qlobal şəbəkə ilə əhatə olunsaydı, bu rəqəmlər daha böyük ola bilərdi. Belə çıxır ki, istehlakın artması və xidmət səviyyəsinin artırılması ADSL və adi mis telefon kabelləri ilə işləyən internetin keyfiyyəti ilə uzlaşmır. Təsadüfi deyil ki, distant təhsil problemi ölkədə varlı və aztəminatlı ailələr arasındakı uçurumu daha da dərinləşdirdi. Yoxsul ailələr, bölgə sakinləri və hətta daha çox dağlıq bölgələrdə elektrik və internet problemi ilə əlaqədar distant təhsil o qədər də əlçatan deyil – ya çox zəif internetə malikdirlər, ya da ümumiyyətlə yoxdur.

Osman Gündüz:

“Azərbaycanda İnternetin mövcudluğu və keyfiyyəti ilə bağlı çətinliklər uzun müddətdir həllini tapmır. Hökumət bunları həll etmək üçün müəyyən səylər göstərsə də, hələ ki, reallaşmayıb. Sözügedən problem, xüsusilə Bakı ətrafındakı ərazilərdə əhalinin az yaşadığı bölgələr və kəndlərdə daha çox aktualdır. Ötən il dövlət paytaxtətrafı internetin keyfiyyətini yaxşılaşdırmaq üçün kifayət qədər böyük vəsait ayırdı, amma hələ ki, heç bir real nəticə müşahidə olunmayıb”, – deyə “Multimedia ”İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, İKT üzrə ekspert Osman Gündüz bildirir.

Onun sözlərinə görə, qonşu ölkələrin bəzi üstünlükləri var, amma oxşar problemlər onlardan da yan keçmir. Eyni zamanda, bir çox ölkələrdə bu problemin həllinə yanaşmalar, xüsusən də ucqar və az məskunlaşmış bölgələrə münasibətdə əhəmiyyətli dərəcədə dəyişib.

Profil nazirliyimiz vəziyyətdən çıxış yolunu dövlət-özəl tərəfdaşlıq çərçivəsində, yəni dövlət təminatçıları “Aztelekom” və ya “Baktelecom”un digər özəl şəbəkə təminatçıları ilə əməkdaşlıq formatı çərçivəsində axtarmaq niyyətindədir: “Qurum artıq bu məsələ ilə bağlı açıqlamalar verib. Lakin bu cür əməkdaşlığın prinsipləri, dövlət və özəl provayderlərin hüquq və vəzifələri hələ açıqlanmayıb. Kəndlərdə yeni magistral şəbəkənin necə qurulacağı, hansı texnologiyalardan istifadə ediləcəyi barədə məlumat verilməyib. Nəhayət ki, bu infrastrukturu kim quracaq və onu idarə edəcək? Eyni zamanda, qonşu ölkələr son vaxtlar əhalisi az olan və ucqar bölgələrdə internetə çıxış probleminə daha innovativ yanaşma nümayiş etdirdilər. Belə ki, Qazaxıstan, Qırğızıstan və Gürcüstan artıq peyklərdən internet alaraq, bu ərazilərdə yüksək keyfiyyətli internetə çıxış problemini həll etmək üçün “StarLink” və “One Web” ilə danışıqlar aparmaq niyyətindədir”.

“Starlink” və “OneWeb” dünyanın istənilən nöqtəsində şəbəkəyə çıxış təmin edən qlobal peyk sistemləridir. Ekspert izah edir ki, Azərbaycanda peyk internetinin əldə olunmasının mümkünlüyü ilə bağlı heç bir rəsmi məlumat yoxdur: “Amma “Azərkosmos”un son açıqlamalarına əsasən, bəlkə də belə bir imkanınmız var. Məsələn, bu yaxınlarda “Azərkosmos” kosmik kommersiya  fəaliyyəti ilə məşğul olan Çinin tanınmış şirkəti “Satelliteherd” ilə əməkdaşlıq müqaviləsi imzaladı. Ümumiyyətlə, gələcəkdə “Azərkosmos”un da qlobal peyk sistemləri vasitəsi ilə şəbəkəyə çıxış təmin etməsi mümkündür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir