mekteb

Valideynlərin məktəb dərdi

Baxış sayı: 289

Azərbaycanda orta məktəblərə, məktəbəqədər hazırlıq bölmələrinə, bağçalara qəbul elektron qaydada aparılır. Reallıqda bu sistem valideynlərin işini yüngülləşdirmək məqsədi daşısa da, əvəzinə onların işini xeyli artırıb. Valideynlərin ən çox rastlaşdığı problem isə yaşadıqları ərazidə yerləşən təhsil müəsisələrində, bağçalarda boş yer tapa bilməmələridir. Belə ki, elektron qaydada müraciət edənlər yaşadıqları əraziyə yaxın məktəbləri seçirlər. Ancaq nədənsə, həmin məktəbdə “yer olmur”. Aidiyyəti qurumlar isə daha uzaq ərazidə yer olduğunu bildirir və valideynlərə övladlarını oraya yerləşdirməyi uyğun bilir.

Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov da bu istiqamətdə problemlərin olduğunu təsdiqləyir. Onun sözlərinə görə, qəbulun elektron qaydada aparılması vətəndaşların təhsil hüququnu pozur: “Azərbaycan qanunvericiliyinə əsasən, hər bir şəxsin hüququdur ki, lisey, gimnaziyalar istisna olmaqla, uşağını hansı məktəbdə istəyirsə, o məktəbdə də oxutdursun. Elektron qəbul şagirdlərin istədikləri məktəbdə təhsil almaq hüququnu məhdudlaşdırır. Eyni zamanda, proses elektron qaydada aparıldığından xüsusi təhsilə ehtiyacı olan uşaqlarla bağlı vəziyyət tənzimlənmir. Qeydiyyat elektron qaydada baş verdiyindən valideyn də müxtəlif yollarla ərazidə olan poliklinikadan uşağının sağlam olmasına dair arayış alır. Amma dərslər başlayanda həmin uşaq onunla bərabər təhsil alan uşaqların öyrənmələrinə mane olur. Yəni, bu sistem tənzimlənməlidir və vətəndaşların təhsil hüququnu məhdudlaşdıran amillər aradan qaldırılmalıdır”.

Ekspert vurğulayır ki, valideynlər tərəfindən yaşadıqları ərazidə məktəb və bağçalarda boş yer olmaması ilə onlara da çoxsaylı müraciətlər daxil olur: “Bu çox ciddi problemə çevrilib. Hazırda ölkədə 4432 məktəb var, onun təxminən 2400-dən çoxu tam orta məktəbdir. Mərkəzi şəhərlərdə yerləşən məktəblər iki, bəzən üç növbəli fəaliyyət göstərir. Yəni, şagird sıxlığı mövcuddur. Baxmayaraq ki, ölkədə 3800-dən artıq məktəb yeni tikilib və ya əsaslı təmir olunub. Hətta ölkə Prezidenti 2019-cu ildə təkcə Bakı şəhərində yeni tədris korpuslarının tikilməsinə 47 milyon manat vəsait ayırıb. Amma yenə də ən böyük problem Bakı, Abşeron və Sumqayıt şəhərlərindədir. Eyni zamanda, digər mərkəzi şəhərlərdə də sıxlıqla bağlı problem var.Ümumiyyətlə, bu problem təkcə Naxçıvanda həllini tapıb. Naxçıvanın 211 məktəbi var. Orada iki növbəli məktəb anlayışı yoxdur. Hesab edirəm ki, bununla bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır və iri şəhərlərdə yeni məktəblər, yaxud da məktəb korpusları tikilməlidir. Çünki iki, üç növbəli təhsil prosesində hansısa inkişafdan danışmaq yersizdir”.

Mütəxəssis onu da vurğulayır ki, bu ümumtəhsil müəssisələrinin birinci sinifinə təxminən 120 min uşağın qəbul olunması proqnozlaşdırılır: “Bu statistika hər il dəyişir. Təxminən 120 minə yaxın uşağın birinci sinifə qəbul olacağını gözləyirik. Məktəbəhazırlıq qruplarına isə təqribən 90 min uşağın qəbul ediləcəyi proqnozlaşdırılır. Bağçalarla bağlı vəziyyət isə bir qədər fərqlidir, burada problem böyükdür. Hazırda bağça yaşlı uşaqların sayı 600 mindir. Ümumilikdə ölkədə 1950 bağça var. Onların tutumu da 18 minə qədərdir. Amma bu il ortalama 3-4 min uşağın bağçalara qəbulu proqnoz edilir”.

 

Sevinc Osmanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir