218728_7o4t0k3a6w

Xəyallar və reallıqlar – NATƏVAN ABDULLA YAZIR

Baxış sayı: 595

Uşaqlıqlarda yaradıcı təxəyyülün inkişaf etdirilməsi birbaşa beynin də inkişafına böyük köməklik göstərir. Bu baxımdan da uşaqların təxəyyülünü məhdudlaşdırmağa çalışmaq onun beyin inkişafına mənfi təsir göstərən başlıca amillərdən biri kimi qiymətləndirilir.

Yetkinlik dövründə də xəyal qurmaq bacarığı hər birimizin həyatında çox mühüm rol oynayır. Xəyallarımız sayəsində arzularımızı və həyatımızı proqramlaşdırırıq. İşləmək və istədiklərimizə nail olmaq əzmi həm də qurduğumuz xəyallardan güc alır. Həyatda uğur qazanan insanlara baxsaq görərik ki, onların böyük əksəriyyəti öz arzularına inanıb, onun arxasınca gedənlərdir.

Xəyal qurmaq insan beynini proqramlaşdırır. Əldə edə bildiyimiz və ya edə bilməyəcəyimiz hər hansı bir şeyin xəyalı beynimizdə kimyəvi reaksiyaya səbəb olur. Beynimiz hətta bu xəyalları gerçəkləşdirmək üçün virtual görüntülər yaratmağa başlayır və onu həyata keçirmək üçün ipucular formalaşır.

İstər uşaqlıq çağlarında, istərsə də yaşımızın irəliləyən dönəmlərində xəyal qurmaq bacarığına sahib olmağımız və bundan istifadə etməyimizin bizə bir çox müsbət təsirləri var. Çoxlarına görə, bu, həm uğurun, həm də müsbət enerjinin mənbəyidir.

Amma dahi Nizami Gəncəvinin də dediyi kimi, “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.

Artıq xəyal qurmağın üzə çıxardığı problemlər elm dünyasında “Maladabtive daydreaming”, yəni “Xəyali gerçəklik” adlanır. Xəyali gerçəklik, başqa sözlə desək, xəyalların nəzarətdən çıxması insanları həyatdan uzaqlaşdıran və daima xəyal qurmağa aparan psixiatrik vəziyyətdir. Bu, insanın həddindən artıq xəyal qurmasının insanlarla ünsiyyəti əvəz etdiyi və gündəlik işlərə mane olan bir vəziyyətdir.

“Maladaptive Daydreaming” adlandırılan bu psixiatrik sindromu İsrailin Hayfa Universitetinin professoru Dr. Eliezer Somer kəşf edib. Bu hal birdən-birə yox, zamanla insanın öz duyğularını və reallığı dərketmə qabiliyyəti zəiflətdikdə ortaya çıxdı. Bu cür xəyalpərəstlik əksər insanlar üçün gündəlik həyatlarının ayrılmaz bir hissəsinə çevrilib.

Kiçik yaşlardan özünü göstərən bu tip xəyalpərəstlik, uşaqlarda sosial mühitə marağın itməsi və xəyallara dalmağın daha da güclü olması ilə müşahidə olunur.

Əksər insanlar isə bunun 14-15 yaşlarından başladığını və illər ötməsinə baxmayaraq, günlərini xəyal quraraq keçirdiklərini deyirlər. Bu insanlara şizofreniya diaqnozu qoyulsa da, onlar əslində şizofren deyil. Çünki onlar xəyallarının gerçək olmadığını qəbul edirlər.

Bəs özümüzün, yaxud uşaqlarımızın bu cür xəyalpərəstliyə meyilli olduğunu necə anlaya bilərik?

Bunu anlamaq üçün problemin ümumi simptomlarına nəzər salmaq lazımdır. Xəyali gerçəklik problemi

– Öz yaratdığı personajlarla hekayə tərzi xəyallara dalmaq;

– Real həyatdakı hadisələrdən təsirlənərək yaranan xəyallar qurmaq;

– Xəyalların gündəlik görüləcək işlərin yerinə yetirilməsinə mane olması;

– Gecələr yatmaqda çətinlik;

– Xəyal qurmağa davam etmək arzusu;

– Xəyal qurarkən eyni hərəkətləri təkrarlamaq;

– Xəyal qurarkən üz ifadələri, jestlər və mimikalarla hərəkət etmək;

– Xəyal qurarkən pıçıldamaq və danışmaq;

– Uzun müddət (saatlarla) xəyal qurmaq kimi simptomlarla müşahidə olunur.

Bu cür insanlar gündəlik öhdəlikləri və rutinləri ilə barışmaq əvəzinə, daxili dünyalarına qərq olduqları üçün özlərini dəli hesab edirlər. Amma Psixi Pozuntular Diaqnostik və Statistik Təlimatında (DSM) bu vəziyyət rəsmi olaraq psixiatrik xəstəlik kimi tanınmır. Doktor Somer isə bu vəziyyəti aşağıdakı ifadələrlə izah etdi: “Müxtəlif populyasiyalarda əlavə tədqiqatlar aparılmalı və bu müşahidələr genişləndirilməlidir. Eyni zamanda, bu prosesdə iştirak edən beyin mexanizmlərini və niyə beynin xəyal qurmaqdan bu qədər asılı olduğunu daha yaxşı anlamaq üçün neyroiminq tədqiqatları aparmalıyıq”.

Xəstəlik olaraq rəsmi şəkildə təsdiqini tapmasa da, bu problemin insanları fiziki dünyada fəaliyyətsizləşdirdiyi və gündəlik öhdəlikləri vaxtında icra edə bilməyəcək vəziyyətə saldığı məlumdur. Bunlar isə insanın həyatını çətinləşdirən amillərdir.

Bəs o zaman yeniyetmələrdə, həmçinin, yetkin insanlarda xəyali gerçəklik problemini aradan qaldırmaq üçün hansı üsullardan istifadə edilir?

Hələ ki, belə xəyalpərəstliyin diaqnozu ilə bağlı heç bir konkret üsul yoxdur. Amma mütəxəssislər bu problemin, yəni insanların real düyadan qoparaq xəyallarda yaşamasının bəzi travmaların nəticəsi olduğunu deyirlər. Bu, real həyatın çətinlikləri, xatırlamaq istəmədiyimiz hər hansı bir problemdən uzaqlaşmaq üçün beynimizin müdafiə mexanizmi kimi də dəyərləndirilir. Uşaqlarda isə diqqətdən və ünsiyyətdən kənar qalmaq xəyal dünyasına qapılmağa yol açan amillərdir.

Uşaqlıq və yeniyetməlik yaşlarında böyük problem kimi görünməyən, ümumən heç bir ağrı-acıya səbəb olmayan, əksinə, xoş hal hesab edilsə də, xəyali gerçəklik sindromu yaşayan insanlar yaşlandıqca həyatlarının çətinləşdiyini anlayırlar. Xəyal qurmaq insanda xoş hisslər yaratsa da, həyatda qalmaq üçün gündəlik işləri vaxtında görmək və real həyatın qarşıya qoyduğu vəzifələri həyata keçirmək, reallıqların fərqinə varmaq lazımdır. Bu sindromdan əziyyət çəkən insanlar üçün tibdə hələ ki, konkret dərman müalicəsi olmasa da, psixoterapiyalar yolu ilə bunun öhdəsindən gəlmək mümkündür.

Uşaqları bu haldan qorumaq üçün isə daha çox diqqətli olmaq, onları xəyallarını yazmaqları üçün təşviq etmək və gündəlik görüləcək işlərini vaxtında icra etmələrini alışqanlıq halına gətirmələrinə yardım etmək lazımdır.

Öz xəyal dünyamızı nəzarətdə saxlaya bilmədikdə isə, roman oxumağa, film izləməyə, sosial şəbəkələrdə vaxt keçirməyə ara vermək, daha çox insanlarla üz-üzə ünsiyyət qurmağa, gəzintiyə çıxmağa üstünlük verməliyik. Həmçinin, bizi yaxşı hiss etdirməklə yanaşı, hərəkətə keçməyimiz üçün tətikləyici əhəmiyyət daşımayan, əksinə, görüləcək işlərimizin gecikməsinə səbəb olan xəyalların da gündəlik həyatımızı çətinləşdirdiyini unutmamalıyıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir