hediyye

Xanımlara nə hədiyyə edək? – KİŞİLƏR OXUSUN!

Baxış sayı: 2. 203

Kişilərin ən böyük arzusu sevdikləri qadının üzünü güldürmək, onu xoşbəxt etməkdir. Bu arzunu reallaşdırmaq isə o qədər də asan deyil. Çünki bildiyimiz kimi, qadın və kişinin beyin quruluşu fərqli olduğu kimi fərqli hadisələrə qarşı reaksiyaları da müxtəlif olur. Buna görə də kişilər həmişə qadına hədiyyə seçərkən tərəddüd qarşısında qalırlar. Amma, əziz kişilər, qadınınızı yaxşı tanıdığınızı düşünürsünüzsə, ona hədiyyə seçmək o qədər də çətin olmamalıdır. Budəfəki məqaləmizdə biz də çalışacağıq ki, əlimizdən gəldiyi qədər sizə bu məsələdə yardımçı olaq.

Qadın üçün hədiyyə deyəndə ilk ağla gələnlərdən biri də tək qızılgül və ya gül buketidir. Doğrudur, çiçəyi sevməyən qadın yoxdur. Amma bunun üçün onun sevdiyi gülün adını bilməyiniz mütləqdir. Təsəvvür edin ki, sevgilinizə gül alırsınız və onun bu gülə qarşı alergiyası olduğu məlum olur. Münasibətinizin bundan sonrasını təsəvvür edə bilirsiniz?

Çiçəkdən sonra qadınların yox deyə bilmədiyi digər hədiyyələr bujiteriya və ətirdir.

Xüsusi olaraq onun üçün hazırlatdıracağınız boyunbağı, qolbaq və ya seçəcəyiniz ətir ilə siz qadına verdiyiniz dəyəri sübut etmiş olursunuz.

Satışda olan standart hədiyyələrdənsə, ona başqa heç kimdə olmayan xüsusi bir şey hədiyyə etmək istəyirsinizsə, üzərində ona olan sevginizi bildirən romantik cümlələr və ya adı yazılmış fincan hazırlaya bilərsiniz.

Üzərində onun və sizin şəkliniz olan yastıq, içində adlarınız yazılmış üzük və bu tipli digər hədiyyələr onu təəccübləndirə bilər.

Sevgilinizə 2-3 ədəd adi bitki toxumu hədiyyə etməyiniz yəqin ki, onu təəccübləndirəcək. Bu toxumları adı qaydada əkib, sulamaqla o ən geci 2-3 həftədən sonra sözün əsil mənasında sizin hədiyyənizin bəhrəsini görəcək.

Əvvəlki məqalələrdə də bildirdiyimiz kimi qadınlar üçün onlara verəcəyiniz hədiyyəni öz əllərinizlə hazırlamağınız daha romantikdir. Buna görə də bir qutunun içində 100 ayrı dildə “Səni sevirəm” yazısı onun üçün unikal hədiyyə sayıla bilər.

Şokoladı sevməyən qadın yoxdur desək, yəqin ki, yanılmarıq. Buna görə də sevgiliniz üçün içində onun adı yazılan və üzərində ikinizin şəkli olan şokalad hazırlatdıra bilərsiniz.

Yuxarıda da qeyd etdiyimiz kimi qadınlar bir az da eqoist varlıqdırlar. Onlar özlərindən başqa heç bir qadının sahib ola bilməyəcəyi hədiyyələri daha çox sevirlər. Buna görə də əgər ona xüsusi bir hədiyyə vermək istəyirsinizsə, ikinizin şəklindən puzzle hazırlatdıra bilərsiniz.

Və yaxud da əgər büdcəniz buna imkan verirsə, sevdiyi bütün hədiyyələri bir qutuda toplayıb ona ərmağan edə bilərsiniz. Bu qutuda onun sevdiyi balaca oyuncaqlardan tutmuş, şokolad, ətir, bujiteriyaya qədər ən müxtəlif hədiyyələri toplaya bilərsiniz.

Və sonda, əziz kişilər, unutmayın ki, bir qadın üçün seçdiyiniz hədiyyədən daha çox onu təqdimetmə formanız əhəmiyyətlidir. Bəlkə də ona sadəcə 1 ədəd qızılgül bağışlayacaqsınız. Amma bunu elə formada edə bilərsiniz ki, o bu hədiyyəni ömür boyu unutmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir