nikah

Xanımlarımızın əcnəbilərlə nikaha niyə maraq göstərirlər?

Baxış sayı: 1. 539

Azərbaycanlı xanımların Türkiyə vətəndaşları ilə evlənməsi halı artıb. Statistik göstəricilərdə qeyd olunur ki, 2019-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1.013 nikah bağlanıb.

Rəsmi məlumata görə, əcnəbilərlərlə nikaha daxil olanlardan 544-ü azərbaycanlı qadınlar, 469-u isə azərbaycanlı kişilərdir.

Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha üstünlük verirlər.

Görəsən, azərbaycanlı xanımların başqa vətəndaşlarla, xüsusilə türklərlə nikaha maraq göstərmələrinin səbəbi nədir?

Ölkəmizdə ailə dəyərlərinə qarşı münasibətin dəyişdiyini deyən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirdi ki, Azərbaycan ailəsi 30-40 il bundan öncəki ailə deyil.

Sosioloq qeyd edir ki, əvvəllər ailə qurularkən üstünlük verilən dəyər və prinsiplər başqa idi:

“Qabaqlar insanlarımız öz ölkəsinin vətəndaşı ilə ailə qurmağa üstünlük verirdi. Amma get-gedə ölkədə iqtisadi vəziyyət çətinləşdi. Lakin əcnəbilərlə ailə qurmaq tək iqtisadi vəziyyətlə bağlı deyil. Çünki ölkədə tarix boyu iqtisadi durumun çox çətin olduğu vaxtlar olub. O zaman xanımlar başqa ölkə vətəndaşları ilə ailə qurmurdular.

Ümumən ölkədə baş verən mənəvi proseslər azərbaycanlı xanımların əcnəbilərlə evlənməsinə şərait yaradır. Yəni, ailə institutunun vəziyyəti və ailəyə olan münasibətlər dəyişib. Sürətlə qloballaşma gedir, dünya haqqında təsəvvürlər dəyişib. Əvvələr insanlarımız təsəvvür edə bilmirdilər ki başqa ölkədə necə yaşamaq olar. İndi isə bütün gün televiziya və sosial şəbəkələri izləyirlər, Türkiyəni də öz evləri kimi görürlər. Hətta Azərbaycan kanallarına yox məhz türk kanallarına baxırlar”.

Ə.Qəşəmoğlu bildirir ki, Türkiyədəki vəziyyət daha stabildir və insanların həyat səviyyəsi ölkəmizə nisbətən daha rahatdır:

“Digər faktor isə budur ki, qızlarımızda romantik hisslər güclənib. Çıxıb getmək, başqa ölkələri, dünyanı görmək və orada yaşamaq istəyirlər. Ətrafda baş verənlər də buna böyük təsir göstərir.

Azərbaycan ailəsində heç vaxt indiki qədər gərginlik olmayıb. İnsanlar görür ki, burada evlənənlərin əksəriyyəti boşanır və stabil ailə qurmaq böyük risk tələb edir. Düşünürlər ki, Türkiyə yad millət deyil və orada uğurlu ailələr qurulur. Bütün bunların təsiri hesabına türklərlə ailə quran qadınlarımız çoxalır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir