qirmizi diplom

Xaricdə təhsil alanların diplomu ölkədə niyə tanınmır?

Baxış sayı: 247

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 467 müraciətçinin 406-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 22, dil üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 19, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Qeyd olunub ki, ölkələr üzrə müraciətlərin sayında Türkiyə Respublikasından 140, Rusiya Federasiyasından 133, Ukraynadan 93, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 13, digər ölkələrdən isə 70 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 55, iqtisadiyyat üzrə 38, tibb üzrə 33, biznesin idarə edilməsi üzrə 28, stomatologiya üzrə 18 nəfər müraciətçi qeydə alınıb.

 

Bəs hansı hallarda xaricdə təhsil alanların diplomlar tanınmır?

Bəzi təhsil şirkətləri müştərilərini aldadır və son nəticədə diplomlar ölkəmizdə tanınmır

Təhsil üzrə ekspert Kamran Əsədov  bildirir ki, bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi (individual) qrafik üzrə təhsilə üstünlük verirlər. Xaricidə təhsil xidməti göstərən şirkətlər valideyin və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları təhsilin bu formasına yönəldirlər: “Həmin universitetlər, ixtisaslar ölkəmizdə tanınsa da, təhsilalma forması bizim normativ hüquqi aktlara uyğun olmadığından diplomları tanınmır. Şirkətlər valideyn və abituriyentlərə Elm və Təhsil Nazirliyi tərəfindən həmin universitetlərin tanndığını göstərirlər və bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Lakin universitetin ölkəmizdə rəsmi tanınması onun təhsilalma formasının da tanınması demək deyil”.

“Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsil üçün müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan diplom əldə edirlər. Nəticə etibari ilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər”, – deyə ekspert əlavə edib.

O bildirir ki, hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır: “Amma bu formada təhsilalmanın özü də diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə semestr müddətində 90 gün olmalıdırlar”.

Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, diplomların tanınması ilə bağlı ünvanlanan müraciətə imtina cavabı verilir. Ekspert bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinə əsasən diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər:

“Tələbə ali təhsil müəsisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin olmaq üçün Təhsil Nazirliyi tələbənin xarici passportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir və bununla da Nazirlik bilmək istəyir ki, tələbə həqiqətən təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib yoxsa keçirməyibmi?! Buna görədə tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar”.

“Təhsilin məzmunu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni sizin burada hər hansı bir dil sertifikatınızın olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq üçün sizin İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox köməklik edəcək”, – deyə o əlavə edib.

Ekpsert qeyd edir ki, bundan başqa, hansısa tələbənin xaricdə qiyabi təhsil aldığı ixtisas ölkəmizdə yalnız əyani formada tədris olunursa, bu halda da diplom tanınmır.

 

Diplomların tanınması prosesində nələrə diqqət etməli?

Ekspert qeyd edir ki, diplomun tanınma müddəti minumum 6 ay, maksimum 2 il ərzində həyata keçirilir: “Siz xaricdə qiyabi təhsil almısınızsa xüsusilədə Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlisiniz ki, hər 2 smestr yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz 30 günü keçməsin. Bu prosedur zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gəliəcək”.

 

Bu proses necə həyata keçirilir?

Kamran Əsədov bildirir ki, diplomuun tanınması proseduruna təqdim edilən sənədlər universitetə göndərildikdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi araşdırma edib ona uyğun olaraq mübət və ya mənfi cavab verir: “Buna əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa, Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanımayacaq”.

“Xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Təhsil Nazirliyi, nə də ki TKTA tərəfindən müəyyənləşdirilməmişdir. Yəni, tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilərsiniz. Universitetin akkreditə olunması diplomun tanınması demək deyil”, -deyə ekspert bildirir.

Yəni, tələbə, hansısa bir xarici, yaxud ölkəsi tərəfindən tanınan hətta reytinqli universitetdə istənilən ixtisasda təhsil ala bilməz: “Tələbə magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına uyğun olaraq qanunla müəyyənləşmiş magistatura ixtisaslarından birini seçmək hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının qanunla müəyyənləşmiş qaydada düzgün seçilməsi önəmlidir. Çünki tələbə xarici universitetdə bakalavr ya magistratura təhsili alıb, Azərbaycana qayıtdıqdan ona diplom tanınması barədə veriləcək şəhadətnamədə qeyd olunur ki, xaricdə aldığı təhsil Azərbaycanda tədris olunan hansı ixtisasa bərabərdir”.

Ekspert deyir ki, Elm və Təhsil Nazirliyimiz, TKTA universitet siyahısını verməsə də, istinad edə biləcəyəmiz müəyyən mənbələr var ki, burada universitetlərin təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilirik: “Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Dolayısı ilə, tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var”.

TKTA diplomların tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin müvafiq qurumuna müraciət olunur: “Bununla da TKTA tələbənin təhsil aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir. Digər önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt eşidilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz”.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) QAYDALARI”-nın 3.7-ci bəndinə əsasən diplomlarının tanınmasında mənfi rəy bir neçə hallarda verilə bilər. Əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir”, – deyə o əlavə edib.

Bundan başqa, ekspert qeyd edir ki, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla bərabərlik təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq.

Xatırladaq ki, hazırda xaricdə elə bir universitet yoxdur ki, Təhsil Nazirliyi tərəfindən oranın diplomu nostrifikasiyadan keçmədən birbaşa tanınsın. Bunun üçün tələbələr universitet seçməmişdən öncə diplomun tanınma qaydaları ilə Elm və Təhsil Nazirliyinin saytı, o cümlədən akreditasiya və nostrifikasiya idarəsinə müraciət edərək geniş şəkildə tanış ola bilərlər.

 

Nigar Isgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir