Aysu Eliyeva 1

XXI əsr – internet əsri, yoxsa dövrün bəlası?

Baxış sayı: 499

XXI əsrin texnoloji inkişafı həyatımızın bir çox sahəsində dəyişikliklərə səbəb olub. Xüsusilə də sosial media platformaları – Facebook, Instagram, TikTok, Snapchat və digərləri gənclər üçün əsas ünsiyyət, məlumat və əyləncə vasitəsinə çevrilib. Bu rəqəmsal aləmin sürətli inkişafı ilə yanaşı, onun yaratdığı psixoloji təsirlər də günümüzün ən aktual problemlərindən birinə çevrilib.

Belə ki, erkən yeniyetməlik dövründən gənclik illərinə qədər olan mərhələ insan həyatında şəxsiyyətin formalaşdığı ən kritik dövrdür. Bu mərhələdə gənclər özlərini tanımağa, sosial rolları mənimsəməyə və ictimai qəbul axtarmağa meyllidirlər. Eriksonun psixososial inkişaf nəzəriyyəsinə əsasən, bu dövrdə “identikliklə qarışıqlıq arasında mübarizə” mövcuddur. Sosial media isə bu prosesdə həm müsbət, həm də mənfi stimullar yaradır.Müsbət stimul olaraq gənclər öz maraq dairələrinə uyğun qruplar tapır, fikirlərini bölüşür, qəbul olunduqlarını hiss edirlər.Mənfi fonda isə kifayət qədər “like” və ya “izləyici” sayına çatmadıqda öz dəyərini aşağı görür, depressiya və təşviş əlamətləri ilə qarşılaşırlar.

Texnologiyadan istifadə zamanı pasientlərdə  özünü müqayisə, natamamlıq kompleksi kimi hallarla rastlaşırıq.Çünki  sosial mediada yayılan “filtrdən keçmiş” həyat tərzləri və “ideal bədən”, “ideal həyat” anlayışları gənclərdə özünü qeyri-adekvat tələblərlə müqayisə etməyə səbəb olur. Belə olduğu zaman onlarda özünü olduğu kimi qəbul edə bilməmə halları, özgüvən əksikliyi,natamamlıq kompleksi yarada bilir. Gənclər bəzən başqalarının uğurlarını öz həyatları ilə müqayisə edərək özlərini natamam hiss edirlər.Bu isə aşağı özünəinam, özünüqiymətləndirmənin zəif olması ilə nəticələnir .

Sosial mediadan istifadə insanların bədənini olduğu kimi qəbul edə bilməmək, gözəllik qavramının təhrif olunması və nəticədə estetik əməliyyatlara üz tutmağa səbəb ola bilər.

Sosial mediada paylaşımlarına “like”lar və şərhlərin gəlməsi gənclərdə dopamin ifrazını stimullaşdırır. Dopamin beyində zövq və mükafat hissi ilə bağlı neyrotransmitterdir. Beləliklə, gənclər zamanla bu mükafat sistemindən asılı vəziyyətə düşürlər.Nəticədə rəqəmsal asılılıq formalaşır.Belə olduğu halda dərs zamanı diqqətin yayınması, yuxusuzluq, sosial təcrid halları, virtual əlaqənin daha rahat qurduğu halda canlı ünsiyyətin zəifləməsi müşahidə olunur.

Kiberbullinq – sosial media üzərindən təhqir, təhdid, lağlağı v halları gənclərdə psixoloji travma, anksiyete və post-travmatik stres pozuntusu  kimi hallara səbəb ola bilər.Kiberbullinq qurbanı olan gənclərin böyük bir hissəsi depressiv əlamətlər göstərir. Təhlükə burasındadır ki, bu zorakılıq real həyatda görsənmədiyi üçün valideyn və müəllimlər tərəfindən bəzən fərq edilmir.

Sosial mediada uzun müddət vaxt keçirmək gənclərdə real sosial bacarıqların zəifləməsinə səbəb ola bilər. Onlar üzbəüz ünsiyyətdə çətinlik çəkir, ictimai mühitlərdə narahatlıq hissi keçirirlər.Bu hal uzunmüddətli dövrdə sosial fobiya, sosial təcrid , özünü izolyasiya və yalnızlıq hissi yarada bilər.

Bu kimi mənfi təsirlərdən qorunmaq üçün psixoloji dəstək önəmlidir.

1) İlkin olaraq gənclərdə media savadlılığının artırılması aparılacaq önəmli tədbirlərdən biridir.Öz emosiyalarını tanımaq, idarə etmək və başqalarının emosiyalarını düzgün qavramaq- bir sözlə gənclərin emosional zəkasının inkişafına nail olmaqla baş verəcək zərərləri minimuma endirmək mümkündür.

2) Ailə və məktəb dəstəyinin önəmini xüsusi vurğulamalıyıq.  Uşaq ilə ailə bağı nə qədər sağlam və möhkəm olarsa, ünsiyyət və etibarlı münasibət qura bilərsə, onun sosial media tələsinə düşmək ehtimalı bir o qədər azdır.

3) Müəyyən müddətlərdə sosial mediadan uzaqlaşmaq gənclərdə iradənin inkişafına vəsilə olacaq ki , bu period ərzində o real həyatda olan öhdəliklərinə fokuslana biləcək.

Sosial media – güclü bir alətdir. Onun necə istifadə olunacağı gənclərin psixoloji sağlamlığını qoruyacaq, ya da risk altına atacağını təyin edir.Gənclərin bu platformalarda sağlam münasibətlər qurması, özlərini düzgün ifadə etməsi və psixoloji rifahlarını qoruması üçün fərdi, ailəvi və cəmiyyət səviyyəsində dəstəyə ehtiyac var. Rəqəmsal dünya ilə real həyat arasında sağlam balans yaratmaq günümüzün ən vacib çağırışlarındandır.

 

Psixoloq Aysu Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir