qeza

Yol nəqliyyat hadisələrini minimuma necə endirmək olar?

Baxış sayı: 2. 060

Demək olar ki, hər gün yol nəqliyyat hadisələrinin ya şahidi oluruq, ya da xəbərini eşidirik. Ümumi statistikanı eşidəndə, gözə sadəcə rəqəmlər görünə bilər. Amma bu hər birimizin doğmasının başına gələ biləcək hadisədir. Çünki hər birimiz və doğmalarımız yol hərəkətinin ya piyada, ya da sürücü kimi iştirakçısıyıq.

Statistik rəqəmlərə baxsaq, hər il xeyli sayda yol nəqliyyat hadisələri baş verir, ölən və yaralananlar da həddindən artıq çox olur. 2016-cı il ərzində Azərbaycan ərazisində 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb. Trend-in məlumatına görə, baş vermiş hadisələr nəticəsində 759 nəfər həlak olub, 2003 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol nəqliyyat hadisələrinin sayı 214 fakt (9,6 %), həlak olanların sayı 135 nəfər (15 %), yaralananların sayı isə 262 nəfər (11,6 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələrinin 95,2 %-i (1910) sürücülərin yol hərəkət qaydalarını pozmaları, o cümlədən 38,1 %-i (764) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,6 %-i (453) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8 %-i (257) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7 %-i (34) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol nəqliyyat hadilərəsinin 44 %-ni (882) piyadaların vurulması təşkil edib, nəticədə 319 piyada həlak olub, 643-ü yaralanıb. 59 yol nəqliyyat hadisəsi piyadaların yol hərəkət qaydalarını pozmaları nəticəsində baş verib.

 

 

“Cəzalar kifayət qədər sərtdir”

 

Statistik rəqəmlərə əsaslansaq, qəzaların sayında müəyyən azalmalar olsa da, yenə də kifayət qədər çoxdur. Amma müəyyən qədər azalmaların yəqin ki, bir səbəbi var. Bəs bu səbəblər nələrdir? Qanunların sərtləşdirilməsi və cəzaların artırılmasının burada rolu nə dərəcədədir? Ümumilikdə bu istiqamətdə effektiv nəticəyə nail olmaq üçün daha nələr edilməlidir?

Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalov bildirdi ki, müəyyən qədər azalma olsa da, Azərbaycan üçün qəza sayı hələ də çoxdur: “2014-2015-ci illərlə müqayisədə ötən il yol nəqliyyat hadisələrinin sayında azalma var. Amma Azərbaycanda yol nəqliyyat hadisələrinin statistik göstəriciləri bunun kifayət qədər çox və təhlükəli həddə olduğunu aydın şəkildə göstərir. Təbii ki, bundan öncəki illərlə müqayisədə müəyyən azalmalar mövcuddur. Bu bizi bir az sevindirir. Amma nəzərə almaq lazımdır ki, indiki statistika belə, Azərbaycan kimi kiçik bir ölkə üçün kifayət qədər çoxdur”.

Ş.Camalov deyir ki, yol nəqliyyat hadisələrinin azalmasının bir səbəbi də qaydaların sərtləşdirilməsi, cərimələrin məbləğinin artırılması hesab oluna bilər: “2015-ci illərin sonları, 2016-cı ildə yol hərəkəti ilə bağlı qaydalarda bir az da sərtləşdirilmə aparıldı. Müəyyən inzibati xətalarla, qayda pozuntularıyla bağlı qaydalar sərtləşdirildi, cərimələr artırıldı. Və təbii ki, bu öz nəticəsini verməliydi. Çünki bu, birinci şərtdir. Onu da qeyd edim ki, Azərbaycanda hazırda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cəzalar kifayət qədər sərtdir. Bundan artıq sərtləşdirilməsi qanunun icrası ilə bağlı problemlər yaradar. Amma əsas səbəb qaydaların sərtləşdirilməsi də deyil”.

 

 

Məlumatsızlıq, diqqətsizlik…

 

Ş.Camalovun sözlərinə görə, qanunların sərtləşdirilməsi kifayət edə bilməz, əsas, maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: “2015-ci ildə qəzalar kifayət qədər çox idi. Xüsusilə 2016-cı ilin əvvəlində vətəndaş cəmiyyəti, ekspertlər də yol hərəkəti ilə bağlı maarifləndirmə işini sürətləndirilməsini ön plana çıxardılar. Qanunların sərtləşdirilməsi təklikdə problemi həll etmir. Paralel olaraq maarifləndirmə işləri aparılmalıdır. Bu gün baş verən qəzaların statistikasını ciddi analiz etsək, yol hərəkəti qaydalarının daha çox məlumatsızlıqdan, diqqətsizlikdən pozulması faklarının önə çıxmasını görərik. Ona görə də əgər biz 2017-ci ildə yol hərəkəti hadisələrinin daha da azalmasını istəyiriksə, qanunvericilik səviyyəsində maarifləndirmə işlərini də çoxaltmalıyıq. Avtomobili çox adam idarə edə bilər. Amma fövqəladə vəziyyətlərdə avtomobili idarə etmək üçün daha çox təcrübəyə, biliyə ehtiyac var. Baş verən çox kiçik bir kritik vəziyyətin yol nəqliyyat hadisəsinə səbəb olduğunu görürük. Məsələn, bəzi sürücülər yolda avtomobillər arasında ara məsafəsinin nə qədər olmasını bilmirlər, yol hərəkəti qaydaları haqda tam məlumatlı deyillər, sadəcə avtomobili idarə etməyi bacarırlar. Bu isə düz yolda normal ola bilər. Amma çox hərəkət olan yolda, bir az fövqəladə hallarda problem yaranır və qəzalar baş verir. Ona görə ciddi şəkildə maarifləndirmə ilə bağlı işlər aparılmalıdır”.

Ş.Camalov onu da bildirdi ki, maarifləndirmə işində vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq genişləndirilməlidir: “Baş Dövlət Yol Polisi İdarəsinin işləri kifayət qədər çoxdur. Amma onlar vətəndaş cəmiyyəti təşkilatları ilə daha ciddi şəkildə əməkdaşlıq etməlidirlər. Əməkdaşlıq nəticəsində vətəndaşlar ciddi şəkildə maarifləndirilməlidirlər. Yolu piyada zolağından keçməyənlər kifayət qədər var. Məktəblərdə, ali təhsil müəssisələrində maariflədirmə işi aparılmalıdır. DYP bu işi tək görə bilməz. Bunun üçün vətəndaş cəmiyyətinin xidmətlərindən istifadə etməlidir ki, birlikdə yol qəzalarında qurban verdiyimiz insanların sayını kifayət qədər azalda bilək”.

 

 

“Statistikada əks olunan gerçək rəqəmdir?”

 

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirdi ki, tam şəkildə qəzaların aradan qaldırılması mümkün deyil. Amma minimumlaşdırılmasına nail olmaq mümkündür: “Dünyanın heç bir ölkəsində buna nail olmayıblar. Amma İsveçdə ölüm göstəricisinin sayı bir nəfər çox olan kimi, narahat olurlar, komissiya yaradıb araşdırırlar. Niyə bu il ötən ilə nisbətən bir nəfər artıq adam ölüb? Bu nədən qaynaqlanır? Bizdə 759 nəfər ölüm statistikası açıqlandı. Ümumi baxanda, əvvəlki illərə nisbətən kifayət qədər azalma var. Amma biz hər gün 3-5, hətta bəzən 6-8 nəfərin yol qəzasında həlak olduğunu eşidirik. İndi o rəqəmlərin qarşısında belə bir statistikanın ortaya çıxması da bir qədər düşündürücüdür. Statistikada əks olunan gerçək rəqəmdir? Yoxsa bizim qanunvericilikdə müəyyən boşluqlardan irəli gələn mənzərədir? Çünki bizim qanunvericiliyə görə, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs bir həftə sonra dünyasını dəyişirsə, onu yol nəqliyyat hadisəsində ölən şəxs kimi qeydə almırlar. Yaxud bir sürücü avtomobili aşırıb gölə düşüb ölürsə, ölüm səbəbi suda boğulma kimi qeydə alınır. Belə hallara görə, statistika az çıxır. Əgər statistikada olanlar doğrudursa, azalma varsa, bu, yaxşıdır”.

 

 

“Sosial çarxlar çəkilməlidir”

 

Yol nəqliyyat hadisələrinin azalmasının müxtəlif səbəbləri olduğunu deyən E.Muradlı bildirdi ki, burada mətbuatın rolu böyükdür: “Yol nəqliyyat hadisələrinin azalmasında cərimələrin artırılmasının da müəyyən qədər rolu var. Eyni zamanda, iqtisadi çətinliklə bağlı insanların avtomobildən az istifadə etməsini də bir səbəb kimi qeyd edə bilərik. Bir də təbliğat işi getdikcə artmaqdadır. Burada jurnalistlərin rolu böyükdür. Mətbuatda bu cür təbliğatın 80 faizi jurnalistlərin təşəbbüsü ilə bağlı olur. Qarşı tərəf də təşəbbüs göstərməli, sosial çarxlar çəkməlidir. Məsələn, DYP rəhbərliyinin göstərişinə əsasən, magistral yolların keçdiyi kəndlərdə yerli əhali ilə görüşlər keçirirlər. Artıq həyəcan təbili çalırlar. Əvvəllər bu cür hadisələr daha çox şəhərlərdə, rayon mərkəzlərində baş verirdi. Amma indi magistral yolların keçdiyi kəndlərdə də qəzalar baş verir. Deməli, artıq kəndlərdə də təbliğat işləri aparılmalıdır”.

Ekspert bildirdi ki, yol hərəkəti hər insanın gündəlik həyat tərzi olan bir sahədir. Ona görə hərtərəfli maarifləndirmə işi aparılmalıdır: “Ciddi və davamlı maarifləndirmə aparılanda, nəticəsi statistikada da əks olunur. Maarifləndirmə, ictimai qınaq, məsuliyyət hissi olmalıdır. Nə qədər ki hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etmir, o vaxta qədər də qəzaların sayını minimumlaşdırmaq çətin olacaq”.

 

 

“Kompleks şəkildə iş aparılmalıdır”

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da bildirdi ki, sürücü, avtomobil, yol və piyada nə qədər varsa, yol nəqliyyatı hadisələri də qaçılmazdır. Amma minimumlaşdırmaq üçün kompleks şəkildə iş aparılmalıdır: “Yol hərəkətində mədəniyyət səviyyəsi formalaşarsa, nizam-intizam yüksələrsə, küçə və yollarda təhlükəsiz davranış vərdişləri aşılanarsa, hadisələr də minimuma düşər. Təbii ki, hadisələrin baş verməsi yol hərəkəti haqqında qanunun tələblərinin pozulması ilə əlaqədardır. Məhz bunun qarşısını almaq üçün dövlət yol polisi fəaliyyət göstərir. Dövlətimiz hər bir vətəndaşını qoruyur və onun təhlükəsizliyini təmin edir. Biz də yol polisi olaraq vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, qəzaların sayının azalması üçün çalışırıq.

 

Yol polislərinin məqsədli keçirdikləri tədbirlər, eyni zamanda, “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə vaxtaşırı edilən əlavə və dəyişikliklər bu azalmaya səbəb kimi göstərilə bilər. Eyni zamanda, ölkəyə gətirilən son texnologiyalar və onların tətbiqi – “İ-patrul” sistemi ilə bizim fəaliyyətimiz xeyli asanlaşıb. Şəhər üzrə təhlükəsizliyin təmin edilməsi üçün kamera sisteminin tətbiqi də burada böyük rol oynayır”.

 

Cərimələrin rolu…

 

V.Əsədov deyir ki, qaydaların sərtləşdirilməsi, cərimənin miqdarının artırılması vətəndaşların məsuliyyətli olmasında böyük rol oynayır: “Tətbiq edilən cəzalar, cərimə metodları və yaxud cərimələrin miqdarı nə qədər kəskin olursa, bir o qədər də yaxşı təsir edir. Əvvəllər təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 15-20 manat arası idi. Hazırda isə bu rəqəm 40 manatdır. Nəticədə bugünə təhlükəsizlik kəmərindən istifadə etmədə 35-40 faizədək artım var. Bu, Bakı şəhəri ərazisindədir. Ümumiyyətlə, ölkənin müxtəlif ərazilərindəki yollarda hərəkət edəndə, görərsiniz ki, daha çoxdur. Gündəlik dövlət yol polisi əməkdaşlarının məqsədli keçirdikləri tədbirlər bu kimi müsbət göstəriciləri əldə etməyə imkan verir. Son zamanlar hərəkət iştirakçıları ilə yanaşı, təbliğat işlərinin aparılmasında KİV-in vaxtında və qərəzsiz yaydığı informasiyalar da hadisələrin azalmasına təsir göstərən əsas amillərdən biridir. Təhlükəsizliyin təmin edilməsində hər bir hərəkət iştirakçısının konkret hüquq və vəzifələri var və hər kəs də buna riayət etməlidir. Heç kəs məsuliyyətdən yayınmağa çalışmamalıdır”.

 

V.Əsədov onu da bildirdi ki, ötən il bir çox hökumət və qeyri-hökumət təşkilatları ilə maarifləndirmə istiqamətində əməkdaşlıq həyata keçirilib. Bu işlər uğurlu şəkildə icra olunub. Qeyd etdi ki, bu işlər yeni ildə də davam etdiriləcək. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir