Bu gün bir çox qadına həyatlarının müəyyən bir dövründə təsir edən yumurtalıq kistasından danışacağıq. Eyni zamanda yumurtalıq kistaları üçün müxtəlif müalicə variantlarından və hər birinin müsbət və mənfi tərəflərindən, yaranan ağrı və narahatlığı idarə etmək üçün həkim məsləhətləri, onların təkrarlanmasının qarşısını almağın yollarından bəhs edəcəyik.
Mövzuyla bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərmina Abbasova söhbət zamanı bildirdi ki, yumurtalıq kistası ümumi bir ginekoloji xəstəlikdir. Həkimin sözlərinə görə, bu maye ilə dolu kisələr bir və ya hər iki yumurtalıqda əmələ gəlir və ölçüləri kiçikdən kifayət qədər böyüyə qədər dəyişir. Həkim deyir ki, bu kistaların əksəriyyəti xoş xasiyyətlidir və heç bir simptoma səbəb olmasa da, bəziləri narahatlıq, ağrı və digər ağırlaşmalara səbəb olacaq qədər böyüyür. Bəzi hallarda bunlar hətta xərçəngə çevrilir. Bu xəstəlik üçün dərmanlar və təbii vasitələrdən cərrahiyyəyə qədər bir neçə müalicə variantı mövcuddur. Ən yaxşı müalicə seçimi kistanın növü və ölçüsü, yaş və ümumi sağlamlığı qorumaq istəyi kimi amillərdən asılı olacaq. Yumurtalıq kistası yumurtalığın birində və ya hər ikisində əmələ gələn maye və ya yarı bərk hissəciklərlə dolu kisədir:
“Kista yumurtalıqların çanaqda yumurta hüceyrələrini saxlayan və estrogen, progesteron kimi hormonlar ifraz edən kiçik orqandır. Onun müxtəlif növləri var ki, əksəriyyəti ağrısız və zərərsizdir, yəni xoş xassəlidir. Bir qayda olaraq yumurtalıq kistaları müxtəlif simptomlara səbəb olmur. Əgər müayinədə və ya USM proseduru zamanı heç nə görünməzsə, ehtimal ki, kistanın olduğu bilinməyəcək. Qeyd edim ki, nadir hallarda xəstəlik ağırlaşmalara səbəb olur. Müntəzəm olaraq ginekoloji müayinələr aparmaq və ginekoloqunuza səhhətinizdə yaranan istənilən ginekoloji narahatlıqla bağlı məlumat vermək bu riskdən xilas etməyə kömək edəcək”.
Həkim qeyd edib ki, yumurtalıq kistalarının əksəriyyəti funksional kistalardır. Onlar menstruasiya dövrü zamanı bədənin dəyişikliklərinə cavab olaraq əmələ gəlir. Onun sözlərinə görə, hətta bəzən yumurtalıq kistaları menstruasiya ilə əlaqəli olmayan səbəblərdən də əmələ gələ bilər:
“Funksional kistalar ən çox yayılmış növüdür. Bu kistalar müvəqqəti yaranmış hormonal pozğunluq nəticəsində əmələ gəlir və müalicə tələb etmədən öz-özünə sorulub gedən kistalardır. Bunların iki cür növü var: follikulyar və sarı cisim kistları. Bu kistalar yumurtalıqların lazım olduğu kimi işləməsinin əlaməti ola bilər. Funksional kistalar ümumiyyətlə zamanla, adətən 60 gün ərzində xüsusi müalicə olmadan daralır. Yumurtalıqdakı follikul adlanan kiçik bir kista menstrual dövrünün bir hissəsi olaraq hər ay bir yumurta verir. Follikul yumurta buraxmadıqda follikulyar kista əmələ gəlir. Bunun əvəzinə follikul maye ilə doldurulur və böyüyür”.
Digər kistalardan da bəhs edən ailə həkimi bildirdi ki, bütün bu kistalar menstrual dövrünə cavab olaraq əmələ gəlmir. Onun sözlərinə görə, kistalar həmişə xəstəlik əlamətləri deyil:
“Bu kistalara Sistadenomalar, Dermoid kistalar, Endometrioma, Bədxassəli kistalar aiddir. Sistadenomalar yumurtalığın səthində əmələ gəlir. Onlar nazik, sulu və ya daha qalın, selikli maye ilə dolu olur. Dermoid kistalar anadangəlmə kistalardır və xoşxəssəlidir. Onlar insan bədənində dəri, saç, diş və hətta beyin toxumasına qədər bütün növ toxumaları təşkil edən hüceyrələrdən ibarətdir. Yeganə müalicə yolu cərrahiyə əməliyyatdır. Endometriomaya gəlincə, bu kistalar menstruasiya zamanı hər ay endometrial toxuma ilə doludur, endometriozun bir formasıdır və bu kistalar şokalad kistaları kimi tanınır və sonsuzluğa səbəb olur. Əgər bu kistalar hamiləliyə əngəldirsə, əməliyyatla xaric edilir. Bədxassəli kistalar isə menopoz dövründə yaranır. Yumurtalıq xərçəngi kistaları xərçəng hüceyrələrinin bərk kütlələridir”.
Ailə həkimi deyir ki, yumurtalıqları olan hər kəsdə yumurtalıq kistası inkişaf edə bilər. Həkim bildirdi ki, risk faktorları yaş, hamiləlik vəziyyəti, keçmiş xəstəliklər və mövcud tibbi şərtlərə əsasən artır:
“Əgər klimaks dövründən hələ keçməmisinizsə, bu kistaların yaranma ehtimalı daha çox olur. Kistaların hamiləlik dövründə əmələ gəlməsi və qalma ehtimalı daha yüksəkdir. Daha əvvəl yumurtalıq kistanız olubsa, yenidən olması ehtimal edilir. Əgər pasientdə endometrioz, hormon problemləri varsa, yumurta əmələ gəlməsinə kömək edən dərmanlar qəbul edirsə, yumurtalıq kistasına tutulma ehtimalı daha yüksəkdir. Yumurtalıq kistaları xəstəliyi olduqca geniş yayılıb. Funksional kistalar isə qeyd etdiyim kimi ən çox yayılmış növüdür. Adətən Yumurtalıq kistaları ciddi bir xəstəlik sayılmır. Sözügedən kistaların əksəriyyəti zərərsizdir və çox vaxt onlar öz-özünə yox olurlar. Bəzi kista növlərinin xərçəngə çevrilmə və ya ağırlaşmalara səbəb olma ehtimalı daha yüksəkdir, lakin bu nadirdir. Bilmək lazımdır ki, bu kistaların 1%-dən az hissəsi bədxassəlidir”.
Yumurtalıq kistasının əlamətlərindən bəhs edən ailə həkimi onu da bildirdi ki, bəzi kiçik kistalar heç bir simptom yaratmır. Onun sözlərinə görə, bu hallarda hətta kistanıın olduğu bilinmir. Daha böyük kistalar isə müxtəlif simptomlara, məsələn belinizdə küt ağrıya, cinsi əlaqə zamanı ağrıya, ağrılı menstruasiyaya gətirib çıxarır:
“Yumurtalıq kistasının olması təcrübəsi insandan insana dəyişir. Qeyd edim ki, yumurtalıq kistlarının bütün növləri çəki artımına səbəb olmur. Lakin hormonal disbalanslıq yaranarsa, bu zaman müəyyən qədər qadınlarda çəki artımına gətirib çıxarır. Kistaların bir sıra fəsadları var. Menopozdan sonra yaranan yumurtalıq kistaları menopozdan əvvəl əmələ gələn kistalardan daha çox xərçəngə çevrilir. Funksional kistalar ümumiyyətlə heç bir mənfi simptoma səbəb olmadan yırtılır. Ancaq bəzən yırtılmış kista qarnınızda şiddətli ağrı və şişkinliyə səbəb ola bilər. Kistalar o qədər böyüyə bilər ki, yumurtalığınızın formasını təhrif edərək onun bükülmə ehtimalını artırır. Bükülmə yumurtalıqlarınıza qan axınının qarşısını ala və onun məhvinə səbəb ola bilər. Həddindən artıq ağrı, ürəkbulanma və qusma yumurtalıqların burulmasının əlamətləridir”.
Nərminə xanım oxucularımızın “yumurtalıq kistalarının qarşısını almaq olarmı” sualına da aydınlıq gətirib. Bildirib ki, tərkibində hormonlar olan dərmanların qəbulu yumurta əmələ gəlməsini dayandıracaq. Onun sözlərinə görə, bəzi tədqiqatların da göstərdiyi kimi, bu cür həblər müəyyən kistaların təkrarlanmasını azaldır:
“Adətən, yumurtalıq kistaları o qədər zərərsizdir ki, qarşısının alınması narahatlıq doğurmamalıdır. Əgər kistalar varsa, bilmək lazımdır ki, əgər kistalar funksionaldırsa, çox güman ki, bir neçə ay ərzində yox olacaq. Bir kistanın böyümədiyinə əmin olmaq üçün izlənmə görüntülərinə ehtiyac olacaq. Gələcəkdə fəsadlara səbəb ola biləcək bir kista müəyyən olunarsa, həkimin tövsiyələri diqqətlə izlənməlidir. Simptomlara səbəb olan və böyüməyə davam edən kistalar bu təsirlərə səbəb olmayan kistalardan daha çox müşahidə altında olmalıdır. Hər kəs yaşadığı hər hansı simptomları izləməlidir ki, onlar haqqında ginekoloqa məlumat verə bilsin.
Həmçinin bir sıra hallar var ki, o zaman mütləq həkimə məlumat vermək lazımdır. Belə ki, əgər aybaşı dövrləriniz gec, nizamsız və ya ağrılı olursa, qarın ağrınız keçmirsə, qarnınız böyüyür və ya şişirsə, sidik ifraz etməkdə və ya sidik kisəsini boşaltmaqda çətinlik çəkirsinizsə, cinsi əlaqə zamanı ağrınız varsa, qarnınızda dolğunluq, şişkinlik, təzyiq və ya narahatlıq hiss edirsinizsə, heç bir səbəb olmadan arıqlayırsınızsa, özünüzü ümumilikdə halsız hiss edirsinizsə, yumurtalıqların burulması əlamətlərini görürsünüzsə, birdən başlayan, qusma və ya qızdırma ilə müşayiət olunan şiddətli qarın ağrısı varsa, huşunu itirmə və sürətlə nəfəs alma hissi varsa mütləq ginekoloqa məlumat vermək lazımdır. Bir sözlə, əgər özünüzdə ginekoloji baxımdan hər hansı bir dəyişiklik hiss edirsinizsə, mütləq ilk olaraq həkiminizlə məsləhətləşin. Ola bilər ki, sizdə olan əlamətlər bu xəstəliyin deyil, başqa ginekoloji xəstəliyin xəbərçisidir”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)