-aec851e517020361774400793491052166

Zəlzələ “falçıları”

Baxış sayı: 627

Son aylar ərzində baş verən zəlzələlərdən sonra insanların təkanları öncədən proqnozlaşdıra bildiyi hesab olunan mobil proqramlardan istifadəsi artıb. Dekabrın 7-də ölkəmizdə baş verən zəlzələ Azərbaycanda da sözügedən mobil proqramlara marağı artırıb. Bəs, bu proqramlar nə dərəcədə güvənlidir?

Məsələ ilə bağlı açıqlama verən İT mütəxəssisi Fərhad Mirəliyev deyir ki, “Google” şirkətinin zəlzələni bir neçə saniyə öncədən xəbərdarlıq etməsi insanlarda bəzən zəlzələni əvvəlcədən bilməyin mümkün olduğu ilə bağlı səhv fikirlər yaradır: “Lakin müasir dünyamızda elə bir texnologiya yoxdur ki, baş verəcək zəlzələni öncədən proqnozlaşdıra bilsin. Buna baxmayaraq, bir neçə saniyə öncədən zəlzələdən məlumatlı olmaq mümkündür. Amma, bu hansısa proqnoz demək deyil. Belə ki, “Apple” və “Google” şirkəti öz proqram təminatlarında zəlzələ barədə insanları mümkün qədər tez məlumatlı etmək üçün funksionallıq yaradıblar. Funksionallıq Amerikada tez-tez baş verən təbii fəlakətlərdən daha çox insanları xəbərdarlıq göndərməklə xilas etmək üçün yaradılıb və ilk dəfə 2020-ci ildən istifadəsinə başlanılıb. Funksionallığın iş prinsipi təbii fəlakət və ya zəlzələ baş verən zaman yeraltı zərbələr ilk hiss olunduqda artıq “Google” şirkətinin proqram təminatında müvafiq xəbərdarlıq göndərilməsindən ibarətdir”.

Fərhad Mirəliyev qeyd edir ki, şirkət Android əməliyyat sistemi vasitəsilə həmin xəbərdarlıqları dünya üzrə səpələnmiş müxtəlif seysmoloji mərkəzlərdən əldə edir:  “O cümlədən, “Google” Android əməliyyat sistemində olan telefonların bir növ kiçik seysmoloji stansiya qismində çıxış edə bildiyini qeyd edir. Amma, bunun nə qədər doğru olduğunu demək mümkün deyil. Biz bilirik ki, mobil telefonların içində kiçik geroskoplar, geolokasiya müəyyən edən funksionallıqlar var. Amma seysmoloji mərkəzlərin dataları dərhal “Google” şirkətinə göndərilir. Bundan sonra, məlumatlar millisaniyələr ərzində həmin ərazidə yaşayan insanlarla paylaşılır”.

 

Sayalı Abasova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir