Aynur Kerimli

ARB TV-nin əməkdaşı: “Dəbin gözəlliyə heç bir aidiyyatı yoxdur” – MÜSAHİBƏ

Baxış sayı: 1. 464

Deyir ki, qadın baxımlı və özünə qarşı diqqətli olmağı bacarmalıdır. Əsl qadın olmağı isə heç bir məktəb, institut öyrətmir. Bu məktəbi ağlı, davranışı, səliqəsi, xarakteri, zəhməti ilə qadın özü yaradır. Müsahibimiz ARB televiziyasında yayımlanan “Tərz+” verilişinin aparıcısı Aynur Kərimlidir.

 

– Yəqin ki, aparıcı olmaq sonradan yaranan bir istək olmayıb.

– Uşaq yaşlarımdan aparıcı olmaq istəyim var idi. Ancaq valideynlərim deyirdilər ki, sənin normal danışıq qabiliyyətin yoxdur. Yəni danışığın aydın başa düşülmür, bunun üçün səndən aparıcı olmaz. Tez-tez və hövsələsiz şəkildə danışırdım. Ancaq buna baxmayaraq, televiziyaya böyük marağım vardı. Aparıcı olmağa da iddialı idim. Uşaq yaşlarımda qəzeti qarşıma qoyub, güzgünün qarşısında onu səsləndirərək özümü aparıcı kimi hiss edirdim. İndikindən fərqli olaraq onda ancaq özümü tərifləyirdim. Nəticədə məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Yüksək bal toplasam da, seçimimi dəyişməyərək “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” ixtisasını bitirdim. Bilirdim ki, arzularıma doğru gedən yol məhz bu universitetdən keçir.

– Dəbə ayaq uydurmaq gözəlliyin neçə faizini təşkil edir?

– Dəbin gözəlliyə heç bir aidiyyatı yoxdur. Dəbi həyat tərzimizə uyğunlaşdırmalıyıq. Uzun müddətdir ki, dəbdən, gözəllikdən, xanımlara düzgün geyim və makiyajın sirlərindən  bəhs edirəm. Özümə gəldikdə isə, nəyin dəbdə olmasından asılı olmayaraq, mənə nəyin yaraşıb-yaraşmayacağını bilirəm. Beləcə, mən dəbə yox, dəb mənə uyğunlaşır.

 

– Deyirlər gözəllik ondursa, doqquzu dondur. Bu deyim hazırda nə qədər aktualdır?

– İndi şərtlər dəyişib. Gözəlliyin on olduğunu nəzərə alsaq, onun beşi saçın, makiyajın payına düşür. Yerdə qalan faizi isə don, gözəllik və digər məsələlərin üzərində dayanır.

 

– Uzun müddətdir bu sahədə olsanız da, kifayət qədər tanınmırsınız. Halbuki bu gün tanınmaq o qədər də çətin deyil.

– Əlbəttə ki, indi sosial şəbəkələr və  yaxşı çevrə ilə 1 günə də tanınmaq olar. Ancaq baxır necə və hansı şəkildə tanınırsan. Aparıcı tanınması üçün gündəlik cəmiyyət içində olmalı, özünü yaxşı reklam etdirməyi, mətbuatla dost olmasa da, özünü dost kimi göstərməyi bacarmalı, onların könlünü xoş tutmalıdır. Tədbirlərə, el şənliklərinə getməli, bir verilişlə kifayətlənməməlidir. Dilini şirin edib hər kəslə ünsiyyətdə olmağı bacarmalıdır. Şou-biznesə qoşulub, onlarla dostluq münasibətini saxlamalıdır ki, daim diqqətdə və gündəmdə olsun. Mən bu sadaladıqlarımın heç biri etməmişəm. Öz verilişimi təqdim edib, sakit kənara çəkilərək işimi görmüşəm. Bəzən mediadakı dostlarım mənə “səninlə qalmaqallı müsahibə edək” deyə müraciət ediblər. Heç zaman özümü belə ucuz reklam etdirməyin tərəfdarı olmamışam. Hər şeydən öncə ailəmi və ən əsası da anamı düşünmüşəm. Çünki anamın nəzarəti üzərimdə böyükdür. Hətta “İnstaqram” səhifəmi belə açmağa narazılıq edirdi. Anamı hələ təzə yola gətirmişəm ki, mən aparıcıyam və “İnstaqram” səhifəm olmalıdır.

– İndi geyimdən çox, makiyaj etdirmək, dəyişmək dəb halını alıb.

– Makiyaj insanı çox dəyişdirir. Bir qadın makiyaj vasitəsi ilə istədiyi hər şeyə nail ola bilər. İndi müasir zamandır, texnologiya o qədər inkişaf edib ki, insanlar qrim və estetik əməliyyatla istədiyi effekti və görüntünü ala bilir. İnsanın geyimi, duruşu, qaməti qədər onun siması da önəmlidir. Hətta mən deyərdim ki, bu gün sima olaraq gözəl görünmək dəbdən və sadaladığımız digər məsələlərdən daha çox önəmlidir və müzakirə obyektidir. Hər makiyaj və stil tərzinə uyğun olaraq xanımların görüşünü dəyişirlər. Özüm isə gündəlik həyatda çox az makiyajdan istifadə edirəm. Çəkiliş zamanı makiyaj olunduğum üçün gündəlik həyatımda makiyajdan istifadə etmirəm ki, dərim nəfəs alsın.

 

– Deyirlər, çirkin xanım yoxdur, baxımsız xanım var. Bəzən baxım belə xanımları xilas edə bilmir.

– Xüsusilə indiki dövrdə bu fikirlə çox razıyam. Hazırda stilistlərimiz o qədər istedadlı və peşəkardırlar ki, sosial şəbəkələrdə Youtuberlər o qədər xırdalıqla düzgün makiyajın sirlərini izah edirlər ki, hər bir xanım simasını dəyişməyə və dəyişdirməyə qadirdir. Belə ki, xanımlar dodağın, gözün, üzün, qaşının formasını bəyənmirsə, kosmetoloji proseduralarla dəyişmək imkanına sahibdir. Əgər bir xanımın dəyişməyə ehtiyacı varsa, bunu niyə etməsin? Bizdə belə bir ifadə var: “çox gözəl deyil, amma cazibədardır”, ya da “həqiqətən gözəl üzü var, amma cazibədar deyil”. Burda ortaya çıxan fakt baxımlı olmaqdır. İnsanların özlərinə baxmaqları üçün aktrisa, ya da maneken olmaq vacib deyil. Bütün insanların özlərinə məxsus gözəlliyi var. Bunu ortaya çıxarıb xoş, baxımlı və cazibədar olmaq insanın öz əlindədir.

 

– “Geyimə görə qarşılayıb, ağla görə yola salırlar” deyimi bu gün nə qədər aktualdır?

– Geyim insanın xarakterindən xəbər verir. Bir insan haqda ilkin fikir onun görünüşü ilə formalaşır. Sonradan ağlına, davranış tərzinə, fikirlərinə görə qiymət verirlər.

– Sizcə, hər yaşın öz geyimi olmalıdırmı?

– Hər bir insan öz düşüncələrinə, həyat tərzinə görə geyinir. Geyimlərimiz bizim haqqımızda bizdən öncə məlumat verir. Uzun müddət eyni tərz insanda imici formalaşdırır. İnsanların imici – geyim forması onların daxili dünyası ilə sıx əlaqəlidir. Geyimə baxıb insanın kimliyini, nə işlə məşğul olduğunu, işlərində nə qədər müvəffəqiyyət qazanıb-qazanmadığını belə bilmək mümkündür. Hər xanım öz bədənini tanımalı, öz qüsurlarını bilməlidir. Bədən quruluşuna uyğun şəkildə geyinsələr, daha gənc görünərlər. Əgər yaşlarından gənc görünürlərsə, bədən quruluşu da buna imkan verirsə, yaşa önəm verməyib yaraşanı geyə bilərlər. Geyim insanın psixologiyasını dəyişdirir. Elə bir paltar geyərsiniz ki, özünüzü çox xoşbəxt, güclü hiss edərsiniz. Amma tam əksinə, bir paltar geyərsiniz, sizi yerin dibinə batırar. Paltarların da belə bir dili var. İnsanlar geydiyi geyimlə özünü güclü və ya gücsüz hiss edə bilər.

 

– Siz jurnalistikaya yazılı mətbuatdan gəlmisiniz. Aparıcı olarkən mətbuatdakı təcrübələriniz işinizə yarayıbmı?

– Hər hansı bir bina tikiləndə onun təməli möhkəm qoyulduqda, heç bir tufan, külək, qasırğa onu yıxa və təsir edə bilmir. Ancaq təməl zəif olanda, istənilən küləkdə həmin binanın dağılma təhlükəsi olur. Mən arzularımı mərhələli şəkildə həyata keçirdim. İlkin olaraq İncəsənət Universitetində ekran dramaturgiyasını öyrəndim, daha sonra mətbuatda məqalə hazırlamağa, müsahibə almağa və bunu yazılı mediada tətbiq etməyə çalışdım. Bu gün şou aləmində kifayət qədər tanınan saytlarda işlədim. İlk dəfə 2012-ci ildə Lider-də “Super kimdir”, daha sonra Space-də “Panorama” verilişində redaktor olaraq çalışdım. Xəzər televiziyasında prodakşın layihəsi olan “İncəsənət” və “İncə Şarm” verilişlərində müxbir olaraq fəaliyyətimə davam etdim. Burada müxbir olduğum layihələrin aparıcısına çevrildim. Onlardan çox şey öyrəndim. Ancaq çalışdığım bu illər ərzində məşhur olmaq üçün heç bir cəhd göstərmədim. Daha çox kölgədə qalmağa üstünlük verdim. Əldə etdiyim bu təcrübələr sayəsində bu gün rahat və sərbəst şəkildə veriliş apara bilirəm. Aparıcılıq, fikrimcə, elə jurnalistikadan başlamalıdır. Birdən-birə aparıcı olmaq aparıcının özü üçün də problem yarada bilər. Jurnalistika ilə məşğul olduğum dönəmlərdə gördüm ki, suallar hazırlamaq, müsahibə almaq insanın nitqini formalaşdırır. Bu sənətə jurnalistikadan gəldiyim üçün sevincliyəm.

 

– Tərzdən söhbət düşmüşkən, aparıcısı olduğunuz “Tərz+” verilişinin mahiyyəti nədən ibarətdir?

– Tərz və tərzin üstünlükləri haqdadır. Bu, tək dəb demək deyil, ümumilikdə həyat tərzimizə nələr daxildirsə, hər biri burada toplanıb. Əsas isə hər həftə qonaq olanların tərzini, zövqünü müəyyənləşdirməkdir. Bundan əlavə, tamaşaçıların diqqətini cəlb edəcək bütün mövzulardan danışa bilirik. İstər geyim, istərsə də sağlamlıq olsun – insanların seçimini asanlaşdırıb, düzgün istiqamətləndirməyə çalışırıq.

 

Xəyalə Rəis






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir