c06e3623ef21dbe817d900650d49a61b

Vaqif Bəhmənli ilə ədəbiyyat söhbəti

Baxış sayı: 5. 963

Cəmiyyətdə şair kimi tanınması onun üçün hər şey deməkdir. Amma deyir ki, bəzən kiminsə onu şair deyə çağırmasından heç xoşu gəlmir. Niyəsini şair, publisist Vaqif Bəhmənli ilə müsahibəni oxuyanda biləcəksiniz. 

–  Vaqif müəllim, adətən qısaca olaraq özünüzü necə təqdim edirsiniz?
– Əlbəttə, bizim təqdimatımızdan daha çox ətraf insanların bizi necə qəbul etməsi daha önəmlidir. Çox xoşdur  ki, cəmiyyət məni şair kimi tanıyır. Düzünü bilmək istəyirsinizsə, bu, mənə görə hər şey deməkdir. Amma nədənsə hərdən kimsə mənə şair deyə  müraciət edib çağırir ha, bax bundan heç xoşum gəlmir. Şairlik ciddi sənətdir, onların yaratdıqları kamil poeziya əsərləri digər elmlərdə olduğu kimi axtarış və kəşflərdən kənarda mövcud ola bilməz. Peşə etibarilə isə jurnalistəm.

 -Lap gənclik yaşlarından müxtəlif yaradıcı təşkilatlarda çalışmısınz. Xahiş edirəm, qısaca olaraq bu barədə bilgi verəsiniz.
– Mən 1955-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşam. Orta məktəbi kəndimizdə bitirmişəm. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olmuşam. Universiteti bitirdikdən sonra o dövrün aparıcı qəzetlərində çalışmışam. Doğrudur, həmin qəzetləri indi ideologiyaya xidmət edən qəzetlər kimi təqdim edirlər, ancaq bütün hallarda hər bir mətbu orqan mövcud olduğu cəmiyyətə məxsusdur. Mən “Sovet kəndi”qəzetində10 il mədəniyyət şöbəsinin müdiri olmuşam, daha sonra 3 il “Kommunist” qəzetində şöbə müdiri , “Odlar yurdu” qəzetinin baş redaktoru işləmişəm. Daha sonra 15 ilə qədər də dövlət qulluğunda – Gənclər və İdman Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri vəzifələrini tutdum. Bax belə…

– Yaradıcılığınızda son vəziyyət necədir?
– Bu ifadə bir qədər təbiət hadisəsi kimi görünür (gülür – red.). Mən çoxdan o fikrin tərəfdarıyam ki, yaradıcılıqda vəziyyəti özümüz idarə etməliyk. Bəzən deyirlər ki, ilham pərisi gəlməlidir filan. Əlbəttə, sən Allahın verdiyi enerjidən istifadə edirsən, ancaq hər bir sənət, eləcə də yazıçılıq və şairlik də bayaq dediyim kimi bir işdir, bir sənətdir və sən onun öhtəsindən gəlməlisən. Yazıçılıq davamlı mütaliədir, izləməkdir, müşahidələrdir, təmaslardır və s. Bəzən görürsən ki, gəncliyində gözəl şeirlər yazır və ya hər hansı bir gözəl nəsr əsəri yaradır, ancaq sonra hər şeyi dincə qoyur. Belə adamları başa düşmürəm. Yaradıcı insan gərək dayanmasın, fasilə verməsin. Ona görə də həmişə yaradıcı insanlara çağırış edirəm və deyirəm ki, bu yol əbədi bir yoldur, onu yarımçıq dayandırmaq olmaz. Bir-iki əsər yazıb, onun kölgəsində yatmaq olmaz.

– Belə başa düşdüm ki, ilham pərisini “idarə edirsiniz”?
– Məncə, ilham pərisi deyilən bir şey yoxdur. Bunu biz şairlər uydurmuşuq. Bir az təkəbbürlü səslənməsin, mənə elə gəlir ki, mənim içimdən gələn səs, söz – onminlərlə, yüzminlərlə insanın düşüncəsidir, duyğusudur. Allahın verdiyi istedad var, məsələn, Cabbar Qaryağdıoğlundakı, Yaqub Məmmədovdakı, Qədir Rüstəmovdakı səsi  kim inkar edə bilər?! Poeziyada da belədir. İstedad mütləq üzə çıxır, ancaq bizim mütaliəmizdən də, zövqümüzün formalaşmasından, fövqəladə təsirlərdən də çox şey asılıdır.

– Müasir ədəbiyyatda hansı müsbət meyillər var? Hansı problemlər sizi xüsusilə narahat edir?
– Artıq iki ildir ki, Qərbi Kaspi Universitetində (əvvəlki Qərb Universiteti) “Azərbaycan ədəbiyyatı tarixi” fənnini tədris edirəm və eramızdan əvvəldən başlamış XIX əsr ədəbiyyatına qədərki möhtəşəm ədəbi proseslər dövrünə nəzər salıb gəlmişik, başqa sözlə bir-birinə bağlı mərhələlər silsiləsini tələbələrimlə birlikdə əxz etmişik.  Sualınızla əlaqələndirərək deyim ki, öz mütaliə imkanlarım dərəcəsində, dünya miqyasında Azərbaycan ədəbiyyatı qədər davamlı, bir-birinin içindən doğulan, mərhələləri bir-birinə bağlı olan çox az sayda milli ədəbiyyat sərvətinə rast gəlmişəm. Məsələn, rus ədəbiyyatının Karamzinə, Puşkinə qədərki dövrü yalnız İqor Polku haqqında dastan və rus knyazlarının tarixçəsinə dair yarıgerşək, yarı folklor xarakterli əhvalatlardan ibarətdir. Amma siz XIX əsr Rus ədəbiyyatına baxın! Hətta mən deyərdim ki, XIX əsr rus ədəbiyyatı dünya ədəbiyyatının simasını müəyyən edir. Şübhəsiz, rus xalqı böyük xalqdır, rus ədəbiyyatı da böyük ədəbiyyatdır, ancaq Azərbaycan ədəbiyyatı qədər davamlı, ardıcıl deyil. Bizim ədəbiyyat çox qədimdir və davamlıdır. Bütün əsrlərdə Azərbaycan ədəbiyyatı nümunələri, həm də çox gözəl nümunələri ortaya çıxıb.
Bu gün də milli bədii düşüncəmiz özündən öncəki ənənələri, təcrübəni öz canına hopdurmuş, silahlanmış, eyni zamanda dünya ədəbiyyatının yeni dalğalarını qəbul etmiş bir ədəbiyatdır. Müasir dünya ədəbiyyatının yeni cərəyanlarını əxz edərək inkişafa can atan dəbiyyatımız var. Azərbaycan ədəbiyyatını müasir qlobal bədii axtarışların tərkib hissəsi saymaq olar, bu isə balaca iş deyil.
Ancaq onu da deməliyəm ki, bugünkü ədəbiyyatımızın aparıcı qüvvəsi orta nəsildir.
Gənclərdə axtarış imkanları çoxdur, mütaliə imkanları genişlənib, ancaq barmaqla sayıla biləcək sayda yazar xarici ədəbiyyatı orjinaldan oxuya bilir, təəssüf ki, rusca mütaliənin dairəsi daralıb, biz bu imkanı itirməsək yaxşıdır, çünki burada dünya ədəbiyyatını təmsil edən tükənməz irs mövcuddur  – bu, faktdır.
Orjinaldan oxuyan oxucu kütləmiz dediyim kimi, ümumiyyətlə azdır, xüsusilə də ədiblər arasında. Rus dilində oxuyanlar azalıb, xüsusilə  gənclər arasında Bəs yaxşı,  digər xarici dillərdə, tutaq ki, ingilis, fransız, alman, ispanca oxuya bilən nə qədər yazarımız var?!

Yeganə sevindirici hal odur ki, bu gün dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və çapı heç bir dövrdə indiki səviyyədə olmayıb. Prezident İlham Əliyevin sərəncamı ilə 150 cildlik dünya ədəbiyyatı seriyası çap olunub, təxminən 500 cildlik kiril əlifbasında olan kitablar latın əlifbasına keçirilib. Yəni artıq Azərbaycan dlində mütaliə bazası formalaşıb. Demirəm ki, bu kitabların hər biri mükəmməl səviyyədə tərcümə edilib, ancaq qətiyyətlə söyləmək olar ki, ədəbi zövqü formalaşdırmaq üçün bu gün Azərbaycan dilində kifayət qədər ədəbiyyat var. Digər bir tərəfdən, bunu da mütləq qeyd etməliyik ki, bu gün türk dilində mütaliə edən böyük bir oxucu kütləsi formalaşıb.

Maraqlı imzalar var, çox deyil, ancaq var. İnternet məkanı yaradıcı insanları tez məşhurlaşdırır, ancaq yenə də ciddi, yaddaqalan ədəbi nəsil arzusundayıq. Hansı ki, 60-70-ci illərdə gəlmişdilər bədii spz arenasına – Yusif Səmədoğlu, Anar, Elçin, İsi Məlikzadə, Ələkbər Salahzadə, İsa İsmayılzadə ,daha sonrakı illərdə Çingiz Əlioğlu, Ramiz Rövşən, Seyran Səxavət, Mövlud Süleymanlı, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Eldar Baxış, Vaqif Bayatlı … eləcə də mənim də mənsub olduğum 80-ci illərin uşaqları  – bu nəsillərdə ədəbi material kifayət qədər sabit idi, ciddi dayaqlara, ənənəyə söykənirdi. İşlədikləri mövzular  həmişə gerçək əbədi mövzular olurdu. İndikilərdə isə  hələ ki, daha çox axtarış meyilləri qeyd edilə bilər və təbii ki, buna da şükür.

– Bir halda ki, mövzunun üstünə gəldiniz, zəhmət olmasa deyin, gənc yazarları nə dərəcədə izləyirsiniz? Kimlərin yaradıcılığı bir həmkar və oxucu kimi sizi məmnun edir?
– Əvvəl 17-30 yaşda yazarı biz gənc kimi qəbul edirdik, indi gənc olaraq kiminsə adını çəkəcəm, məlum olacaq ki, onun yaşı 40-dan keçib. Baxmayaraq ki, çap imkanları, tanınmaq imkanları genişlənib, ancaq gənc ədibin cəmiyyətin böyük kütləsi tərəfindən tanınması ləngiyir, əslində belə olmalı deyil. Mənə elə gəlir ki, 30 yaşa qədər bizim müəlliflərin kitabları artıq dünyada çap olunmalıdır.

Hesab edirəm ki, biz bir işlə də mütləq məşğul olmalıyıq – öz ədiblərimizin dünyaya çıxması üçün dəstək verməliyik. Məsələn, Türkiyədə belə bir proqram var – TEDA proqramı, – öz yazarlarının kitablarını xarici dillərdə çap edib, dünyaya yayırlar.

– Dediniz ki, Qərb Universitetində (indiki Qərbi Kaspi Universiteti) müəllim kimi çalışırsınız. Yaradıcılıq enerjinizi uşaqlara ötürə bilirsinizmi?
– Bəli, Qərb Universitetinə hər zaman mənim böyük hörmətim və sevgim olub. Elə qismət olub ki, bu universitetin himninin sözlərini də mən yazmışam, eyni zamanda övladlarım burda oxuyublar. Çox gözəl təhsil alıblar, indi də işləyirlər. Və bunu da öz övladlarımın təcrübəsindən irəli gələrək mütləq deməliyəm ki, Qərb Universiteti doğrudan da yaxşı kadrlar yetişdirir, bu təhsil ocağının tələbələri mütləq cəmiyyətdə öz yerlərini tuturlar, karyeralarında uğurlar qazanırlar. Burada tələbələr xarici dilləri mütləq qaydada və yüksək səviyyədə mənimsəyirlər, eyni zamanda təfəkkür tərzləri yeni, modern cəmiyyətə uyğun inkişaf edir. İxtisaslaşma praktik olaraq aparılır – bu, çox vacibdir. Qaldı ki, enerjimi tələbələr ötürə bilmək məsələsinə, dərslərə çox böyük sevgi ilə gəlirəm. Uşaqlardan da istədiyim enerjini alıram, görürəm ki, onların gözündə öyrənmək həvəsi var. Mən özüm də uşaqlarla bərabər ədəbiyyatımızı yenidən öyrənirəm. Bu, mənim xoşbəxtliyimdir, həm öz ruhumu verirəm tələbələrə, həm də özüm onlardan enerji alıram və onlarla birlikdə yenidən Azərbaycan ədəbiyyatını, bədii düşüncəmizin tarixini öyrənirəm. Və bir məsələni də etiraf edirəm: yaradıcılıq prosesində indi dərinləşən biliklər mənə əhəmiyyətli dərəcədə kömək edir.

Vüsal Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir