mehman r

Mehman Rəsulov: “Müasir ədəbiyyatımızın problemi onun olmamağıdır” – MÜSAHİBƏ

Baxış sayı: 4. 923

“Gencaile.az” saytının budəfəki qonağı jurnalist, ssenarist və şair kimi tanıdığımız Mehman Rəsulovdur.

 

– Sizcə, Mehman Rəsulov adı gələndə insanların gözündə idman jurnalisti, ssenarist, yoxsa şair olan Mehman canlanır?

– Müsahibə çox maraqlı bir sualla başlayır. Doğrudur, məni idman jurnalisti kimi tanıyanlar da, ssenarist kimi qəbul edənlər də, şair kimi tanıyanlar da var.  Amma kimin necə qəbul etməsindən daha çox hər üç sahədə bacardığım qədər yaxşı olmağa çalışıram. Amma ən önəmlisi yaxşı dost, yaxşı ailə başçısı, yaxşı həmkar olmağa cəhd göstərirəm. Məncə, ən əsası yaxşı insan olmaqdır. Bunu nə qədər bacardığımı ətrafımdakılar daha dəqiq bilər, ancaq hər halda ən önəmlisi insani keyfiyyətlərin yüksək olmasıdır.

 

– Həm ssenarist, həm jurnalist, həm də şair kimi gündəmdəsiniz. Üç fərqli sahədə ən böyük 3 hədəfiniz nələrdir?

– Düzü, şair kimi özüm üçün bəlli bir hədəf müəyyənləşdirməmişəm. Xalq şairi və ya Azərbaycanın ən güclü şairi olmaq kimi bir hədəfim yoxdur. Sadəcə olaraq hisslərimi ifadə edirəm və yazdığım şeirləri kimsə bəyənəndə, yüksək qiymət verəndə buna sevinirəm. İdman jurnalisti məsələsinə gəlincə, mən daha çox xəbər jurnalistiyəm. Çalışıram ki, işlədiyim “Real” televiziyası vasitəsi ilə insanlara xəbəri doğru, soyuqqanlı,  çevik, tez – xəbərin öz sürətində təqdim edim. Təbii ki, həmkarlarımla çiyin-çiyinə. Ssenarist kimi isə arzularım bir az fərqlidir. İstəyim odur ki, nə vaxtsa mənim ssenarimə çəkilən film Azərbaycanı ölkə xaricində təmsil etsin və uğur qazansın. Əslində, hazırda əlimdə bu uğuru qazana biləcək bir ssenari var, ancaq Azərbaycanda o ssenariyə film çəkəcək rejissorun olub-olmaması məni düşündürür.

 

– Müsahibələrinizin birində demişdiniz ki, 2013-cü ildə “Arzuların ardınca” bədii filminin ssenarisini yazdığınız ərəfədə atanızı itirmiş və həmin ssenarini bu hadisənin təsiri ilə yazmışdınız. İlk şeir kitabınız olan “Payız adamı”da bədbin şairin qələmindən çıxmış şeirlər toplusunu xatırladır. Bəs bu kitabın çapı zamanı nədən təsirlənmişdiniz?

Ümumiyyətlə, mənim atamla olan münasibətim bir ata-oğul münasibətindən daha artıq idi. Onun sağlığında yaranmış bu bağ onun dünyasını dəyişməsindən sonra daha da möhkəmləndi. İstər filmin ssenarisini yazanda, film çəkiləndə, istərsə də kitabım çap olunanda atamın məni izlədiyini, işlərimə fikir bildirməsini gözümün önnündə canlandırmışam. Bundan sonrakı işlərimin, qazandığım uğurların arxasında atamı görəcəm. Düzdü, bunu insanlar görməyəcək, amma mən onu həmişə görəcəyəm.

 

kitab

–  Sizcə, müasir ədəbiyyatımızın ən böyük problemi nədir?

–  Nə qədər ağır ifadə olsa da, müasir ədəbiyyatımızın problemi onun olmamağıdır. Problemdir bu həqiqətən də. Bizim ədəbi tariximiz, ənənələrimiz, ədəbi nümunələrimiz olub. Bu gün bunun bu qədər zəif olması, bu gün insanlarım mütaliəyə meylli olmaması və ya dünyada çox oxunan kitabları oxumağa maraq göstərməsi, bu mənada insanların bəhsəbəs etməsi, kitabları ancaq kitab rəfinə qoymaq üçün alması, başqa sözlə, kitaba olan münasibət ürəkaçan deyil. Kitab qalın yox qalan olmalıdır. Cildinə görə alınmamalıdır. Sözsüz ki, bu məsələdə ədəbiyyatımızın səviyyəsi də az rol oynamır. Ədəbi tənqidçilərin demək olar, olmamsı böyük rol oynayır. Məsələn, Rusiya ədəbiyyatında  Belinski kimi ədəbi tənqidçinin olması 19-cu əsrdə Rusiya ədəbiyyatında əjdahaların üzə çıxmasında misilsiz rol oynamışdı. Məncə, ədəbiyyatımız mütləq silkələnməlidir.

 

MEHMAN resulov

 

– Əsas problemlərdən biri  müasir yazarların klassiklərə birmənalı olmayan münasibətidir. Bu baxımdan siz hansı mövqedəsiniz?

Mənim fikirimcə, klassikləri danmaq ən uğursuz addımdır. Klassiklər deyəndə biz lap qədim yunan ədəbiyyatını, 19-cu əsr Rusiya ədəbiyyatını, Fransız intibah dövrünün ədəbiyyatını misal göstərə bilərik. Bundan başqa, Sovet dövründəki Azərbaycan ədəbiyyatını qeyd edə bilərik. Mən klassikanı ağır bir təama bənzədirəm. Onu hər kəs həzm edə bilmir. Ümumiyyətlə, mən belə düşünürəm ki, klassik əsərlər heç də hamı üçün deyil. Məsələn, Mixail Bulqakovun “Master və Marqarita” əsəri hamı üçündürmü? Baxmayaraq ki, bu əsər bəşəri bir əsərdir. Hətta indiyə kimi insanlar onu müəyyənləşdirməyə çalışırlar ki, Bulqakov bu əsəri yazarkən ağlı başındamı olub. Məsələn, Tolstoyun “Hərb və sülh” romanı, Dostoyevskinin əsərləri, Anton Çexovun hekayələri, dünya ədəbiyyatından Vladimir Nabokov,  Jan Pol Sartr, Hüqo, Aytmatov və s. olmadan ədəbiyyat varmı?!

 

– Ölkəmizdə çəkilən filmlərə yazılan ssenarilər arasında rəngarənglik demək olar, yoxdur. Daha çox eyni mövzulara müraciət edilir. Hazırda ölkəmizdə ssenarinin yazılması sahəsindəki mövcud durumu necə qiymətləndirə bilərsiniz?

– Ssenari məsələsi – daha bir ağrılı məsələ. Azərbaycanda son vaxtlar komediya janrına üstünlük verilir ki, buna da komediya yox, komediyaya cəhd deyərdim. Düzdür, kinoteatrlarda bu tip azbüdcəli filmlər tamaşaçı yığır. Tamaşaçı bu tip filmlərə daha çox gülmək üçün baxır. Bayaq dediyim kimi əlimdə dram filmi üçün ssenari var, ancaq komediya filmlərinin tüğyan elədiyi bazarda ciddi filmlər üçün perspektiv o qədər də çox deyil. Məncə, kino sahəsində çalışanlar üçün müəyyən güzəştlər, dəstək olmalıdır ki, kimsə məcburiyyətdən yox, istədiyi filmi çəkə bilsin. Yoxsa əgər tamaşaçı kinoteatra gəlir, popqorn yeyir, gülür və gedirsə, heç bir ciddi filmdən söhbət gedə bilməyəcək.

 

– Filmlərimizin xaricdə tanıdılmamasında yazılan ssenarilərin zəif olmasını əsas səbəb kimi göstərə bilərikmi?

– Təəssüf ki, xaricə çıxan filmlərimiz hələ ki, ciddi uğur qazanmayıb. Düzdür, bəzi lokal uğurlarımız var, amma bu uğurlar daha çox ikinci, üçüncü, dördüncü dərəcəli film festivallarında qazanılıb ki, belə festivallar da bilirsiniz ki, çoxdur. Dünya tərəfindən qəbul edilən festivalda qalib olmaq əsasdır ki, belə bir uğurumuz da yoxdur. Bu uğuru nə hansısa filmimiz qazana bilim, nə fərd olaraq hansısa rejissorumuz, nə də aktyorlardan kimsə. Filmlərimiz üçün bəstələnən musiqəyə də, Emin Sabitoğlunun müsiqilərinə də baxdıqda aralarında xeyli fərq olduğunu görürük. Bu fərq aradan qalmayana qədər ölkə xaricində uğur qazanmaq həqiqətən çətin olacaq. Ssenari məsələsinə gəlincə, məncə, zaman-zaman yaxşı ssenarilərimiz olub. Mənə elə gəlir ki, daha çox rejissor işinin üzərində dayanmaq lazımdır. Ümumiyyətlə, bu sahədə bir məktəb olmalıdır. Yaxşı rejissor, yaxşı ssenarist və yaxşı aktyor yetişdirə bilən məktəb. Bunlar hamısı müştərək işlərdi və bunlardan hər hansı biri axsayanda film uğursuz alınır. Bunlar hamısı filmin məhək daşlarıdır. Ssenaristə vaxt verilməlidir. Əgər hər hansı xarici ssenaristdən iki gün ərzində serial ssenarisi yazmağı tələb edəcəksinizsə, ortaya çıxan “məhsul” indi görfüyünüz kimi olacaq. Ssenaristə vaxt verilməli, ona rahat şərait yaradılmalı və ən əsası stimul olması üçün yaxşı məvacib verilməlidir. Bayaq məktəb sözünü işlətdim. Bu sahə ya tədris olunmur, ya da tədris olunmur kimi olunur.

 

– Bəzən olur ki, ssenaristlərə “Bu seriallarımızın axırı hara gedəcək?” sualını verəndə, narazı halda “Əslində yazdığımız ssenariyə uyğun serial çəkilsə, çox yaxşı olacaq” kimi cavab verirlər. Sizcə, doğurdanmı, rejissorlar ssenaristlərin yazdıqlarına əhəmiyyət vermir?

– Məncə, rejissorlar ssenaristlərin ssenaristinə önəm verir. Əgər ssenariyə önəm verilməsə, film çəkilməzdi. Rejissorun həmin ssenarini nə dərəcədə yaşaması bu məsələdə önəmli məqamdır.

 MEHMAN

 

– Heç elə olub ki, hansısa filmə baхarkən düşünəsiniz ki, gül kimi ssenarini korlayıblar…

– Olub belə filmlər. Baxırsan ki, ssenari əladır, amma rejissor bunu istənilən səviyyədə çatdıra bilməyib. Yaxud əksinə, ssenarinin zəif olduğu filmlər izləmişəm ki, rejissor onu elə çəkib ki, çox yaxşı film ərsəyə gəlib. Adətən rejissor ssenarist vəhdəti düz mütanasib olmayanda film istənilən kimi alınmır.

 

– Sizi idman ictimaiyyəti də yaxşı tanıyır. Hətta biri ptən il olmaqla iki dəfə ilin idman jurnalisti də seçilmisiniz. İdman jurnalisti olaraq ANS-də başlayan fəaliyyətiniz indi “Real” TV-də davam edir. İdman jurnalisti olmaq arzunuz idi, yoxsa təsadüfən belə alındı?

– Açığı, mən özümü sırf idman jurnalisti saymıram. Düz qeyd etdiniz ki, iki dəfə ilin idman jurnalisti seçilmişəm, amma bu gün idmandan yazıramsa, o demək deyil ki, digər sahələrdən xəbərsizəm. Məsələn, mən mədəniyyətlə bağlı sujet də hazırlaya bilərəm. Siyasi jurnalistikaya da yaxınam. Sosial-iqtisadi sahə ilə də maraqlanıram. Təbii, bəlkə idman sahəsi qədər yüksək səviyyədə bacarmaram, çünki artıq idman mənim canıma, qanıma hopub, amma məncə, jurnalist bütün sahələrdə işləməyi bacarmalıdır. Məsələn, bu gün çalışdığım “Real” televiziyasında hər hansı başqa sahədə mənə ehtiyac olarsa, işimin öhdəsindən gələ bilərəm. Sırf idman jurnalisti kimi çalışmağım isə bir az təsadüf oldu. O vaxt ANS-də işləyəndə Gündüz Abbaszadə idman bölməsinə keçməyi təklif edəndən sonra idman jurnalistikası ilə məşğul olmağa başladım. Buna qədər daha çox sosial mövzudan yazırdım.

 

– Bir müddət “Neftçi”nin mətbuat xidmətinin rəhbəri kimi də çalışdınız. Həmin vaxt klubun “Neftçi”nin Müşahidə Şurasının rəhbəri tanınmış yazıçı Çingiz Abdullayev idi. Bir ədəbiyyat adamı olaraq yazıçı ilə işləmək çətin, yoxsa asan idi?

– Çingiz müəllimlə çox dioloqlarımız olub. Təbii ki, təkcə futbol haqda yox, həm də ədəbiyyat mövzusunda. Onun tövsiyələri həmişə mənim öçün vacib olub. Çingiz müəllim bizim dəyərli yazıçımızdır. Həm də çox gözəl insandır. Onunla söhbət etmək insanın özü üçün mənəvi qidadır. Dediyim kimi, ədəbi mövzuda söhbətlərimiz çox olurdu. Müəyyən şeylərdə Çingiz müəllim mənimlə razılaşmırdı, bəzən mən öz narazılığımı dilə gətirirdim. Elə şeylər olurdu ki, həmin mövzuda onun nə düşündüyünü bilmək mənə maraqlı gəlirdi və bu haqda soruşurdum. O vaxt mənim şeir yazmağımdan xəbərdar idi və özü nəsr yazmağına baxmayaraq sağ olsun ki, yüksək qiymət verirdi. Ümumən onunla işləmək çox rahat idi. Ədəbiyyat adamları çox həssas olur. Mən özüm də özümü həssas adam hesab edirəm və bu mənada həssas adamla işləmək həm rahat idi, həm şərəf idi, həm də Çingiz müəllimi tanımaq fürsətim olduğu üçün özümü şanslı sayıram. Məncə, biz də Çingiz müəllim kimi ölkəmizi öz kitablarımızla xaricdə tanıtmağa çalışmalıyıq.

 resulov m

 

– Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil. Sizcə, futbolumuzun ssenarisin necə yazmaq lazımdır ki, ölkə futbolu inkişaf etsin

İlk sualdan etibarən bütün suallarınız maraqlı oldu. Həmçinin sonuncu sual. Təəssüf ki, indiyə qədər bu sualın cavabını tapa bilməmişik. Futbolumuzda zaman-zaman çox ssenari yazılsa da, heç biri xoş sonluqla bitməyib. Məncə, hər hansı ssenari yazmaqdansa, dünya futbolundakı elementar qaydaları səbrlə tətbiq etməklə uğur qazana bilərik. Uşaq futboluna diqqət ayırmaq lazımdır. Amma söhbət sözdə yox, həqiqi qayğıdan gedir. Tutaq ki, 100 futbolçu yetişdirmək istəyiriksə, bunun üçün futbola 1000 uşaq cəlb etməliyik. Hətta bəlkə də 1000-dən daha artıq. Axı hər nəsil istedadlı olmur. Azərbaycan futbolunda elə dövr olub ki, həmin vaxt yetişən futbolçular həqiqətən istedadlı olub, ancaq tutaq ki, iki il sonrakı nəsil üçün eyni sözləri deyə bilməmişik. Azərbaycan futbolunda öz istedadı ilə seçilənlər hər zaman olub. Bu gün də var, sabah da olacaq. Ümumən xalqımız hər sahədə istedadlıdır. Sırf futbola gəlincə, bu sahəni futbolun inkişafında maraqlı olan insanlara tapşırmaqla, dünyada effekt verən futbol modellərini ölkəmizdə də şəffaf şəkildə tətbiq etməklə futbolumuzun səviyyəsini yüksəltmək mümkündür.

 

Söhbətləşdi: Tural Məmmədov

tv




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir