elchin_abbaszade

Neyrocərrah Elçin Abbaszadə: “Çətin əməliyyata girəndə məhz belə düşünməyə çalışıram” – MÜSAHİBƏ

Baxış sayı: 9. 652

“Gencaile.az saytının “Həkimim” rubrikasında müsahibimiz neyrocərrah, Tibb üzrə fəlsəfə doktoru Elçin Abbaszadədir. Öncə müsahimizlə bir az yaxından tanış olaq:

 

E.Abbaszadə 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. 1999-2001-ci illərdə Rusiya Elmlər Akademiyası Yaroslavl vilayət xəstəxanasında ordinatura keçib. 2001-2005-ci illərdə Hərbi Hospitalda neyrocərrah işləyib. 2005-2007-ci illərdə Sumqayıt şəhəri, Təcili Tibbi Yardım Xəstəxanasında neyrocərrah, 2007-2009-cu illərdə isə orada neyrocərrahiyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. 2009-2012-ci illərdə Ukraynanın Kiyev şəhərində Ramadanov adına neyrocərrahiyyə İnstitutunda aspirantura təhsili alıb. 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-neyrocərrah vəzifəsində çalışmaqdadır.

 

– Neyrocərrahiyəni cərrahiyyə işinin ən çətin istiqaməti adladıra bilərik yəqin ki. Nə üçün ən çətin istiqaməti seçdiniz?

–  Cərrahiyyə sənəti ümumiyyətlə məncə kosmonavtika qədər maraqlı və çətin bir peşədir.Neyrocərrahiyyə isə yəqin ki doğrudan da daha da yüksək nəzəri biliklər və hədsiz incə praktiki vərdişlər tələb edir. Neyrocərrahiyyəni  isə səmimi olsaq, 6-cı kursda seyr etdiyim bir Amerika filmindən sonra seçdim. Həmin filmdə bir neyrocərrahın həyatı əks olunmuşdu.

 

– Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Rusiya Elmlər Akademiyasının Yaroslavl vilayət xəstəxanasında ordinatura, Ukraynanın Ramadanov adına neyrocərrahiyyə institutunda aspirantura təhsili almısınız. Bu ölkələrdə tibb təhsilinin və tibbin inkişaf səviyyəsini Azərbaycanla müqayisə etməyə imkanınız var. Nə deyə bilərsiniz bu mövzuda?

– Təbii ki, qeyd etdiyiniz mərkəzlər, xüsusilə Ukrayna Romodanov adına neyrocərrahiyyə institutu adından göründüyü kimi ancaq neyrocərrahiyyə ilə məşğul olduğundan dünyanın bu sahədə ən qabaqcıl və böyük mərkəzlərindən biridir. Ancaq son vaxtlar azərbaycanlı kadrlar da dünyanın demək olar ki, istənilən mərkəzində təhsil almaq və ixtisaslaşmaq imkanına malikdirlər. Və artıq Azərbaycanda da  tibbin bütün sahələrində sürətli inkişafın şahidiyik.

 

– Bu gün ölkəmizdə neyrocərrahiyyə hansı səviyyədə inkişaf edib?  Pasiyentlər neyrocərrahlarımıza nə dərəcədə etibar edə bilərlər?

– Neyrocərrahiyyədə də bayaq qeyd etdiyim kimi kifayət qədər yüksək peşəkar kadrlarımız var. Pasiyentlərimizsə tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, öz neyrocərrahlarımıza etibar edə bilər. Burada bir məqamı qeyd etmək istərdim ki, pasiyentlər bəzən qonşu ölkələrə müraciət edərək heç tanımadıqları neyrocərrahlara və ya digər ixtisas həkimlərinə etibar etməkdənsə öz respublikamızda müalicə alsalar, daha effektiv nəticə alarlar.

 

– Xəstələr ən çox hansı ağrılardan şikayət edirlər?

– Bel ağrılarından şikayətlənənlərə daha çox rast gəlirik.

 

– Baş və boyun nahiyyəsində davamlı ağrıların ən başlıca səbəbləri nələr ola bilər?

–  Bu suala təbii ki, bir cümlə ilə cavab vermək düzgün olmazdı. Lakin boyun nahiyyəsində osteoxondroz dediyimiz, başda isə gərginlik tipli baş ağrıları daha çox rast gəlinir.

– Yəqin çox riskli əməliyyatlara da girməli olursunuz? Belə hallarda özünüzü necə kodlaşdırırsınız? Əməliyyatın risk dərəcəsini xəstə yaxınlarına izah etmək çətin olmur ki?

–  Demək olar ki, risksiz əməliyyat olmaz. Bəzən sadə düşünərək girdiyin əməliyyat çox çətin keçir və ya tərsi çox çətin bir əməliyyat asanlıqla başa çatır. Riskli, çətin əməliyyata girəndə məhz belə düşünməyə çalışıram. Xəstə yaxınlarına gəlincə isə təbii ki, onları da başa düşmək lazımdır. Bəzən eyni sözləri dəfələrlə təkrar etməli olursan.

 

– Hərdən olubmu ki, düşünəsiniz ki, kaş ki, daha az riskli, daha asan istiqaməti seçərdim?

–  Sözün açığı, dəfələrlə belə düşünmüşəm.

 

– Oxucularımızdan biri soruşur: 2-3 il öncə bərk soyuqlayıb, qrip olmuşdum, sağaldıqdan, ayağa qalxdıqdan sonra belimdə ağrılar qaldı. İndiyə kimi davam edir. Çox yorulanda, ayaq üstündə qalanda ağrılar artır. Bu, nəyin əlamətidir və mən nə etməliyəm?

– Verilən informasiyadan burada fibromialgiya barədə düşünmək olar , ancaq xəstəni təbii ki tam müayinə etmək lazımdır.

 

– Oxucularımıza hansı tövsiyələriniz var? Özlərini necə qorusunlar? Hansı profilaktik tədbirləri görsünlər?

–  Oxuculara tövsiyəm sağlam həyat tərzi keçirsinlər, zərərli adətlərdən çəkinsinlər ,imkan daxilində bədən tərbiyəsi və idmanla məşğul olsunlar, stress faktorlardan mümkün qədər uzaq olsunlar.

 

 

Söhbətləşdi: Vüsal

 




1 şərh “Neyrocərrah Elçin Abbaszadə: “Çətin əməliyyata girəndə məhz belə düşünməyə çalışıram” – MÜSAHİBƏ

  1. Sevda

    Anamda boyun hissesinde iri wekilde lipoma var.demek olar ki yayilib.onu emeliyyat etmek olarmi?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir