Qumru Eyvazova 1

Dövlətə xəyanət və onun cəzası – “VƏKİL BÜROSU”

Baxış sayı: 507

Dövlətə xəyanətlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində, yəni Cinayət Məcəlləsində xüsusi maddə ayrılmışdır. Yəni, bu növ cinayət sərt cəza verilməsi ilə nəticələnir.  Əksər hallarda, media kimlərin dövlət xəyanəti ilə tutulmasını işıqlandırsa da, məsələnin dövlət sirri təşkil etdiyi üçün, məhkəmə prosesləri qapalı keçirilir və işin təfərrüatı ictimaiyyətə açıqlanmır.

 

Ümumiyyətlə dövlətə xəyanət dedikdə nə başa düşülür?

Dövlətə xəyanət – yəni, dövlətin vətəndaşı tərəfindən dövlətin suverenliyinə qarşı qəsdən yönəlmiş əməldən ibarət olan bir cinayət növüdür.

Xüsusilə, dövlətə xəyanətə (Vətənə xəyanət) daxildir:

– müharibə zamanı düşmən tərəfinə keçmək (işbirliyi),

– dövlət sirrini açıqlamaq,

– casusluq,

– hakimiyyətin iradəsinə zidd olaraq düşmənlə ayrı-ayrılıqda danışıqlar aparmaq və s.

 

“Dövlətə xəyanət”in tarixi haradan qaynaqlanır?

Bu ifadə Fransız dilinin orta əsr hüquq konsepsiyasında işlədilmişdir. Belə ki, “Lèse majesté” – hökmdarın şəxsiyyətinə təhqir kimi qəbul edilmişdir. Sonuncu, öz növbəsində, Roma hüququndakı cinayətin “laesae majestatis” (lese majeste) anlayışını özündə əks etdirir ki, bu anlayışa da ilkin olaraq bütün dövlət cinayətləri daxildir.

SSRİ-də 1960-cı ildə qüvvədə olan Cinayət Məcəlləsinin 64-cü maddəsində  bu cinayət növü “Xüsusilə təhlükəli dövlət cinayətləri” Fəslinin tərkibinə daxil edilmişdir. Belə ki, 64-cü maddəyə (Vətənə xəyanət) əsasən, vətənə xəyanət, yəni SSRİ vətəndaşı tərəfindən SSRİ-nin suverenliyinə, ərazi bütövlüyünə və ya dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə zərər vuran qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, xəyanət, xarici dövlətə dövlət və ya hərbi sirri olan məlumatın ötürülməsi, xaricə qaçma və ya SSRİ ərazisindəki sərhədlərə görə qayıtmaqdan imtina etmə, SSRİ-yə qarşı düşmənçilik fəaliyyətinin həyata keçirilməsində xarici dövlətə yardım göstərmə, habelə hakimiyyəti ələ keçirmək üçün sui-qəsd kimi başa düşülürdü.

 

Bəs qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi bu növ cinayəti necə tövsif edir?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Dövlətə xəyanət” maddəsi “Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər” kimi 31-ci Fəsilə daxil edilmişdir.

Belə ki, Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən, dövlətə xəyanət – yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə kimi anlayış verilmişdir. Həmin cinayətin törədilməsinə görə şəxsə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmişdir. Bu maddənin qeyd hissəsinə əsasən, bu maddədə, habelə bu Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş “Casusluq”cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur kimi müddəa təsdiq edilmişdir.

Ümumiyyətlə məhkəmə praktikasında, xüsusən də son illər ərzində “Dövlətə xəyanət”maddəsi ilə başlanılan və məhkəmə hökmü olan müxtəlif maddələrlə də ittiham olunan təqsirləndirilən şəxslərə qarşı qaldırılmış işlərin şahidi oluruq. Onlardan ən çoxu təbidir ki, qonşu dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının vətəndaşları ilə əlbir olaraq Azərbaycan dövlətinə qarşı etdiyi qanunsuz hərəkətlərini misal gətirmək olar. Bunlardan məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün Azərbaycan Respublikasının dövlət sirrini təşkil edən və sair məlumatları Ermənistan Respublikasının xüsusi xidmət orqanına vermək məqsədilə toplayaraq casusluq etmiş, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmiş şəxs kimi cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu zaman məhkəmə həm məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxin ifadəsini, həm də ibidai istintaq zamanı vermiş olduğu ifadəsini müqayisələndirir və uyğunsuzluq yaranarsa, artıq hansının əsas götürülərək tətbiq edəcəyini özü müəyyən edir. Təbiidir ki, bu halda, istintaq materiallarına əlavə edilmiş sənədlər və videoyazılar əsasında məhkəmədə yenidən bunlara baxış keçirilməklə yekun qərar qəbul edilir. Ümumiyyətlə Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında tədqiq edilmiş çoxsaylı obyektiv sübutları, o cümlədən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı ayrı-ayrılıqda vermiş olduqları ifadələri əsas tutur və Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin mövcud olmasını müəyyən edir.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir