qumru E

Vətəndaşlıq və ona qəbul proseduru – “VƏKİL BÜROSU”

Baxış sayı: 636

Tarix boyunca dünyanın müxtəlif ölkələrinə, tarixlərinə, cəmiyyətlərinə, mədəniyyətlərinə və ideologiyalara uyğun olaraq vətəndaşlığa yanaşmalar və ənənələr dəyişir və vətəndaşlıq anlayışı da müxtəlif formalarda başa düşülür.

Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs, habelə, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Hazırda dünyada baş verən bəzi qarşıdurmalarla əlaqədar olaraq, Azərbaycana müxtəlif sayda xarici vətəndaşlar üz tutur, və onların ilk verəcəyi sual – “Azərbaycan vətəndaşlığına qəbul prosedura hansı qaydadadır” olur. Lakin qeyd etmək yerinə düşər ki, bu prosedur asan prosedur olmadığı üçün və hər bir müraciət edən şəxsə vətəndaşlıq verilmədiyi üçün, nadir hallarda, şəxslər ümumiyyətlə bu prosedura başlamaq niyyətində olurlar.

 

Bəs qanunvericilik vətəndaşlığı kimlərə şamil edir?

Vətəndaşlıq barədə müddəa Azərbaycan Respublikasının Ali qanunu olan Konstitusiyada təsbit edilmişdir. Belə ki, Azərbaycan ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan vətəndaşı hesab edilmir. Azərbaycan ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşı hesab edilə bilməz. Azərbaycan ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşığı əldə edə bilər. Azərbaycan ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan vətəndaşı hesab edilir. Bundan başqa, şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdə, beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda vətəndaşlıq əldə edə bilər.

Eləcə də, Azərbaycan ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.

Əvvəllər Azərbaycan vətəndaşı olmuş və ya vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, qanununda sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər. Lakin yenə də qeyd etmək lazımdır ki, yuxarıda sadalanan tələblər həmin şəxsə də aid ediləcəkdir.

Vətəndaşlığa bərpa və ya vətəndaşlığa xitam verilmə, eləcə də, Azərbaycan vətəndaşlığına qəbul barədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Şəxsin Azərbaycan vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi, əldə etdiyi Azərbaycan vətəndaşlığını itirməsinə səbəb ola bilər.

 

Miqrasiya cinayətləri barədə qanunvericilikdə hansı cəza tədbirləri göstərilib?

Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1-ci maddəsinə əsasən, Qanunsuz miqrasiyanın təşkili barədə cəza müəyyən edilmişdir. Belə ki, həmin maddəyə uyğun olaraq, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə – 4000 manatdan 8000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istənilən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncam verilməlidir.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir