tengiz chelilov

Tanınmış damar cərrahı: “Genetik faktor, dikdaban ayaqqabılar, hamiləlik və doğuş” – MÜSAHİBƏ

Baxış sayı: 4. 500

“Gencaile.az”  saytının “Həkimim” rubrikasının budəfəki qonağı tanınmış damar cərrahı Tengiz Cəlilovdur.

 

–  Neçə ildir damar cərrahiyəsi ilə məşğulsunuz?

–  2006-cı ildə Moskvada Bakulev adına ürək-damar elmi-araşdırma mərkəzinə ordinaturaya qəbul oldum. İki ildən sonra ordinaturanı bitirib həmin yerdə arterial patologiya şöbəsinə aspirant kimi qəbul oldum. 5-ci ilin tamamında aspiranturanı bitirib vətənə döndüm. Hazırda çox sevdiyim işimlə öz xalqıma xidmət edirəm.

 

– Günümüzdə damar cərrahiyəsində ən çox rast gəlinən problemlər hansılardır?

– Daha çox aşağı ətraf venalarının varikozu.

 

– Varikozlardan necə yaxa qurtarmaq mümkündür. Ümumiyyətlə bu problemin mümkün həlli yolları hansılardır?

– Xəstəliyin erkən mərhələsində dərman preparatlarıyla və xəstənin yaşam tərzinə dəyişikliklər gətirməklə xəstəliyin qarşısını almaq mümkün olur. Çox təəssüf ki, xəstələr bizə gecikmiş və xəstəliyin fəsadlaşmış hallarında müraciət edirlər. Bu halda xəstəliyin müalicəsi cərrahi üsulla həyata keçirilir.

 

– Bu problemin ilkin simptomları hansılardır?10450940_1591308627762377_9100689572241770006_n

– Xəstələr uzun müddət ayaqda qala bilmir, oturaq vəziyyətdə əziyyət çəkir, gecələr aşağı ətraflarda qıc olmalar olur.

 

–  Varikozun qadınlarda daha çox rast gəlinməsinin səbəbləri nələrdir?

– Ilkin olaraq genetik faktor. Daha sonra hündür daban ayaqqabılara üstünlük verilməsi, hamiləlik, doğuş.

 

–  Bilirik ki, varikoz xəstəliyi insanları daha çox iki aspektdən narahat edir. Bir estetik cəhətdən, bir də tibbi cəhətdən. Çox zaman həkimlər bunun həlli olaraq varikoz corablarını geyinməyi məsləhət görürlər. Bilmək istərdik ki, bu corablar nə qədər effektiv ola bilər?

–  Varikoz corabları xəstəliyin həlli deyil. Sadəcə, xəstəliyin irəli getməməsi üçün, tromboz risklərini azaltmaq üçün həkimlər varikoz corablarından istifadə etməyi tövsiyə edir.

 

– Günümüzdə qəfil ölüm hallarının damar problemləri ilə nə dərəcədə bağlığı vardır?

– Bəzi ani ölümlər trombemboliyadan baş verir. Bu da varikoz xəstəliyinin zamanında müalicə olunmamasının üzücü nəticəsidir.

 

– Ümumiyyətlə, bədənin müxtəlif nahiyələrində damar genişlənməsinin səbəbləri və nə kimi fəsadları ola bilər?

– Əsas səbəbləri: venaların anomaliyası (qadınlarda 60-70% müşahidə olunur), səthi venaların qapaqcıqlarının doğuşdan zəif inkişaf etməsi və ya sonradan hər hansısa səbəbdən zəifləməsi varikoza səbəb olur.

– Varikoz xəstəliyinin fəsadları: dərin ven trombozları, səthi venaların tromboflebiti, aşağı ətraflarda dərinin trofikasının pozulmasıyla əlaqədar olaraq trofiki xoraların yaranması.

 

– Əgər hər hansı bir şəxs ayaqlarında varikozun ilk simptomlarını hiss etsə, ilkin olaraq nə etməlidir?

– Damar cərrahına zaman itirmədən müraciət etməlidir.

 

– Damar genişlənməsində istifadə olunan köpük terapiyası nə dərəcədə effektivdir?

–  Damar cərrahiyəsində varikoz xəstəliyinin müalicəsi bir çox metodla aparıla bilər. Sadəcə, hər xəstəyə və onun xəstəliyinə individual yanaşmaq lazımdır. Bir metodu bütün xəstələrə tətbiq etmək mümkün deyil.

 

–  Varikozun həllində istifadə olunan skleroterapiya neçə seansa bu problemi aradan qaldıra bilir?

–  Bir damara bir dəfə sklerozant vurulur.

 

– Son olaraq bir damar cərrahı kimi insanlarda yaranan damar problemlərinin profilaktikası olaraq nələri məsləhət görərdiniz?

– Çox ağır fiziki işlərdən uzaq olmağı, uzun müddət ayaqda qalmamağı, hamiləlik dövrü varikoz corablarından istifadə etməyi, bədən çəkisinin normaldan artmamağını. Bir sözlə, sağlam həyat tərzi keçirməyi tövsiyə edirəm millətimizə…

 

Söhbətləşdi: Səbinə Məmmədova

1176230_1404416716451570_409846927_n 1488072_10204690801526038_6377469985282567133_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir