Özünüzdən danışın. Siz kimsiniz?
Bu suala cavab vermədən digər sətirləri oxumağa keçməyinizi istəmirəm. Bir dayan, dərindən nəfəs al və daxilinə baxıb cavablandır: Sən kimsən? Daha sonra oxumağa davam et.
Həyatımızın elə anları olur ki, insan təkbaşına aynanın qarşısında qalır. Mən də məhz belə bir sualla qarşılaşanda dərindən sarsılmışdım: Əgər sahib olduğum statuslar, ailəmin dəstəyi, cəmiyyətin mənə biçdiyi rollar birdən-birə yox olarsa, geriyə məndən nə qalır? Ailəm olmasa, statuslarım olmasa, arxamdakı dəstək bitsə, əslində mən kiməm? Məni bu məqaləni yazmağa sövq edən də məhz bu daxili sual və onun yaratdığı o ağır səssizlik oldu.
Kino tarixində də bu sualın adamı necə sarsıtdığını göstərən anlar az deyil. Məsələn, “Anger Management” (Qəzəb İdarəetməsi) filmində baş qəhrəmana verilən o təkrar-təkrar səslənən sual: “Mənə özündən bəhs et, sən kimsən?” Qəhrəman ilk başda adını, peşəsini, sosial həyatını saymağa başlayır, lakin hər dəfə susdurulur: “Bunlar sənin etiketlərindir. Mənə özündən bəhs et!” Ekrandakı o qəhrəmana bu sual necə çətin və mənasız gəlmişdisə, daxilində bu sualla üzləşən hər bir insana da eyni dərəcədə ağır gəlir. Çünki insan adını, peşəsini və qabıqlarını soyunanda gerçəkdən də dərin bir boşluqla qarşılaşır.
Etiraf edək ki, bu sual insan idrakının üzləşdiyi ən əbədi, eyni zamanda ən ağır sualdır. Çünki biz illərdir illüziyalar içində yaşayırıq. Ailəmizi, cinsiyyətimizi, hətta adımızı belə biz seçməmişik. Sahib olduğumuz peşə, cəmiyyətin bizə biçdiyi statuslar, etdiyimiz işlər, sevmədiyimiz xüsusiyyətlərimiz, sevdiyimiz hobbilər — bir sözlə, bizi əhatə edən bir çox şey əslində əvvəlcədən müəyyən edilmiş sosial bir alqoritm və ya sadəcə bir etiketdir. Bəs soruşmaq lazımdır: Etdiyimiz iş, sahib olduğumuz hobbilər, anlıq xarakter cizgilərimiz və ya adımız-sanımız kim olduğumuzun tam və həqiqi bir cavabıdırmı?

Əgər bu xarici qabıqları, sosial geyimləri və taxdırılan bütün o sifətləri bir-bir soyunub kənara qoysaq, geriyə nə qalır? Qabıqlarımızı soyduqca mənlikdə yalnız bir “heçlik məqamı” qalır. Məhz o heçlik – hər şey ola biləcəyimiz, kainatın bir parçası olduğumuz o saf və yalın azadlıq nöqtəsidir.
Lakin bu sualların ardınca insan dərininə endikcə daha sərt bir həqiqətlə qarşılaşır: Yaradılışımız, xəmirimizin yoğrulduğu o başlanğıc — genetika, sinir sistemimizin strukturu belə bir şans oyunudur. Həyatın ilk ədalətsizliyi sanki məhz oradan başlayır. Kimi güclü idrak və elastik sinir sistemi ilə doğulur, kimi isə daha həssas və məhdud imkanlarla. Üstəlik, bu sualların cavabını axtararkən anladım ki, sadəcə daxili müşahidələrlə gəldiyim bu qənaət tək deyilmiş. Araşdırmalar apardıqca gördüm ki, əslində illər əvvəl sosioloq Çarlz Kuli də eyni nöqtəni “Güzgü Mən” (Looking-Glass Self) nəzəriyyəsi ilə adlandırıbmış. Kuli bu nəzəriyyədə çox maraqlı bir detala toxunur: Əslində, güzgüdə gördüyümüz şey başqalarının bizim haqqımızda gerçəkdən nə düşündüyü deyil, bizim onların nə düşündüyünü təsəvvür etməyimizdir. Yəni biz başqalarının baxışlarını öz daxili süzgəcimizdən, qorxularımızdan və ya inanclarımızdan keçirərək bir əks yaradırıq. İnsan istəsə də, istəməsə də, ilkin mərhələdə o sosial qəliblərin içindən keçir. Təfəkkür səviyyəsi, biologiyası və ya mühiti imkan vermədiyi üçün bunu sorğulaya bilməyən milyonlarla insan isə ömürlərini bu sistemin səssiz daşıyıcıları kimi başa vururlar.
Ancaq bu, son nöqtə deyil. Görkəmli filosof İoanna Kuçuradinin dediyi kimi, insan cəmiyyətin ona təqdim etdiyi “dəyər mühakimələrindən” (əzbər qaydalardan) sıyrılıb, faktlar və etik prinsiplər üzərindən “dəyər bilgisinə” çata bildiyi an həqiqi azadlığını qazanır. İnsan hazır bir qəlib deyil; o, öz şüurlu seçimləri ilə özünü yenidən yaradan varlıqdır. Bütün bu xarici qatlar, statuslar, ailə dəstəyi və rollar sıfırlandığında geriyə tək bir həqiqət qalır: Saf şüur və müşahidəçi “Mən”. O qabıqları soyunmaqdan qorxmayın.
Çünki heçlik məqamına çatmaq — hər şey olmağa başlamağın yeganə yoludur.

Biz varlıq içində zərrə,
Yoxluq içində heç nə,
Zamanın əsiri,
Zamanda isə zamansız bir misafirik…
(Sonsuz kainatın, milyardlarla ulduzun və nəhəng bir dünyanın qarşısında bədənimiz sadəcə toz dənəsi qədər kiçik, görünməz bir zərrədir. Üzərimizə taxılan adları, statusları, sosial rolları və saxta qabıqları bir-bir soyunub atanda isə əslində bu dünya üçün heç kimik – hər şeydən azad bir heçlikik. Doğulduğumuz və öləcəyimiz an arasında saniyələrin, keçmişin travmalarının və gələcək qorxularının içində zamanın çarxına bağlanmış məhbusuyuq. Lakin fiziki olaraq illərə tabe olsaq da, daxilimizdəki o saf şüurun yaşı yoxdur; biz bu kainata aid deyilik, buraya sadəcə sonsuzluqdan gəlib keçən zamansız bir qonağıq.
Aysel Hacızadə
Praktik psixoloq













































































































































































Mence insanin ozunu tanimasi butun heyati boyu davam eden prosesdir. Cox maraqli yazidir.
Bu yazida mene en cox toxunan statuslar haqqinda olan hisse oldu. Dogrudan da insan ozunu vezifesi ve ya pesesi ile eynilesdirmemelidir.
Yazı bir az fəlsəfi olsa da, oxumağa dəyər. Xüsusilə son fikirlər maraqlı gəldi.