Nermine Abbasova

Ağciyər emfizeması nədir və orqanizmə necə təsir edir?

Baxış sayı: 712

Ağciyər xəstəlikləri arasında uzun müddət simptomsuz inkişaf edə bilən və zamanla insanın həyat keyfiyyətini ciddi şəkildə aşağı salan problemlərdən biri də ağciyər emfizemasıdır. Bu xəstəlik zamanı ağciyərlərdə oksigen və karbon qazı mübadiləsinin həyata keçirildiyi kiçik hava kisəciklərinin – alveolların divarları zədələnir, elastikliyi azalır və bir-biri ilə birləşərək daha böyük hava boşluqları yaradır. Nəticədə ağciyərlərin normal fəaliyyəti pozulur, nəfəsvermə çətinləşir və orqanizmin oksigenlə təminatı zəifləyə bilər.

Emfizema əsasən xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) tərkib hissəsi hesab olunur. Xəstəlik daha çox uzun müddət siqaret çəkən insanlarda müşahidə edilsə də, onun yaranmasına digər amillər də təsir göstərə bilər.

 

Ağciyər emfizeması niyə yaranır?

Ağciyər emfizemasının ən geniş yayılmış səbəbi siqaret tüstüsünə uzun müddət məruz qalmaqdır. Tütün tüstüsündəki zərərli maddələr ağciyər toxumasında iltihabi proseslərə səbəb olur, alveolların divarlarını zədələyir və onların elastikliyini itirməsinə gətirib çıxarır.

Xəstəliyin yaranmasına və inkişafına təsir edən digər amillər də mövcuddur:

– Hava çirkliliyi və zərərli qazların təsiri;

– İstehsalat müəssisələrində toz və kimyəvi maddələrlə uzunmüddətli təmas;

– Passiv siqaretçəkmə;

– Tənəffüs yollarının xroniki xəstəlikləri;

– Genetik meyillilik.

Bəzi insanlarda alfa-1 antitripsin çatışmazlığı adlanan irsi vəziyyət də ağciyər toxumasının vaxtından əvvəl zədələnməsinə səbəb ola bilər. Bu halda xəstəlik nisbətən gənc yaşlarda da meydana çıxa bilər.

 

Ağciyər emfizemasının əsas əlamətləri hansılardır?

Xəstəlik ilkin mərhələdə özünü aydın şəkildə büruzə verməyə bilər. İlk əlamətlər adətən fiziki hərəkət zamanı ortaya çıxır və zaman keçdikcə gündəlik fəaliyyətlərə də mane olmağa başlayır.

Ən çox rast gəlinən simptomlar bunlardır:

– Təngnəfəslik: Əvvəlcə pilləkən qalxarkən və fiziki iş zamanı yaranır, sonrakı mərhələlərdə istirahət zamanı da müşahidə edilə bilər.

– Davamlı öskürək: Bəzi xəstələrdə uzun müddət davam edən öskürək olur.

– Xırıltılı nəfəsalma: Nəfəsvermə zamanı fitəbənzər səslər eşidilə bilər.

– Sinədə sıxılma hissi: İnsan nəfəs alarkən və ya verərkən narahatlıq yaşaya bilər.

– Fiziki dözümlülüyün azalması: Əvvəllər çətinlik çəkmədən görülən işlər belə yorğunluq və təngnəfəslik yarada bilər.

– Çəki itkisi və əzələ zəifliyi: Xəstəlik irəlilədikcə orqanizmin enerji tələbatı artır və əzələ kütləsi azala bilər.

Bəzi insanlarda dodaqlarda və barmaqlarda göyərmə, xüsusilə xəstəliyin ağır mərhələlərində, qanda oksigenin azalmasının göstəricisi ola bilər.

 

Emfizema orqanizmə necə təsir edir?

Ağciyər emfizemasında əsas problem alveolların zədələnməsi və ağciyərlərin elastikliyini itirməsidir. Sağlam ağciyərlərdə nəfəsvermə zamanı hava kisəcikləri elastik şəkildə yığılır və havanın xaric olunmasına kömək edir. Emfizema zamanı isə bu mexanizm pozulur, hava ağciyərlərdə sıxılıb qalır.

Nəticədə ağciyərlər həddindən artıq hava ilə dolur, növbəti nəfəsalma çətinləşir və orqanizm kifayət qədər oksigen ala bilmir.

Xəstəlik irəlilədikcə ürək-damar sisteminə də təsir göstərə bilər. Ağciyər damarlarında təzyiqin yüksəlməsi, ağciyər hipertenziyası və bəzi hallarda sağ ürək çatışmazlığı inkişaf edə bilər.

Bundan başqa, xəstələrdə fiziki aktivliyin azalması, yuxu problemləri, əzələ zəifliyi və gündəlik işləri yerinə yetirməkdə çətinlik yarana bilər.

 

Ağciyər emfizeması necə müəyyən edilir?

Diaqnozun qoyulması üçün ilk növbədə xəstənin şikayətləri, həyat tərzi, siqaretçəkmə vərdişi və tibbi keçmişi qiymətləndirilir.

Daha sonra həkim aşağıdakı müayinələri tövsiyə edə bilər:

– Spirometriya: Ağciyərlərin funksiyasını, hava axınının sürətini və nəfəsvermə zamanı yaranan məhdudiyyətləri qiymətləndirir.

– Döş qəfəsinin rentgen müayinəsi: Ağciyərlərdə emfizemaya uyğun dəyişiklikləri göstərə bilər.

– Kompüter tomoqrafiyası: Ağciyər toxumasındakı struktur dəyişikliklərini daha ətraflı qiymətləndirməyə imkan verir.

– Qanda oksigen səviyyəsinin ölçülməsi: Orqanizmin oksigenlə təminatını müəyyənləşdirməyə kömək edir.

Emfizemanın diaqnozu yalnız rentgen nəticəsinə əsasən qoyulmur. Xəstəliyin qiymətləndirilməsində klinik əlamətlər və xüsusilə spirometriya mühüm əhəmiyyət daşıyır.

 

Ağciyər emfizemasının müalicəsi mümkündürmü?

Ağciyər emfizemasının yaratdığı struktur zədələnmələr, bir qayda olaraq, geri dönmür. Lakin düzgün müalicə və həyat tərzinin dəyişdirilməsi xəstəliyin inkişafını ləngidə, simptomları yüngülləşdirə və insanın həyat keyfiyyətini yaxşılaşdıra bilər.

Müalicə xəstəliyin ağırlıq dərəcəsinə və xəstənin ümumi vəziyyətinə uyğun müəyyən edilir. Buraya aşağıdakılar daxil ola bilər:

– Siqaretçəkmənin tam dayandırılması;

– Həkim tərəfindən təyin edilən inhalyator preparatlardan istifadə;

– Ağciyər reabilitasiyası və uyğun fiziki məşqlər;

– Zəruri hallarda oksigen terapiyası;

– Qrip və pnevmokok infeksiyasına qarşı peyvəndlənmə;

– Qidalanma və ümumi sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması.

Ağır və seçilmiş hallarda cərrahi müdaxilə və ya digər xüsusi prosedurlar da nəzərdən keçirilə bilər.

 

Ağciyər sağlamlığını qorumaq üçün nələrə diqqət etməliyik?

Ağciyər emfizemasının qarşısını almağın ən vacib yollarından biri siqaretdən uzaq durmaqdır. Bununla yanaşı, hava çirkliliyindən və zərərli kimyəvi maddələrdən qorunmaq, qapalı məkanları mütəmadi havalandırmaq, fiziki aktivliyi qorumaq və tənəffüs yolları infeksiyalarını vaxtında müalicə etdirmək vacibdir.

Uzun müddət davam edən öskürək, səbəbsiz təngnəfəslik və fiziki hərəkət zamanı nəfəs çatışmazlığı kimi əlamətlər diqqətdən kənarda qalmamalıdır. Xüsusilə siqaret çəkən və ya əvvəllər uzun müddət siqaret çəkmiş şəxslər bu simptomlar yarandıqda həkimə müraciət etməlidirlər.

Unutmaq olmaz ki, ağciyər emfizeması birdən-birə yaranan xəstəlik deyil. Onun erkən mərhələdə müəyyən edilməsi və risk amillərinin aradan qaldırılması xəstəliyin gedişinə müsbət təsir göstərə bilər.

 

Nərminə Abbasova

Doktor Maya klinikasının baş həkiminin müavini

Terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər (051) 866 02 20 və (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir