kisi

Kişilərin xoşbəxtliyinin sirri: Nə makiyaj dərdi, nə geyim qayğısı!

Baxış sayı: 579

İlk cümləni kişilərin xoşbəxt çox xoşbəxt insan olması ilə başlamaq istəyirəm. Həqiqətən onlar xoşbəxtdirlər, həm də qadınlardan çox xoşbəxtdirlər. Baxmayaraq ki, Yaradanın hökmü ilə hər kəs dünyaya eyni qaydada gəlir, lakin təəssüf ki, bu, elə həyata gələnə qədərdir. Həyatda artıq qaydalar dəyişir: insanlar qruplara bölünür, varlı-kasıb təbəqələr yaranır. Mənəvi hislər də insanları ayrı-ayrı qruplarda birləşdirir. Eləcə də baxmayaraq ki, dünyaya eyni qaydada gəlirlər, lakin insanlar bu həyatı fərqli şəkildə yaşayıb başa vururlar.

Elə bu fərqli yaşamaq fonunda kişi və qadınların fərqli həyatından söhbət açmaq istəyirəm. Xeyr, məqsədim nə onların maddi, nə də mənəvi tərəflərini analiz etmək deyil. Kişilərin çoxsaylı məsələlərdə qadınlardan fərqliliyindən yaranan xoşbəxtliklərindən söhbət açmaq istəyirəm.

Bunu müşahidə etməyən insan yoxdur ki, kişilərin gündəlik həyatı qadınlardan daha asandır. Daha doğrusu, onlar özlərinə qadınların verdiyi əziyyəti vermir, buna görə çox xoşbəxtdirlər. Məsələn, açılan yeni bir səhərdən başlayaq… Səhər açılır, hər kəs yuxudan oyanır və öhdəsində olan işin ardınca getmək üçün hazırlaşır. Kişilər sadəcə əl-üzlərini yuyur, təbii ki, taraş lazımdırsa, 3-5 dəqiqə ərzində həll edir, yemək yeyir, paltarını dəyişir və işinin ardınca evdən çıxır.

Qadınlarda evdən çıxmaq məsələsi bir qədər çətindir. Elə ki, qadın axşamdan sabah geyinəcəyi paltarı müəyyən etməyib, bu, səhər daha böyük məşəqqətə çevrilir. O, saçlarını formaya sala-sala nə geyinəcəyi barədə düşünür. Paltarın birini geyinir, birini çıxarır, lakin bir qərara gələ bilmir. Düşünür ki, makyaj edə-edə fikirləşim, görüm nə geyinirəm. Makyaj da bitir, lakin yenə də bir qərara gələ bilmir. Çox fikirləşir, yenə də birini geyinir, o birini çıxarır. Nə isə, sonda könüllü-könülsüz bir paltar geyinir, baxır ki, artıq yemək yeməyə də vaxtı çatmır, təcili evdən çıxır ki, işə yubanmasın və yaxud da hara gedəcəksə, heç olmasa, vaxtında çata bilsin.

kisi

Evdən çıxmaqla da iş bitmir. Mənzilbaşında baş verənlər isə bir başa olur. Oradakı qadınlar, onlar arasındakı müzakirələr, məsələn, kim bu gün daha gözəl geyinib, onun saçı yaraşıb, bunun saçı niyə bu gündədir, filankəs makyajını bu gün çox edib, filankəs tünd edib, yaraşıb, yaraşmayıb kimi neçə-neçə müzakirələr… Və qadınların hər birinin bu müzakirələrdə iştirakı, nəticə çıxarması və üstəlik icra edəcəyi vəzifəni də üstünə gəlsək, görün, onların bir günlük həyatında nələr baş verir? Bununla bitirmi, xeyr, bitmir. Onlar evə qayıdanda yenə də küçədə, nəqliyyatda, yolda, mağazada qadınlara baxır, yaxşı geyinənə, görünənə bənzəməyi qarşısına məqsəd qoyur, pis geyinənə, görünənə içində rişxənd edir. Evdə isə onları ev, mətbəx işləri ilə yanaşı, yenə də moda verilişləri, seriallar, hansı ki, bu serialları əsasən qadınların geyiminə baxmaq üçün izləyirlər, daha sonra isə yenə də sabah nə geyinəcəyəm, saçımı necə formaya salacağam, makyajı necə edəcəyəm, hansı çantanı götürəcəyəm dərdi…

Beləliklə, görün, xoşbəxt kişilərdir, yoxsa qadınlar? Makyaj dərd-səri, saç formaya salmaq, paltar seçimi olmayan kişilər, əlbəttə, xoşbəxt insanlardır.

Bu gün Dünya Kişilər Günüdür. Kişiləri təbrik edir, onlara can sağlığı arzulayır və həmişə belə xoşbəxt qalmalarını diləyirəm.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir