Qumru Eyvazova

Zorlama və onun cəzası – “VƏKİL BÜROSU”

Baxış sayı: 632

Şəxsiyyət əleyhinə olan cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bir neçə kateqoriya üzrə bölünmüşdür. Bunlar həyat və sağlamlıq əleyhinə olan cinayətlər, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər, insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər və şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdir.

Bir sıra ölkələrdə (Vyetnam, Hindistan, Qazaxıstan, Çin, San Marino, Slovakiya) cinsi cinayətlər qanunvericiliyin müstəqil bölməsinə daxil edilmir. Bir qayda olaraq, onlar şəxsə hücumlar bölməsinə daxil edilir. Məsələn, Qazaxıstanda bu “Şəxsiyyət əleyhinə cinayətlər”, Vyetnamda – “İnsanın həyatına, sağlamlığına, ləyaqətinə və şərəfinə qarşı cinayətlər” fəsli, Hindistanda – “İnsan bədəninə təsir edən cinayətlər haqqında” fəsil kimi müəyyən olunub.

 

Xarici ölkələrin qanunvericiliyində bu cinayətin nə cür açıqlaması verilir?

Cinayət Məcəlləsinə bu cinayət növü üzrə müvafiq bölmənin adının seçilməsinə təkcə hüquqi texnologiyanın mülahizələri və cinsi cinayətlər haqqında hüquqi doktrina deyil, həm də müəyyən bir dövlətin tarixi və mədəni inkişafının xüsusiyyətləri də təsir göstərir. Məsələn, əgər Avropa sivilizasiyası dövlətləri üçün cinsi azadlığın cinsi cinayətlərin qəsd obyekti kimi göstərilməsi səciyyəvidirsə, müsəlman dövlətləri üçün “cinsi azadlıq” cinayət hüquqi müdafiə obyekti kimi ağlasığmazdır. 2004-cü il Türkiyə Cinayət Məcəlləsini müzakirə edərkən, cəmiyyətin mühafizəkar təbəqələrinin təzyiqi ilə Cinayət Məcəlləsinin müəllifləri cinsi cinayətləri “cinsi azadlığa qarşı cinayətlər” adlandırmaqdan imtina etmək məcburiyyətində qaldılar. Bununla bağlı ədəbiyyatda qeyd olunur ki, bir çox Türkiyə vətəndaşları üçün “cinsi azadlıq” anlayışı hələ də cinsi azğınlıqla ayrılmaz şəkildə bağlıdır.

 

Bəs Azərbaycanda qanunvericilik bunu nə cür səciyyələndirir?

Azərbaycanda bu cinayət növü ayrıca fəsil olaraq 20-ci fəsil kimi “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər” kimi təsdiq edilmişdir. Həmin fəsilə “Zorlama”, “Seksual xarakterli zorakılıq hərəkətləri, Seksual xarakterli hərəkətlərə məcbur etmə”, “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə”, “On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər” daxildir.

 

“Zorlama” cinayətinə ölkəmizdən fərqli olaraq digər ölkələrdə yanaşma hansı qaydadır?

Bəzi ölkələrdə “Zorlama” aldatma yolu ilə cinsi əlaqə kimi müəyyən edilir, məsələn, evlənmək vədini pozmaqla; kişi qadının onu əri ilə səhv saldığı yuxu vəziyyətindən istifadə edərsə və s. kimi hallar. İslam fundamentalistləri nikahdan kənar istənilən cinsi əlaqəni cinayət hesab edirlər. Lakin bəzi ölkələrdə zorlama cəhdini cinayət kimi tanımır və qəbul etmirlər.

Bəzi ölkələrdə (Paraqvay, Özbəkistan, Fransa) yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına təcavüz ümumi cinsi cinayətlər qrupundan fərqləndirilir. Belə ki, Paraqvay Cinayət Məcəlləsində cinsi zorakılıqla bağlı qaydalar “Cinsi öz müqəddəratını təyinetmə əleyhinə cinayətlər” və “Yetkinlik yaşına çatmayanlara qarşı cinayətlər” fəsillərində yer alıb. Həmçinin, Özbəkistanın Cinayət Məcəlləsinə “Cinsi azadlıq əleyhinə cinayətlər” və “Ailə, gənclik və mənəviyyat əleyhinə cinayətlər” fəsilləri kimi daxil edilərək müəyyən edilmişdir.

Cinsi cinayətlərin kriminallaşdırılmasına və onların obyektinin başa düşülməsinə müxtəlif dövlətlərdə qəbul edilmiş müxtəlif yanaşmalar cinsi cinayətlərlə bağlı cinayət qanunvericiliyinin tərtibində əhəmiyyətli fərqlərin mövcudluğunu müəyyən edir. Müxtəlif cəmiyyətlər və dövlətlər müəyyən cinsi davranışın qadağalarını öz qaydasında tənzimləyirlər.

 

Bəs Azərbaycanda “Zorlama” cinayətinə görə hansı cəza tətbiq edilir?

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, cinsi əlaqədə olma yaşı 16 yaş müəyyən edilmişdir. Lakin bu o demək deyil ki, bu yaş tamma olduqda, şəxsin iradəsi olmadan onunla cinsi əlaqəyə girmək olar, yəni şəxsin iradəsi olmadan bu cür hərəkət edilərsə, bu “Zorlama” faktı kimi qeyd edilərək şəxsə qarşı cinayət işi açılacaqdır. Yəni, “Zorlama”ya məruz qalmış şəxs yetkinlik yaşına çatmış şəxs də olsa belə, bu halda təqsirləndirilən şəxsin törətdiyi əməl Cinayət Məcəlləsinin 149-cu maddəsinin müddəaları altına düşəcəkdir.

Həmin maddədə qeyd edilir ki, “Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma—dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

 

16 yaşına çatmamış şəxsə qarşı törədilən zorlama faktına görə hansı cəza tətbiq edilir?

Son illərdə bu fəsilə kifayət qədər dəyişiklik edilmiş, xüsusən də 152-ci maddə, yəni “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə” maddəsi tamamilə dəyişdirilmişdir. Belə ki, Məcəlləyə əsasən, 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Növbəti dəyişiklik edilən maddə 153-cü maddə –  “On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər”maddəsi olmuşdur. Əvvəllər bu maddədə “əxlaqsız” sözü qeyd edilməsə də, sonuncu dəyişikliyə əsasən bu söz əlavə olunmuşdur. Həmin maddəyə əsasən, 16 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllədə həmçinin bir məsələ də qeyd olunur ki, bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi 2 ildən çox olduqda yaranır. Yəni, əgər bu hərəkətləri törətmiş şəxslər arasında olan yaş fərqi 2 ili keçmirsə, o zaman onlar bu maddənin tərkib hissəsinə daxil edilmirlər.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir