Qumru Eyvazova

Boşanmış valideyn uşağı ölkədən çıxara bilərmi? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 535

Uşağın ölkədən çıxarılması məsələsi təbidir ki, ana və ata arasında olan nikah pozulduqdan sonra yaranmış bir problemlərdən biridir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Konstitusiyaya uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər.

Azərbaycan Respublikasının Ali qanunu olan Konstitusiyaya əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər),  müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Çox hallarda tərəflərin boşanmasına baxmayaraq, ata və ana qarşılıqlı razılaşma əsasında hər iki tərəf bir birinə notarial qaydada təsdiq edilmiş etibarnamə verir və bu etibarnamə əsasında onlar uşağı sərhəddən keçirə bilirlər.

 

Bəs əgər bu razılıq yoxdursa, o zaman ata və yaxud ana hansı addımlar atmalıdır?

Bildiyiniz kimi, tərəflər arasında hər hansısa bir məsləyə dair anlaşma yoxdursa və razılıq əldə edilə bilinmirsə, o zaman tərəflər məhkəməyə müraciət edirlər. Yəni, tərəflər arasında qarşılıqlı razılıq yoxdursa, maralı tərəf, yəni ya ata və yaxud ana məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Əgər yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə gedirsə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir.

Lakin qeyd etmək yerinə düşər ki, uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur. Bu səbəbdəndir ki, ailə münaqişə zəminində yaranmış bir problem kimi, ilk öncə mediasiya, sonra isə məhkəməyə müraciət edilməlidir.

Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli, 13 saylı qərarına əsasən yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi ilə əlaqədar yaranan mübahisələrdə cavabdeh kimi buna razılıq verməyən, razılığın rəsmiləşdirilməsindən yayınan, yaxud da olduğu yerin müəyyənləşdirilməsi mümkün olmayan digər valideyn çıxış edir. Bu kateqoriya işlər üzrə iddialar razılıq verməyən və yaxud razılığın rəsmiləşdirilməsindən yayınan digər valideynin rəsmi qeydə alındığı yer üzrə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan valideynə münasibətdə isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müəyyənləşdirməlidirlər.

Bu kateqoriya işlər üzrə iddiaçılar bir çox hallarda iddia tələblərini qanunvericiliyin tələblərinə zidd olaraq, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına-gətirilməsinə, getməsinə-gəlməsinə hüququn tanınması və s. bu kimi məzmunda ifadə edirlər. Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Konstitusiyanın 28-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bilməz. Belə ki, ailə qanunvericiliyinin tələblərinə görə, uşağın yanında qalması müəyyən edilmiş valideyn digər valideynə münasibətdə hər hansı üstün hüquqlar əldə etmir, əksinə Ailə Məcəlləsinin 61-ci maddəsində təsbit edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

 

 Məhkəmələrdə bu praktika necə tətbiq edilir?

Məhkəmələr tərəfindən bu qəbildən olan işlərə baxılarkən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış uşağın fiziki və psixoloji vəziyyəti nəzərə alınmaqla dinlənilməsi təmin edilir. Bu dinlənilmə uşağın yaşayış yerində, təhsil aldığı müəssisədə, o cümlədən sosial həyata uyğunlaşdığı şəraitdən ölkəni bir valideyni ilə çıxması səbəbi ilə daimi və ya müvəqqəti məhrum olmasının onun əqli, fiziki və mənəvi inkişafına yaratdığı təsirlərlə əlaqədar uşağın fikirlərinin öyrənilməsi baxımından həyata keçirilir. Ailə qanunvericiliyinin müəyyən yaş həddinə çatmış uşağın fikrinin nəzərə alınması ilə bağlı göstərişləri hər bir işin konkret hallarından və uşağın üstün mənafeyindən çıxış edilərək, onların fikri ilə üst-üstə düşməyən qərarın qəbul olunmasını istisna etmir. Lakin bu çür hallarda uşağın fikrini həlledici hesab etməyən məhkəmə öz mövqeyini işin hallarına və işdə olan sübutlara istinadla əsaslandırır.

İddianın qaldırılmasınadək razılıq verməməsi, razılığın rəsmiləşdirilməsindən yayınması, yaxud da olduğu yeri müəyyənləşdirilməyin mümkünsüzlüyü sübuta yetirilən valideynin sonradan işə məhkəmədə baxılarkən notarial qaydada təsdiq edilmiş razılığını təqdim etməsi iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin baxılmamış saxlanması və yaxud da iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin valideynin təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsini hüququndan sui-istifadə etməklə sonradan ləğv etmə imkanının olması qarşı tərəfi müdafiəsiz qoymaqla, hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu baxımdan, mübahisəyə məhkəmə icraatında baxıldığı vaxt müvafiq razılığı əks etdirən ərizənin təqdim edilməsi mahiyyət etibarı ilə iddianın tam və yaxud qismən etiraf edilməsi kimi qiymətləndirilməlidir.

Ölkədən çıxarılmasına icazənin verilməsi tələb olunan uşağın iddianın qaldırılması zamanı xaricdə olması mübahisənin olmaması anlamına gəlmir. Çünki, valideynlərdən birinin xaricdə olan uşağın ölkəyə gətirilməsindən sonra onun ölkədən çıxışına icazə verməməsi, həmin uşağın ölkədən çıxışının qarşısını aldığından bu, iddianı qaldıran tərəfin ehtimal edilən deyil, həqiqi hüququnun müdafiəsi baxımından əhəmiyyətli hal kimi qiymətləndirməklə, iddia ərizəsinin ümumi əsaslarla baxılaraq mahiyyəti üzrə qərarın qəbul edilməsini tələb edir. Belə ki, xaricdə təhsil alan uşaq, əgər Azərbaycana geri dönürsə, o, yenidən xaricə oxuduğu ölkəyə qayıtmaq məcburiyyətindədir, lakin, valideyn buna icazə vermirsə, bu zaman, uşağın təhsilini davam etdirmək hüququ valideynin biri tərəfindən məhdudlaşır.

Nəzərə almaq lazımdır ki, cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası (10-cu maddəsinin 2-ci bəndi) valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququnu tanıyır. Digər tərəfdən, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşaqların tərbiyə və təhsili, onların fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına xidmət etməklə, uşağın mənafeyinə zidd olmamalıdır.

Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir.

Ümumiyyətlə, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir.

Məhkəmə işə baxıb yekun qərar verirsə və bu qərar iddiaçının xeyrinə olursa, o zaman qətnamə qanuni qüvvəsini aldıqdan sonra, iddiaçı tərəf uşağı hansı ölkəyə aparmaq niyyəti varsa, həmin ölkənin rəsmi dilinə tərcümə və notarial qaydada təsdiq etdikdən sonra, uşağı ölkədən kənara çıxara bilər.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir