onlayn alis-veris

Onlayn alış-verişdə problem – Kassa çeki olmayan mallar geri qaytarılmır

Baxış sayı: 476

Ödənişlərin heç yerə getmədən edilməsi, sifarişin qapıya çatdırılması rahatlığı, eləcə də dünyanın istənilən yerindən məhsul və xidmətlərə çıxış imkanları onlayn ticarətin ən üstün cəhətlərindəndir. Bütün dünyada olduğu kimi Azərbaycanda da son illər elektron ticarət getdikcə vüsət alır. Amma pnlayn alış-veriş edən istehlakçıların çoxu aldıqları məhsulu geri qaytarmaqda çətinlik çəkir. Buna səbəb isə onlayn satış zamanı istehlakçılara kassa çekinin verilməməsidir. Onlayn satılan məhsullara kassa çekinin verilməməsi onlara öz hüquqlarını qorumaqda çətinlik yaradır. Bu barədə bizə müraciət edən istehlakçılardan biri, Ayşən Mustafayeva belə bir problemlə qarşılaşıb:

 

Onlayn alış-verişdə yaranan problem

“Bu yaxınlarda “İnstagram” sosial şəbəkəsindəki səhifələrdən birindən geyim sifariş etdim. Bildirdi ki, geyimin sifarişi üçün ilkin ödəniş etməliyəm. Mən də hesabına ödəniş etdim. Sifarişimi götürə biləcəyimə dair məlumat aldım. Günorta saatlarında “İçərişəhər” metrostansiyasının çıxışında sifarişi kuryerdən qəbul etdim. Malın qalan 47 manatı və çatdırılma üçün əlavə 2 manatı, ümumilikdə 49 manatı kuryerə ödədim. Mənə kassa çeki verilmədi. Elə yerindəcə geyimə baxıb fotodakı ilə eyni olmadığını bildirdim. Xanım kuryer isə buna görə məsuliyyət daşımadığını, səhifədəki satışı həyata keçirənlərlə əlaqə saxlamağı tövsiyə etdi. Çox təkid etdim ki, paltarı götürüb geri aparsın, kuryer malı üstümə ataraq getdi! Mən isə həmin gün sifarişi verdiyim səhifənin idarəedicisi ilə telefonla əlaqə saxlayaraq, geyimin fotodakından fərqli, həmçinin bel hissəsində defekt olduğunu bildirdim. Xanım isə israrla bunu qəbul etməyərək, məndən defekti fotoya çəkməyimi istədi. Fotoları göndərdim, yenə razılaşmadı, video istədi. Videnu da göndərəndə, bu dəfə xanım dedi ki, “mən də geyimi ütüləməmiş çəksəm sizin çəkib göndərdiyiniz kimi səliqəsiz görünər”. O, malı qaytarmaqdan imtina etdi! Mən xanıma geyimi qaytarmaq istədiyimi desəm də, o, yalnız eyni dəyərdə başqa geyim ala biləcəyimi bildirdi. Mən isə haqqımı tələb edəcəyimi bildirdim. O, bunun qarşılığında “siz məni şantaj edə bilməzsiz, səhifədən başqa geyim seçin, gedin hara istəyirsiz şikayət edin” , – dedi. Məbləğ çox böyük olmasa da, hüquqlarımı müdafiə edəcəyimi qeyd etdim”.

 

Kassa çeki olmadığından…

İstehlakçı fevralın 25-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 195-2 Çağrı mərkəzilə əlaqə saxlayıb: “Xidmətin əməkdaşı bildirdi ki, malı onlayn aldığım üçün mən istehlakçı sayılmıram: “Siz geyimi mağazadan alsaydınız, sahibkar vergi ödəyicisi, VÖEN sahibi olsaydı, sizə yardımçı olardıq. İndiki halda siz istehlakçı sayılmırsınız”. Buna görə də Azad İstehlakçılar İstehlakçıları Birliyi (AİB) sədri Eyyub Hüseynova müraciət etdim. Onun həmin şirkətlə danışığından sonra rəhbərlik “biz problem yaşamaq istəmirik, ona görə gəlin geyimi qaytarın, ödənişinizi götürün. Amma bu sizin haqlı olduğunuz anlamına gəlmir. Sadəcə adımızın mətbuatda hallanmasını istəmirik”, – dedi.

Bu sadəcə onlayn alış-veriş zamanı keyfiyyətsiz məhsulu qaytarmaqda problemlə üzləşən bəlkə də yüzlərlə istehlakçıdan biridir. Bəs görəsən onlayn məhsul sifarişi zamanı alıcılar aldıqları məhsulu qaytara bilərlərmi?

eyyub huseynov

Qanunda var, icrası çətindir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi” və “Elektron ticarət” haqqında qanunların tələbinə görə, internet üzərindən alınan məhsullar keyfiyyətsiz olduğu və məhsul səhv gəldiyi hallarda geri qaytarıla bilər: “Bunun üçün müştərinin kassa çeki təqdim etməsinə əsas yoxdur. Əgər müştərinin həmin məhsulu hardan almasına dair əlində sübut varsa, (bu internet üzərindən yazışma, hesaba ödəniş) o aldığı məhsulu 14 gün ərzində geri qaytara bilər.

 

Dövlət Xidməti xəbərdarlıq edir!

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə bildirdilər ki, istehlakçılar onlayn satış platformalarından hər hansı məhsul alarkən mütləq qəbz, kassa çeki və digər təsdiq edən sənədi tələb etməlidirlər. Əgər həmin məhsulu dəyişdirmək və qaytarmaq istəsəniz təsdiqedici sənədləri təqdim etməklə, eyni zamanda malın əmtəə görünüşünü, etiketini, paketləmə qaydalarını pozmamaq şərti ilə 14 gün müddətində dəyişdirə və qaytara bilərlər.

Azərbaycanda elektron ticarət həyata keçirən satıcı özü barədə alıcılara (sifarişçilərə) və səlahiyyətli dövlət orqanlarına bu məlumatları təqdim etməlidir:

– hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı;

– əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları);

– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

– malların, xidmətlərin və işlərin qiymətinə malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat;

– ödənişlərin POS-terminal, İnternet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatlar.

Satıcının alıcılara təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır. Qeyd olunan məlumatları təqdim etməyən satıcı və icraçılardan mal və ya xidmətlər sifariş etmək risklidir!

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara şübhəli hesab etdikləri internet satış səhifələrindən və sosial şəbəkələr vasitəsilə alış-veriş etməkdən çəkinməklərini, elektron ticarət edərkən çatdırılma anında ödəniş etməyə üstünlük vermələrini tövsiyə edir.

O ki, qaldı onlayn ticarətlə məşğul olanların müştərilərə kassa çeki, ödənişi təsdiq edən hər hansı sənədi verməməsinə, Dövlət vergi Xidmətindən bidlirdilər ki, “Elektron ticarət haqqında” qanunun tələbinə görə, e elektron ticarətin iştirakçılarına olan tələblər müəyyənləşib. mövcud qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan satıcı kimi fəaliyyətə başlaya bilər.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir