FATIH AKYEL

Əfsanəvi türk futbolçu: “Məni meydana Luçesku yox, Hacı buraxmışdı” – EKSKLÜZİV MÜSAHİBƏ

Baxış sayı: 4. 722

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının qonağı Azərbaycan mediasına ilk müsahibəsini verən Türkiyə futbolunun tanınmış siması, uzun illər ölkəsinin əsas yığmasının şərəfini qorumuş, “Qalatasaray”la UEFA və UEFA Super Kubokunu qazanmış Fatih Akyeldir.

 

– Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?

– Valideynlərim mənə dəstək olmuşdu. Həmin vaxt maddi durumumuz o qədər yaxşı olmasa da, ailəm məndən dəstəyini əsirgəmirdi.

FATIH

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

Yəqin ki, futbolla məşğul olmasaydım, makina mühəndisi olardım.

 

– Ailə qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə evlənməkdə tərəddüd etmədi ki?

– Yox, heç bir problem olmadı. İyirmi yaşım olanda ailə qurmuşam. O zaman artıq dörd il idi ki, tanış olmuşduq və bu səbəbdən də bir-birimizi yaxşı tanıyırdıq.

 

– Sizcə, bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

– Ailə quranda insanın həyatı daha düzənli olur. Subay adamlar üçün isə eyni sözləri demək çətindir.

GALATASARAY

– Futbol elə bir peşədir ki, adətən evdən kənarda olursunuz. Ailənizdən uzaq olduğunuz  belə məqamlarda ən çox hansı çətinliklərlə üzləşirsiniz?

–  Təlim-məşq toplanışları zamanı ailə üzvlərimiz üçün darıxırıq. Əsas problem budur, ancaq  istər-istəməz bu hala da uyğunlaşırıq.

 

– Futbol adamları həmişə ictimaiyyətin gündəmində olurlar. Bu üzdən həyat yoldaşınızdan qısqanclıq hiss edirsinizmi?

– Düzü, bu məsələdə heç bir problem yaşamırıq. Buna səbəb isə həyat yoldaşımın artıq belə hallara alışıq olmasıdır.

 

– Futbolçu karyeranızla bağlı ən çox hansı qərarınıza görə məyus olmusunuz?

Futbolla bağlı heç bir qərarıma görə peşmanlıq hissi keçirməmişəm. Karyeram ərzində verdiyim qərarların bir çoxunda düzgün qərar verdiyimə inanıram.

MILLI

– Zəngin futbolçu karyeranızda xeyli sayda səviyyəli hücumçuya qarşı oynamısınız. Sirr deyilsə, sizin hansı hücumçuya qarşı oynamq daha çətin idi?

– Təvəzökarlıqdan uzaq olsa da, onu deyim ki, heç bir ön xətt oyunçusuna qarşı oynamq mənim üçün problem olmayıb. Bunun bir səbəbi də güclü hücumçuların mənim komanda yoldaşım olması idi. (gülür-T.M.)

 

– Maraqlıdır, əlinizdə imkan olsaydı, hansı xasiyyətinizi dəyişmək istərdiniz?

– Hər hansı bir iş görəndə həmin işin yekunlaşması üçün tələsirəm. Bu baxımdan bir az səbrsiz adamam. Əlimdə belə bir şans olsaydı, məhz bu xarakterimi dəyişərdim.

AKYEL

 

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz.

-Futbolçu karyeramda  gülməli, həmçinin maraqlı hadisələr yetərincədir. Həm “Qalatasaray”da oynayanda, həm “Fənərbaxça”da forma geyəndə, həm də “Trabzonspor”da çıxış edən zaman maraqlı hadisələr olmuşdu. Sizə Gerorge Hacı ilə bağlı bir xatirəmi danışa bilərəm. Gülməli olmasa da, yəqin ki, maraqlı olar. Super Kubokun finalında “Real”la qarşılaşırdıq. Mən ehtiyatda idim. Oyunun gedişində Hacı mənə hazırlaşmağımı tapşırdı. Dedi ki, oyuna girəcəksən. Bir az təəccübləndim. Nə də olsa, baş məşqçimiz Luçesku idi və o, belə bir göstəriş verməmişdi. Bir az keçdikdən sonra Hacı mənə yenidən hazırlaşmağımı tapşırdı və Luçesku ilə nəsə danışdıqdan sonra sona 6 dəqiqə qalmış Kaponenin əvəzinə meydançaya daxil oldum. Matçda hesab bərabər olduğundan əlavə vaxta ehtiyac oldu. Əlavə vaxtın sonlarına yaxın isə qələbə topunun ötürməsini verdim. Görünür, yaxşı oynayacağım Hacının ürəyinə damıbmış. Axı məni meydana belə demək mümkünsə, Luçesku yox, Hacı buraxmışdı.

 

Söhbətləşdi: Tural Məmmədov

Xüsusi olaraq “Gencaile.az” üçün

Malatya, Türkiyə

FATIH A

MALYORKA

FENERBAHCE




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir