Isa

"Sumqayıt"ın üzvü: "Artıq ailə üzvlərimin və dostlarımın bir çoxunu Azərbaycana səfər etməyə həvəsləndirmişəm"

Baxış sayı: 504

İngiltərədə doğulan, “Aston Villa” akademiyasında yetişən, İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarının formasını geyinən və 19 yaşlılar arasında Avropa çempionu olan İsa Suliman son illərdə karyerasını Azərbaycanda davam etdirir. Hazırda “Sumqayıt”ın şərəfini qoruyan pakistanlı müdafiəçi ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalsa da, yeni mövsümə böyük motivasiya ilə hazırlaşır. Siliman “Gencaile.az” saytının “Ailədən danış” rubrikasındakı müsahibəsində ailəsinin ona verdiyi dəstəkdən, fərqli ölkələrdə yaşamağın çətinliklərindən, İngiltərə və Pakistanla bağlı hisslərindən, “Sumqayıt”ın ona göstərdiyi etimaddan, eləcə də Azərbaycan haqqında formalaşan təəssüratlarından danışdı.

aileden danis

– Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?

–  İlk gündən ailəm mənə hər zaman dəstək olub. Peşəkar futbolçu olmağımın ən böyük səbəblərindən biri də məhz onlardır. Çünki uğur qazanmağım üçün ehtiyacım olan hər şeyi mənə veriblər. Buna görə onlara sonsuz minnətdaram.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Yəqin ki, başqa bir idman növünü seçərdim. Böyük ehtimalla kriketi. Atam kriket oynayır və mən də kiçik yaşlarımda bu idman növü ilə məşğul olurdum. Kriket İngiltərə və Pakistanda çox populyardır. Düşünürəm ki, Azərbaycanda isə çox adam kriketin nə olduğunu bilmir.

 

– Şou-biznes adamları qədər olmasa da, futbolçular da gündəmdə olur. Bu hal ailənizdə hər hansı qısqanclığa yol açmır?

– Xeyr, heç vaxt. Ailəm hər zaman məni dəstəkləyib və mənim üçün ən yaxşısını istəyib. Mənim uğurum eyni zamanda onların da uğurudur.

isa 2

 

– Sizcə, bir futbolçu üçün ailə qurmağın və eyni zamanda, həyat yoldaşınız tərəfindən baxanda, bir futbol adamı ilə evli olmağın mənfi və müsbət tərəfləri hansılardır?

– Düşünürəm ki, futbolçu olmağın mənfi tərəflərindən biri normal iş qrafikinin olmamasıdır. Buna görə ailə ilə səyahət və ya istirahət planlaşdırmaq çətin olur. Çünki planlarımız daim dəyişir və bu, ailə üçün müəyyən çətinliklər yaradır. Mənim vəziyyətimdə isə başqa ölkədə oynadığım üçün ailəmdən və dostlarımdan uzaq olmaq da asan deyil. Amma bunun müsbət tərəfi də var. Fərqli ölkələrdə yaşamaq, səyahət etmək, yeni mühitləri və müxtəlif mədəniyyətləri yaxından tanımaq böyük təcrübə qazandırır.

 

Yaşıl meydanda müdafiəçi  kimi gördüyümüz İsa Sulimanın evdəki statusu nədir bəs?

– Evdə çox sakit və rahat insanam. Daha çox dincəlməyi, çox çölə çıxmamağı və ailəmlə vaxt keçirməyi sevirəm. Həm də atayam. Futbol meydanında olmadığım vaxtlarda övladımla məşğul olmaq məni kifayət qədər məşğul saxlayır.

 

– Bəlkə də müsahibə üçün uzun müddətdir zədəli olan futbolçunun seçilməsi bir çox oxucumuz üçün qəribə görünə bilər. Amma futbolçu karyeranıza doğulduğunuz İngiltərədə başlamağınız və bu ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında oynadıqdan sonra Pakistan millisini seçməyiniz olduqca maraqlı məqamdır. İstərdik ki, bunun necə baş verdiyi haqda danışasınız. Səhv etmirəmsə, siz həm də 19 yaşlılar arasında Avropa çempionatının qalibisiniz.

– Bəli. Düşünürəm ki, karyeram kifayət qədər özünəməxsusdur və bununla fəxr edirəm. İngiltərədə doğulmuşam və bütün həyatımı orada keçirmişəm. 8 yaşımda “Aston Villa” akademiyasına qoşuldum və 21 yaşımadək orada çıxış etdim. İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında oynamışam və Avropa çempionu olmuşam. Daha sonra dörd il Portuqaliyada çıxış etdim, sonra isə Azərbaycana gəldim. Eyni zamanda milli komanda seçimimi dəyişərək mənşəyim olan Pakistanı təmsil etməyə başladım.

 

– Sizin nənə və babanız Pakistanda doğulsa da. sonradan İngiltərədə yaşayıblar. Sizin üçün İngiltərə, yoxsa Pakistan daha doğmadır?

– Təbii ki, İngiltərə mənə daha doğma gəlir. Çünki bütün həyatımı orada yaşamışam və bütün ailəm də oradadır. Amma eyni zamanda pakistanlıyam və bununla böyük qürur duyuram. Pakistana dəfələrlə getmişəm və orada olanda özümü evimdəki kimi hiss edirəm.

Isa 4

– Zədədən söz düşmüşkən, 2 ildir futboldan uzaq halda başqa ölkədə yaşamaq sizə çətin olmur, darıxmırsınız?

– Zədəli olmaq və komandaya meydanda kömək edə bilməmək mənim üçün çox çətin idi. Amma zədələr futbolun ayrılmaz hissəsidir. Bu da mənim futbol yolumun bir hissəsidir. Həmin çətinliyi dəf edə bildiyim üçün qürur duyuram və ümid edirəm ki, bundan sonra artıq zədəsiz oynaya biləcəyəm.

 

– Yeri gəlmişkən, zədələnəndə uzun müddət oynamayacağınız bəlli olsa da, belə demək mümkünsə, klub sizə jest edərək müqavilənizi 2 il uzatmışdı. “Sumqayıt”a bir vəfa borcunuzun olduğunu düşünürsünüzmü?

– Klub bu dövrdə mənə çox böyük dəstək oldu və buna görə onlara minnətdaram. Mənə inandıqları və keyfiyyətlərimə güvəndikləri üçün müqaviləmi uzatdılar. “Sumqayıt”dakı ilk mövsümüm çox uğurlu keçdi və biz UEFA Konfrans Liqasında çıxış etdik. İndi isə tam hazıram və bu mövsüm də klubun böyük uğurlar qazanmasına kömək etmək istəyirəm.

 

– “Sumqayıt”la daha 1 il müqaviləniz var. Yeni mövsümdə nəsə dəyişə bilər, yoxsa hər şey planlandığı kimi olacaq? Ümumiyyətlə, ailəniz daha bir il Sumqayıtda yaşamağa necə yanaşır?

– Sumqayıtda qalacağam. Yeni mövsümü səbirsizliklə gözləyirəm. Ailəm burada artıq tam uyğunlaşıb və özünü xoşbəxt hiss edir. Buna görə də uğurlu mövsüm keçirmək üçün bütün şəraitim var. İnşallah, hər şey yaxşı olacaq.

 

– Sizcə, azərbaycanlı və pakistanlı ailələr arasında hansı oxşar və fərqli cəhətlər var?

– Düşünürəm ki, Azərbaycan və Pakistan arasında çoxlu oxşarlıqlar var və bu, çox xoşdur. Ən diqqətçəkən oxşarlıq qonaqpərvərlik və səxavətdir. Pakistan mədəniyyətində ailələr qonaqlara xüsusi qayğı göstərirlər. Azərbaycanda yaşadığım müddətdə mən də insanların mənə qarşı eyni münasibətini hiss etmişəm. Digər oxşarlıq isə insanların zəhmətkeş olmasıdır. Əsas fərqlərdən biri isə yeməklərdir. Hər iki mətbəxi çox sevirəm. Sadəcə Pakistan mətbəxi Azərbaycan mətbəxindən xeyli daha acılıdır.

Isa 3

– Maraqlıdır,  Azərbaycana gəlməzdən öncə hansı təəssüratlarınız var idi və ölkəmizdə olduğunuz müddətdə Azərbaycan sizdə hansı fikirləri formalaşdırdı?

– Azərbaycana gəlməzdən əvvəl bu ölkə haqqında çox məlumatım yox idi. Televiziyada yalnız bəzən Formula 1 Azərbaycan Qran-prisini izləyirdim. Amma bura gəldikdən sonra ölkəni çox sevdim. Azərbaycanın zəngin tarixi var. İnsanların vətənpərvər olması və öz ölkələrini ürəkdən sevməsi məni çox təsirləndirdi. Hətta artıq ailə üzvlərimin və dostlarımın bir çoxunu Azərbaycana səfər etməyə həvəsləndirmişəm.

 

Müsahibəni hazırladı: Tural Məmmədov

 

Qeyd: Bu müsahibənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə “Sumqayıt” Futbol Klubunun Mətbuat Xidmətinin rəhbəri Zaur Xudiyevə xüsusi təşəkkürümüzü bildiririk.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir