1505113_627214984038332_242041179905826752_n

“Neyrocərrahiyədə bir ilkin qürurunu yaşayırıq” – MÜSAHİBƏ

Baxış sayı: 7. 621

“Gəncailə.az” saytının “Həkimim” rubrikasının budəfəki qonağı neyrocərrah, Uzman Dr. Tural Rəhimlidir.

 – Artıq neçə ildir cərrahi fəaliyyətiniz var?

– Cərrahi məsləyimə 7 il bundan öncə Uzmanlıq həyatım ilə başlamışam.

Bir cərrahın uğur düsturu nədir, sizcə?

– Bir cərrahın deyil, ümumiyyətlə, bir məsləyin uğuru çalışmaq, öyrənmək və sevərək professional yanaşmadan keçir. Məsləyini sevmək, ona professional yanaşmaya zəmin yaradır. Yenilikləri öyrənməyə və onları tətbiq etməyə sövq edir.

– Niyə məhz neyrocərrahiyəni seçdiniz?

– Tibb universitetinə neyrocərrah olmaq niyyəti ilə qəbul olmuşam. Hər zaman ən çətin işi görmək və bu şəkildə fərqlənmək istəmişəm. Həkim olmaq istəyimi nəzərə alaraqdan ən çətin sahələrdən birində uğurlu olacağıma inanırdım. Ölkəmizdə bu sahənin inkişaf etməməsindən dolayı bu yolda bir açıqlığı bağlaya biləcəyimi düşünmüşəm.10750486_728536483906181_5343231385322337517_o

–  Müasir dövrdə neyrocərrahiyədə ən çox və geniş yayılmış xəstəliklər hansılardır?

– Neyrocərrahiyyənin statistik olaraq ən çox rastlanan problemləri onurğa sütünu ilə bağlıdır. Bununla yanaşı pediatrik neyrocərrahiyyənin problemləri getdikcə artmaqdadır. Cəmiyyətimiz hələ də beyin şişiylə doğulan uşaqların uğurlu əməliyyatla həyatını normal insanlar kimi yaşaya biləcəyinin fərqində deyil. Bunlar ciddi maariflənmə tələb edir. Onurğa problemlərinə gəldikdə isə bunlar hamının həyatının müəyyən zamanında narahat edən sıradan problemlər olaraq qalır. Günümüzdə bunun da çox uğurlu müalicə, gərəkirsə əməliyyatı da vardır.

Biz bilirik ki, siz pediatrik neyrocərrahiyə üzrə də xidmət göstərirsiniz. Bu sahə üzrə daha sıx rast gəlinən problemlər hansılardır?

– Sadəcə, pediatrik neyrocərrahiyyə ilə məşğul deyiləm, amma ağırlıqlı olaraq pediatrik və epilepsi cərrahiyyəsi ilə məşğulam.

Pediatrik neyrocərrahiyyənin hər zamankı kimi ən yayğın problemi hidrosefaliyadır. Bununla yanaşı uşaqlıq çağının beyin şişləri gedərək artmaqdadır.  Bu xəstəliklərin müalicə taktikası gedərək dəyişir və mükəmməlləşir. Məsələn, əvvəllər hidrosefaliyanı, sadəcə, şunt taxaraq müalicə edirdilərsə, indi ən yayğın əməliyyat şuntsuz olan endoskopik ventrikulostomiyadır. Bir zamanlar beyin şişlərindən sadəcə biopsiya alınırdısa, mikrocərrahiyyənin olaylara müdaxiləsi ilə şiş tam çıxarılaraq uşaqlar normal həyatına dönməkdədirlər.

–         Ümumiyyətlə pediatrik neyrocərrahiyə ilə bağlı olan xəstəliklərin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir? Buna görə valideynlərə, və yaxud valideyn olmağa namizədlərə hər hansı bir məsləhətiniz varmı?

–         Profilaktik tədbirlər daha çox hamiləlik planlaması ilə başlayır və hamiləlik dönəmində davam etdirilir. Bunları yaxşı mütəxəssis ginekoloqlar müəyyənləşdirir. Profilaktik tədbirlərə hamiləliyin yaşla planlanması, hamiləlik zamanı aparılan testlər və dərman müalicəsini nəzərə alaraq verilə biləcək profilaktik tədbirlər aiddir. Məsələn, onurğa beyni ilə əlaqədar problem olmasın, deyə profilaktik fol turşusunun verilməsi bunlara nümunə ola bilər.

–         Pediatrik mövzudan danışmışkən el arasında “sudurqa”, yəni qıcolma keçirən uşaqlarda gələcəkdə nə kimi fəsadlar ola bilər?

–         Qıcolmalar uşaqlıqda baş verib fəsadsız keçə bilən xəstəlikdən, ciddi epilepsiyaya qədər təzahür edə bilər. Bunların başlama zamanı nə ilə əlaqədar olması əhəmiyyətlidir. Əksər hallarda uşaqlıq çağında baş verən qıcolmalar qızdırma ilə əlaqəli olub doğru müalicə ilə tam sağalır. Bunlar irəli yaş dönəmində təkrar edilərsə, epilepsiya müalicəsinə tabe tutulur. Bəzən epilepsiya cərrahiyyəsi ilə müdaxilə etmək məcburiyyətinda qalırıq. Bunların qərarını uşaq nevropatoloqu, radioloq və epileptoloq neyrocərrahın ortaq konsiliumundan keçir.

–         Onurğa bölgəsində və bel nahiyəsində sıx-sıx rast gəlinən ağrılar hansısa xəstəliyin simptomları ola bilərmi?

–          Bir çox onurğa problem bel ağrısı ilə təzahür edəbilər. Əksər hallarda mexaniki bel ağrısı dediyimiz və cəmiyyətin 80 faizinin üzləşdiyi bu problemin düzənli həyat tərzinin bərpası ilə sonlanan bir haldır. Bəzən isə fəqərəarası disk yırtığı, onurğa sınıqları, onurğa beyni şişləri də bel ağrılarının səbəbi ola bilər. Ətraflı və diqqətli müayinə, radiolojik müayinələr bunun səbəbini aydınlaşdırmağa kömək edir.

–         El arasında “qrija” kimi adlandırılan fəqərəarası disk yırtığı kimi bir diaqnozun həlli mütləq cərrahi müdaxilədirmi?

–         Xeyr,  çox təəssüflə qeyd etmək istərdim ki, bu problemin həllini ölkəmizdə əksər hallarda əməliyyatla tapırlar. Dünya təcrübəsində 80 faiz hallarda fəqərəarası disk yırtıqlarının müalicəsi konservativ yolladır. Unutmamaq lazımdır ki, cərrahiyyə ən son tərcih olmalıdır. Hər yırtığı olan insan əməliyyat olunmamalıdır.

–         Ümumiyyətlə disk yırtığının hansı növləri mütləq əməliyyat olunmalıdır. Burada ölçü fərqi varmı?

–  Ölçünün əhəmiyyətini Azərbaycanda gördüm. Ümumiyyətlə radiolojik raporlarda yırtığın ölçüsünü də ilk dəfə burda gördüm. Ölçünün heç bir əhəmiyyəti yoxdur. Önəmli olan xəstənin şikayəti və müayinəsidir. Çox böyük yırtığı olub da şikayəti olmayan, tam fərqli olaraq millimetrik yırtığı olub xəstəni yatağa salan və əməliyyat tələb edən durumlar olur. Bir həkim öz sahəsinə uyğun MRT və KT müayinəsinin cavabı olmadan dəyərləndirməyi bacarmalıdır. Bunu bilməyən həkimlər ölçünün yazılmasını tələb edir. Ölçünün əhəmiyyəti də məhz burda yaranır.

Praktikanız boyunca ən çətin və riskli əməliyyatınız hansı olub?

– İxtisasımız elədir ki, əməliyyatlarımızın tamamı çox əhəmiyyətlidir. Hamısı xüsusi diqqət tələb edir. Özəlliklə qeyd edə biləcəyim hallardan vurğulamaq istədiyim, 28 yaşında hərbçidir. Beyin şişi (Pineal Tm) diaqnozu ilə GATA (Gülhanə Əsgəri xəstəxanası) da əməliyyat çox risklidir deyərək əməliyyat olunmamışdır. Bu məsuliyyətin altına girmək bir az çətin oldu, amma nəhayətində hər şey uğurlu oldu. Xəstə normal insanlar kimi həyatını davam etdirir.

– Ölkəmizdə son dövrlərdə neyrocərrahiyə ilə bağlı nə kimi yeniliklərdən istfifadə olunur? Bu sahədə hələ də edilməsi mümkün olmayan əməliyyat növü varmı?

–  Etdiyimiz əməliyyatların bir çoxu müəyyən mənada yenilik gətirmişdir. Azərbaycanda ilk dəfə kəllə əsası şişlərinin kəsik aparmadan endoskopik yolla burundan icra etmişik, bunun qürurunu yaşayırıq. Nəticələr kifayət qədər uğurludur. İrəlidə epilepsi cərrahiyyəsini icra edərək bir yenilik daha etmək niyyətindəyəm. Bunlarla yanaşı olunacaq daha çox şeylər vardır.

– İnsanlarda daha çox rast gəlinən problemlərdən biri ostreoxondroz dediyimiz bir problemdir. Bir az da bunun yaranma səbəbləri və müalicəsi haqqında məlumat verərdiniz.

– Burda əslində xəta var. Bu da bilməzlikdən gələn xətadır. Bu kəlməni işlədən hər bir kəs osteoxondrozdan xəbərdar olmadığını bilməyərək də vurğulayır. Osteoxondroz diaqnozu Azərbaycanın yarısına qoyulub. Çox ironik və absurddur. Osteoxondroz çox nadirən rastlanan və ciddi bir xəstəlikdir. Sümük nekrozu anlamına gəlir (Schuerman xəstəliyi, Osgood Schlatter, Leg Calve Perthes bunlara misaldır). Nəzərdə tutduqları şey spondilozdur. Bu da yaşa bağlı hər kəsdə görülə biləcək bir dəyişiklikdir.

–  Sonda bir neyrocərrah kimi insanlara hansı məsləhətləri verə bilərsiniz?

– Bir həkim kimi sağlamlıqlarının qeydinə qalmağı tövsiyyə edərdim.

 Söhbətləşdi: Səbinə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir