12512063_886269398153333_805312101_n

Məni göstərib dedi: “Müsahibəni bu “krasavçik” götürəcək?” – MÜSAHİBƏ

Baxış sayı: 8. 227

Həmsöhbətimizi televiziya tamaşaçıları “Gülümsəyin, cənablar, gülümsəyin” frazası ilə xatırlayır.  Deyir ki, indi də efirdə olsam, tamaşaçımı gülümsəməyə dəvət edərəm. Çünki dünyada baş verən siyasi-iqtisadi hadisələr fonunda adamların gülümsəməyə çox ehtiyacı var. Qismət! Azər Qismət – müsahibimizdir, jurnalist, yazıçı və çox maraqlı adam, çox maraqlı həmsöhbət…

–         Qismətə inanarsınız, yəqin ki…

–         Bəlkə də gənc olsaydım, bu sualı gülümsəməklə qarşılayardım. Amma illər keçdikcə və insan müdriklik yaşına dolduqca – həyat yoluna, ətrafda cərəyan edən hadisələrə nəzər saldıqca anlayır ki, “qismət” deyilən anlayış var. Heç bir görüş, heç bir hadisə təsadüfi sayılmır. Bu da gəncliyində bəşəriyyətə ötürdüyün mesajların nəticəsidir. İndi kiminsə övladı dünyaya gələndə yalnız bircə cümlə işlədirəm: “Şanslı və bəxtli olsun”.

– Jurnalistikaya gəlişiniz bir qismət idi, yoxsa planlaşdırılmış şəkildə baş verdi hər şey?

– Qismət deyildi. Səmimi deyim ki, o illərdə Qarabağ münaqişəsi başlamışdı. SSRİ-nin Kütləvi İnformasiya Vasitələrində, xüsusən Moskvanın telekanallarında münaqişəyə dair yalan məlumatlar verilirdi. Bu da o vaxtkı sadə azərbaycanlı kimi mənim də əsəblərimi tarıma çəkmişdi. İnanın ki, Qalina Stravoytovanın, Andrey Saxarovun, Ermənistandan seçilən deputatların çıxışları, eləcə də Henrix Borovikin heç bir həqiqətə əsaslanmayan reportajları ürəyimizi ağrıdırdı. Düşünürdük ki, ermənilər həmin jurnalistlərə külli miqdarda pul və qızıl-zinyət əşyaları verirlər. Necə ki, Aqambekyanın rəhbərliyi altında Fransa erməniləri Qorbaçovun arvadına belə hədiyyələrdən çox vermişdilər. Hətta mərhum jurnalist Çingiz Mustafayev də Qalina Stravoytovaya sual vermişdi ki, “ermənilər sizə hansı məbləğdə pul verirlər?”. O illərdə jurnalist olub həqiqiəti dünyaya yaymaqla bağlı qəlbimdə istəklər oyanırdı. İndi bu cümlələr pafos hesab edilir. Onda pafos-mafos yox idi. Hamımız dimdiyində alova su tökən sərçə rolunu oynayırdıq. Həmin vaxtlar Moskvanın siyasətini anlamırdıq. İllər keçdikcə anlaşılır ki, Qarabağ doğrudan da böyük oyunun tərkib hissəsidir.

hqdefault

-Əvvəlcə hardan başladınız?

-Jurnalistika fakültəsində təhsil alanda müxtəlif qəzetlərdə məqalələrlə çıxış etməyə başladım. İlk belə məqaləm “525-ci qəzet”də dərc edildi. Qəzetin əməkdaşı Səbuhi Məmmədli yazımı oxuyub çox təriflədi, sonra arxayın etdi ki, “sabah məqalən dərc ediləcək”. Dediyi kimi də dərc etdi. Çox sevindim. Hərdən indi də Səbuhini görəndə o günləri xatırlayırıq. Sonra “Kommunist”, az sonra “Xalq qəzeti”ndə istehsalat təcrübəsində oldum. Orada isə qəzetin şöbə müdiri Zülfüqar Rüfətoğludan jurnalistikanın sirlərini öyrəndim. O, məni daim öyrədir, məqalələrimi dərc edirdi. İndi də onu “ustad” deyə çağırıram.

Televiziya sahəsində isə ilk işim “BMTİ” teleşirkətində “Telebenefis” verilişini hazırlamaqla başladı. Bunun çox maraqlı tarixçəsi var. Bakıda möhkəm qar yağmışdı. Universitetdə dərslərim bitdi və metronun “Bakı Soveti” stansiyası (indiki “İçərişəhər” metrosu) ilə üzbəüz yerləşən binada “Bilik” fonduna getdim. BMTİ teleşirkəti orada fəaliyyət göstərirdi. Sonra “Moskva” mehmanxanasında yerləşdilər. Deməli, hərdən dərsdən sonra ora gedib telejurnalistlərin işinə baxırdım. Tələbə olsam da hər gün kostyum geyinib, qalstuk taxırdım. Quru idik də (gülür). İndiki tələbələr daha sərbəstdirlər. Belə də lazımdır. Əsas bilikdir, nə geyinməyinin fərqi yoxdur. Fikir verdim ki, “Telebenefis” verilişinin yaradıcı heyəti təlaşdadır, nəyisə müzakirə edirlər, alınmır. Mən də kənarda oturub onlara baxırdım. Birdən verilişin redaktoru Əhməd Orucoğlunun gözü mənə sataşdı. Hündürdən dedi ki, “hazırlaş, gedirik aktrisa Gülşən Qurbanova ilə müsahibə almağa”. Düşündüm ki, bu, bir zarafatdır. Çünki televiziya işçilərinin belə zarafatına tez-tez rast gəlirdim. Gülümsədim. Yenidən hündürdən dedi ki, “nə gülürsən, gəl ştativi (kamera dirəyi) götür gedək”. Həyacanla kamera dirəyini götürüb onların arxasınca düşdüm, yolu da buz bağlamışdı. Sürüşə-sürüşə addımladıq. İndi təsəvvür edin, bunlar yolda danışıb-gülür, mən də həyacandan birtəhər olmuşam. Amma yenə düşünürdüm ki, “əşi, yox, zarafat edirlər”. Dalanların birində aradan çıxmaq istədim, alınmadı. Çünki buzlu yolda qaçmaq alınmayacaqdı. Çatdıq Gülşən Qurbanovun evinə. Qapını açıb, bizi xoş gülüşlə qarşıladı. Allah rəhmət etsin, gözəl insan idi. Soruşdu ki, “məndən müsahibəni bu “krasavçik” götürəcək?”, dedilər “özüdür ki, var”. Zarafatla soruşdu ki, “ədə, hardansan?”. Dedim “Sabirabaddan”. Qayıtdı ki, “Azərin (mərhum aktyor Azər Mirzəyev nəzərdə tutulur) hesabına sabirabadlıları çox istəyirəm. Bax, məndən müsahibəni yaxşı alarsan a”.

Təsəvvür edin, heç nəyə hazırlaşmadan səni məşhur insanla müsahibəyə aparsınlar, matın-qutun quruya. Özü də müsahibinin yaradıcılığı barədə çox da bilməyəsən. Gülşən xanım dedi ki, “əvvəlcə yemək yeyək, yoxsa çəkiliş edək?”. Bəlkə də əvvəl yemək yesəydik, beynimdə suallar düşünərdim. İşin tərsliyinə bax ki, əvvəlcə çəkilişə razılaşdılar. Kamera quruldu, aktrisa üçün fon seçildi, mən yerimi rahatladım, kameranın qırmızı düyməsi yandı və budur, çəkiliş başlandı: “Gülşən xanım, özünüzü necə hiss edirsiz”. İlk sualım belə oldu. “Özünüzü necə hiss edirsiz?”. Heç dəxli var? Suala bax. Gülşən xanım danışdıqca jurnalistikanın müsahibə janrında yeni dünya kəşf etdim. Həmin kəşf ondan ibarət idi ki, müsahibin danışığından nəyisə seçib ucundan tutursan və ucuzluğa gedirsən. Belə də etdim. Yaradıcı heyət donub qalmışdı. Veriliş o qədər səmimi alınmışdı ki… Ümumiyyətlə, deyim ki, əgər gənc jurnalist işə yeni düzəlibsə onu xırda çəkilişlərə göndərmək olmaz. Həmin gəncin tez təşəkkül tapmasına nail olmaq istəyirsənsə, birbaşa alova at! Ən məsuliyyətli çəkilişlərə, müsahibələrə göndər! Bu prosesdə gənc jurnalistin bütün varlığı, şüuru, hüceyrələri bir yerə cəmlənəcək, orqanizminin bütün mikroelementləri hazırlıq vəziyyətinə gələcək, beyninin neyron yuvaları oyanacaq, hədəfə doğru hərəkətə keçəcək. Belə müsahibələr zamanı jurnalist gələcək üçün formalaşma dərsi keçir. Birincisi, o, hər an ciddi çəkilişlərə hazır olur. İkinncisi, o, lazımi anda fikrini cəmləyir. Üçüncüsü, məsuliyyət anlayışını dərk edir.12511858_886269518153321_1039216448_n

– Həmin verilişdən sonra nə baş verdi?

– “Telebenefis” verilişini mənə həvalə etdilər. İki dəfə isə BMTİ teleşirkətinin “Xəbərlər” buraxılışına aparıcılıq etdim. Burda məni xəbərlərə İlqar Əlfioğlu hazırlayırdı. O, mənə xəbər aparıcısının şablon və qəliblikdən necə azad olmasının yollarını öyrətdi. Yeri gəlmişkən, xəbər aparıcılarının indiki sərbəstliyi o vaxtlar yox idi. O illərdə İlqar Əlfioğlunun belə addımı Azərbaycan jurnalistikasında inqilab sayılırdı. Sonra AzTV-ə gəldim. Və burada Azərbaycanın köklü kanalı, orada işləyən əfsanələrlə canlı ünsiyyət qurdum. Peşman da olmadım.

–         Uzun illər “168 saat”da çalışdınız. O vaxtkı illərin tələbələri sizin tələbələrlə bağlı rubrikanızı hələ də xatırlayırlar…

–         Təşəkkür edirəm ki, siz də o rubrika ilə böyüyən gənclərdənsiniz. Əsgərliyi başa vurandan sonra “168 saat” qəzetinə gəldim. Ömrümün ən gözəl illəri həm də burda keçib. Baş redaktor Varis orada elə bir abu-hava yaratmışdı ki, heç bir əməkdaş evə getmək istəmirdi. Varisin zarafatları, təklif etdiyi mövzuların rəngarəngliyi, yaratdığı sağlam rəqabət mühiti bizi yaxşı işləməyə sövq edirdi. Hamı çalışırdı ki, daha da ürəklə işləsin, bütün varlığı ilə ortaya dolğun, həm də oxunaqlı yazı qoysun. Bütün bunlar Varisin zəhməti, onun taktikası idi. Hamını rəqabətə çağırırdı, nəticədə qəzetin növbəti sayı maraqlı çıxırdı. Onun sayəsində “168 saat” qəzeti ən yüksək tirajla satılırdı. Mənim hazırladığım “Tələbə inform” rubrikası ilə ölkənin Ali məktəblərinin tələbələrini bir araya toplaya bilmişdim. Bu təklifi Varisə deyəndə uğurlar arzulamışdı. Çünki potensialımı bilirdi. Tələbələr məktublar yazaraq problemlərini izhar edir, ilk məhəbbətləri barədə yazır, hətta lətifələr göndərirdilər. Üstəlik, qəzetimizi məmnuniyyətlə alırdılar. Həmin rubrikanı xatırlatmaqla o illəri yadıma saldınız. Çox sevindim.

–         İndi efirdə olsanız, yenə gülümsəməyə dəvət edərdinizmi tamaşaçınızı?

–         Edərdim. Çünki dünyada baş verən siyasi-iqtisadi hadisələr fonunda adamların gülümsəməyə çox ehtiyacı var. Üstəlik, nəzərə alsaq ki, cəmiyyətimizdə mənəvi aşınma prosesi sürətlə gedir, əlbəttə, belə halda sadəcə acı şəkildə gülümsəməkdən başqa çarə qalmır. Mənəvi aşınma nə siyasi, nə də iqtisadi proseslərə baxmır. Dünyanın ən inkişaf etmiş ölkələrində belə aşınmalara rast gəlmək mümkündür. Amma bizdə çoxalıb. Sanki SSRİ-nin dağılmasından sonra bəziləri onları buxovlayan kəndiri necə açmağın yolunu tapa bilmədilər. Ağıllı adamlar o kəndiri asta-asta açıb kənara qoydular. Axmaqlar isə kəndiri qırıb qaçdılar. Bütün mənliklərini ayaqlar altına ataraq qaçdılar, cəmiyyətə murdarlıq gətirdilər. Çox təəssüf ki, kəndiri birdən-birə qırıb qaçanlar çoxdur və onların ləyaqətsiz hərəkətləri hətta nümunə kimi göstərilir. Belə adamlar həmişə olub, olacaq da. Sadəcə, arxalarınca düşməyəsən, fikirlərinin tələsində çabalamayasan. İndi də efirdə olsaydım tamaşaçıları gülümsəməyə dəvət edərdim: “Gülümsəyin cənablar”.

–         ANS-dən niyə getdiniz?

–         ANS elə bir yerdir ki, orada jurnalistikadan xəbəri olmayan adamdan yaxşı reportyor hazırlayırlar. İstəməsən belə bunu bacaracaqlar, əks halda ora sənin yerin deyil. Bilirsiz, adamı necə reportyor edirlər? Səni atırlar çaya və deyirlər ki, 5 dəqiqə ərzində çayı keçməlisən. Çayın eni və dərinliyi barədə məlumatın isə yoxdur, üstəlik, üzməyi bacarmırsan. Adamı atırlar çaya. Adam başlayır əl-qol atmağa. Boğulmamaq üçün çabalayır. Görürlər ki, çabalayırsan, deyirlər “narahat olma, bir azdan sənə xilasedici jilet atacağıq”. Bir də ayılırsan ki, artıq çayı keçmisən. Nə köməkçi qüvvə gəlib, nə də xilasedici jilet atıblar. Beləliklə, reportyorluğa xoş gəldin. Bu çox ağıllı taktikadır. Bir jurnalist kimi ictimaiyyət arasında tanınmağımda ANS-in böyük rolu olub. Mən səhərlər “Xəbərçi” verilişini aparırdım, üstəlik reportajlar edirdim. Günlərin birində məşhur televizyonçu Seyfulla Mustafayev məni dəhlizdə saxlayıb dedi: “Səndə Molla Nəsrəddin üslubu görürəm”. Və uzaqlaşdı. Bir neçə aydan sonra iclas keçirildi ki, “İç xəbər” verilişi bərpa edilməlidir”. Seyfulla müəllim məni orada aparıcı və redaktor təyin etdi. Ona ömrüm boyu minnətdaram. Bu insan televiziya işini duyan və təkmilləşdirən tək-tük insanlardandır. Getməyimin səbəbi isə sırf özümdən oldu. “İç xəbər” verilişi başa çatandan sonra ərizə yazıb getdim.

–         Son 1 ildə ANS-dən ciddi qopmalar oldu. Sizcə, bu, nəyin nəticəsi idi?

12498704_886269498153323_153383869_n

–         ANS-dəki qopmaların səbəbi psixoloji amillərlə bağlıdır. Bəzi jurnalistlər tanınandan sonra rəhbərlikdən söz götürməyi xoşlamırlar, bunu özlərinə sığışdırmırlar. Təsəvvür edin, rəhbərlik tapşırıq verir, danlayır, onlar isə bunu qəbul etmirlər. Özlüklərində düşünürlər ki, “artıq tanınmış adamam və istənilən kanalda işləyə bilərəm”. Daha düşünmürlər ki, onlar rəhbərliyin gözündə həmişə sıravi işçilərdir. ANS mətbəxini bilən adam kimi deyirəm ki, bu rəhbərliyin günahı deyil. Nəticədə qərar verilir ki, “səninki səndə, bizimki bizdə”.

–         Ümumiyyətlə, maraqlıdır, keçmiş televiziyaçı kimi hansı telekanalı ölkə teleməkanının lideri hesab edirsiniz?

–         Birmənalı şəkildə deyirəm ki, AzTV-ni. Həmin kanalın dəsti-xətti, üstəlik milli-mənəvi dəyərlərlə bağlı verilişlərinin dolğunluğu, kinofilmlərin dublyajı çox xoşuma gəlir. Sizi inandırım ki, ölkənin heç bir kanalında “Səs Azərbaycan” layihəsini etmək mümkün olmazdı. Bu layihənin həyata keçirilməsi üçün böyük studiyalar, dizaynerlər, peşəkar işçi heyəti lazımdır ki, bütün bunlar da AzTV-də mövcuddur. Həm də AzTV yeganə kanaldır ki, xalqın öz kökündən ayrılmasına imkan vermir, dəyərlərimizə hörməti qoruyub saxlatdırır.

–         Kadr arxasında elə hadisələr olur ki, biz ekran qarşısında onu görmürük, amma sizin üçün unudulmaz xatirə olur, hər xatırlayanda yenə həyəcanlanırsınız və ya qəşş edib gülürsünüz. Çox olubmu sizdə də belə hadisələr?

–         Çox olub. Heç bilmirəm hansını deyim (gülür). Günlərin birində bir qoca ağlaya-ağlaya şikayət etdi ki, İcra Hakimiyyəti torpaq yerimi mənimsəyib, orada ağaclar əkmişəm, illərlə qulluq etmişəm. Getdik çəkilişə, məlum oldu ki, həmin torpaq onun deyil, gecənin birində hasarlayıb. Bunu qocaya deyəndən sonra maskası yırtıldı. Bayaqdan ağlayan, özünü məsum göstərən kişi üstümüzə qışqırdı, hətta ordan uzaqlaşanda arxamızca nə qədər daş atdı. Canımızı güclə qurtardıq (gülür).

  – Yazıçılıq yaradıcılığınız da var. Amma aktiv deyil zənnimcə… 

–         Hərdən yazıram. Artıq bir kitablıq hekayələrim var. İmkan tapıb dərc etdirəcəyəm. İki romanım isə yarımçıqdır. Yaradıcılıqla məşğul olmağı sevirəm. Hava kimi uduram, su kimi içirəm.

12512047_886269584819981_1946001622_n–         Devalvasiya həyatınıza necə təsir etdi?

–         Çox da yaxşı təsir etmədi. Anlayıram ki, Amerika-Rusiya münasibətlərinin badına biz də gedirik. Sadəcə, bizim ticarətçilər bir az insaflı olsalar, süni qiymət artımı ilə əsəbləri tarıma çəkməsələr, nə mutlu bizə. Dollarla kredit götürən vətəndaşların da vəziyyətini anlayıram. Banklar öz millətlərinin nümayəndələrini düşünsələr, pis olmaz.

– Siqareti tərgitməyə hazırsınız?

– Bilirəm ki, pis vərdişdir, ancaq tərgitməyəcəm. Özümü onsuz təsəvvür etmirəm.

–         Evlisiniz?

–         Bəli.

–         Övladlarınız varmı?

– İki övladım var. Nərmin və Murad. İkisi də mənə bənzəyir. Yaxşı gülümsəməyi bacarırlar. Allah hamının övladını qorusun. Amin.

-Müsahibəyə görə təşəkkür edirik.

-Siz sağ olun.

Söhbətləşdi: Vüsal Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir