Qumru Eyvazova

Nikahın etibarsızlığı nə deməkdir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 812

Ailə cəmiyyətin təməlidir. Ailə münasibətləri yaxın insanlar arasında yaranır və adətən ömür boyu davam edir. Ailə qanunlarla minimum səviyyədə tənzimlənən sahələrdən biridir. Ailə münasibətlərinin daha çox əxlaqi kateqoriyalarla əlaqəli olduğuna inanıldığından, istər valideyn, istər ər, istərsə də uşaq olsun, hər bir insan ailə münasibətləri ilə bağlı əsas hüquqi məsələləri bilməlidir.

 

Bəs nikah nədir?

Nikah ailə yaratmaq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada tərəflərin azad və qarşılıqlı razılığı ilə bağlanan kişi və qadın arasında (hər ikisinin yaşı 18-dən az olmamalıdır) bərabər və könüllü birlikdir. Nikah dövlət orqanında (qeydiyyat şöbəsində) rəsmi qeydiyyata alınır, bundan sonra ər-arvadın qarşılıqlı hüquq və vəzifələri olur. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir. Yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah rəsmi qəbul edilir. Kəbin (dini nikah) heç bir hüquqi əhəmiyyətə malik deyil.  Bu o deməkdir ki, arvadla ər arasında mülkiyyət və şəxsi hüquqlar yaranmır. Onlar rəsmi olaraq ər-arvad sayıla bilməz, onlara yalnız birgə yaşayan şəxslər kimi sayılırlar, başqa sözlə desək vətəndaş nikahı ilə. Buna görə də, nikahınızı qeydiyyat şöbəsində qeyd etmək vacibdir, çünki bu, Sizin, həm də uşaqlarınız hüquq və mənafelərini qoruya bilər.

 

Bəs bağladığınız nikah hansı şərtlər əsasında bağlanılmalıdır?

Nikaha daxil olmaq üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycanda nikah yaşı 18 yaş olaraq müəyyən edilib. Bəzi hallarda (üzrlü səbəblər olduğu halda) nikah yaşına çatmayan şəxslərin müraciəti ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.

 

Bəs nikahın bağlanmasına mane olan hallar hansılardır?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), eləcə də, övladlığa götürənlər və övladlığa götürülənlər və sadalananlardan ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər nikaha daxil ola bilməzlər. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi, nikaha daxil olarkən, mütləq şəkildə tibbi müayinədən keçməni təsdiq edən arayış təqdim olunmalıdır, əgər olunmazsa o zaman nikaha daxil olmaqdan imtina ediləcəkdir. Nikaha daxil olmaq istəyən qadın və yaxud kişi və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişlərsə, qeydiyyat orqanı onları da nikaha daxil olmalarına icazə verməyəcəkdir.

 

Bəs nikah hansı halda etibarsız hesab edilə bilər?

Yuxarıda sadalanan şərtlər pozulduqda, eləcə də, tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikahın etibarsız hesab edilməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. Nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı qanunvericiliklə müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər.

Ailə – nikahdan, qohumluqdan, övladlığa götürmə və ya uşaqların tərbiyəsi üçün övladlığa götürmənin digər formalarından irəli gələn hüquq və vəzifələrlə bağlı olan və ailə münasibətlərinin möhkəmlənməsinə və inkişafına töhfə verən şəxslər dairəsi. Çalışın ailənizi qoruyun.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




1 şərh “Nikahın etibarsızlığı nə deməkdir? – “VƏKİL BÜROSU”

  1. Sevinc

    Möhtəşəm məqalədir.
    Qeyd etmək istərdim ki,təhsil ocaqlarda cavan nəslimizə ALLAHIN bəşəriyyət üçün
    Quran kitabında təqdim etdiyi qanunları öyrətsərdilər,və bu dünyaya nə məqsədnən
    bizi UCA ALLAH göndərib başa salsaydılar,
    hüquq orqanlar insanların bu dramatik səhnələrdən azad olardı…

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir