Qumru Eyvazova

Ananın doğum haqqında qeyddə atalığı mübahisələndirmək hüququ - "VƏKİL BÜROSU"

Baxış sayı: 257

Doğum haqqında şəhadətnamədə ata kimi göstərilən şəxsin uşağın bioloji atası olmadığını bildirən ana öz adından məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Y.Muxtarzadənin şikayətinə dair” 19 oktyabr 2026-cı il tarixli qərardadında ifadə olunan bu mövqe Ailə Məcəlləsinin 47.1-ci maddəsinəəsaslanır. Həmin hüququn həyata keçirilməsi üçün uşağın yetkinlik yaşına çatmasını gözləmək tələb olunmur.

 

Atalıq prezumpsiyası və ananın iddia hüququ nədir?

Ailə Məcəlləsinin 44.2 və 46.1-ci maddələrinəəsasən, uşaq nikah dövründə doğulduqda, əksi sübuta yetirilməyincə, ananın əri uşağın atası hesab olunur. Bu prezumpsiya nikahın pozulmasından, etibarsız sayılmasından və ya atanın ölümündən sonra 300 gün ərzində doğulan uşağa da şamil olunur. Doğum sənədində ata barədə qeyd valideynlik hüquq və vəzifələrinin, o cümlədən uşağın saxlanılması və tərbiyəsində iştirak öhdəliklərinin hüquqi əsasını müəyyən edir.

Ailə Məcəlləsinin 47.1-ci maddəsi valideynlər barədə qeydin yalnız məhkəmə qaydasında mübahisələndirilməsini nəzərdə tutur. Plenumun mövqeyinə görə, maddədəki “uşağın valideyni qismində yazılmış şəxs” ifadəsi həm ananı, həm də atanı əhatə edir. Uşaqla bağlı valideynlik hüquq və vəzifələrinin hansı şəxslə birgə həyata keçirilməsi ananın şəxsi və ailə həyatına birbaşa təsir göstərir. Bu səbəbdən ananın qeydin həqiqətə uyğunluğunda öz qanuni marağı var. Plenum həmin marağı Konstitusiyanın 32-ci maddəsində qorunan şəxsi və ailə həyatı ilə əlaqələndirib və hüququ məhdudlaşdıran şərtlərin qanunda aydın müəyyən edilməli olduğunu Konstitusiyanın 71-ci maddəsi baxımından vurğulayıb.

bosanma

Y.Muxtarzadənin işi üzrə qərardadda nə deyilir?

Uşaq doğulanda ana rəsmi nikahda olduğundan onun əri ata kimi qeydə alınmışdı. Həmin şəxs sonradan vəfat etmişdi. Ana başqa kişinin atalığının müəyyən edilməsini, yeni doğum haqqında şəhadətnamənin verilməsini və aliment tutulmasını tələb etmişdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsi 19 mart 2024-cü ildə iddianı təmin etmişdi. Bakı Apellyasiya Məhkəməsi 24 iyun 2024-cü ildə həmin qətnaməni ləğv edərək iddianı rədd etmiş, Ali Məhkəmənin Mülki Kollegiyası isə 4 oktyabr 2024-cü ildə apellyasiya qətnaməsini dəyişdirmədən saxlamışdı.

Plenum ananın 47.1-ci maddə üzrə iddia hüququnu təsdiqləyən hüquqi mövqe ifadə edib. Bununla yanaşı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2-ci maddəsi çərçivəsində Ali Məhkəmənin qərarının Konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi akta əsaslandığını müəyyən etmədiyindən konstitusiya icraatına xitam verib. Konkret iş üzrə Ali Məhkəmənin qərarı qüvvədə qalıb.

 

İddia tələblərinin formalaşdırılması və sübutlar hansı şəkildə olmalıdır?

Ata barədə mövcud qeydin mübahisələndirilməsi Ailə Məcəlləsinin 47.1-ci maddəsinə, başqa şəxsin atalığının müəyyən edilməsi isə 45.1-ci maddəsinəəsaslanan müstəqil tələblərdir. Birinci tələb qeydə alınmış şəxsin uşağın bioloji atası olub-olmamasına, ikinci tələb isə uşağın konkret şəxsdən törəyib-törəməməsinə aiddir. Ana hər iki nəticəni istəyirsə, iddia ərizəsində mövcud ata qeydinin mübahisələndirilməsini və digər şəxsin atalığının müəyyən edilməsini ayrıca tələb kimi göstərməlidir. Qarşılıqlı əlaqəli tələblər Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsinəəsasən bir iddia ərizəsində birləşdirilə bilər.

Ailə Məcəlləsinin 45.1-ci maddəsi məhkəməyə uşağın konkret şəxsdən törəməsinə dair istənilən mötəbər sübutu nəzərə almağa imkan verir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə tərəflər istinad etdikləri halları sübut etməlidirlər. Məhkəmə 97-ci maddəəsasında molekulyar-genetik ekspertiza təyin edə bilər və 88-ci maddəyə uyğun olaraq ekspert rəyini işin digər sübutları ilə birlikdə qiymətləndirir. Atalıq müəyyən edildikdə, Ailə Məcəlləsinin 187.1 və 188-ci maddələrinəəsasən məhkəmə qətnaməsi üzrə atalıq qeydə alınır, doğum aktı qeydinə ata barədə məlumat daxil edilir və yeni şəhadətnamə verilir. Aliment tələbinin maddi-hüquqi əsası valideynin uşağını saxlamaq vəzifəsini müəyyən edən 75-ci maddədir.

bosanma 1

Bəs uşağın üstün mənafeyinin qiymətləndirilirmi?

Plenum “Uşaq hüquqları haqqında” Qanunun 55.2 və 55.3-cü maddələrinə istinad edərək uşağın üstün mənafeyinin işin konkret halları əsasında hərtərəfli müəyyən edilməsini tələb edir. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 3, 7, 8 və 12-ci maddələri uşağın üstün mənafeyinin əsas meyarlardan biri kimi götürülməsini, mümkün olduğu qədər valideynlərini tanımaq, kimliyini və ailəəlaqələrini qorumaq, habelə ona aid məsələlərdə dinlənilmək hüquqlarını nəzərdə tutur. Ailə Məcəlləsinin 52-ci maddəsi də uşağın ona aid məhkəmə araşdırmasında dinlənilmək hüququnu təsbit edir.

Məhkəmə uşağın yaşını, fikrini, formalaşmış ailə bağlarını və akt qeydinin dəyişməsinin onun hüquqi vəziyyətinə təsirini dəyərləndirməlidir. Plenumun mövqeyi ananın məhkəməyə müraciət etmək səlahiyyətini əsaslandırır. İddianın həlli isə hər tələbin sübutları və uşağın üstün mənafeyi üzrə aparılan qiymətləndirmədən asılıdır.

 

Vəkil Qumru Eyvazova

 Vəkillər Kollegiyasının üzvü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir