Gulsenem A

Beynin sərt qişası (dura mater) osteopatın gözü ilə

Baxış sayı: 222

1) Dura mater nədir və harada yerləşir?

Kraniosakral ritm haqqında əvvəlki yazımda kəllə və çanaq arasındakı əlaqədən danışmışdım. Bu dəfə həmin yolu bir quruluşun izi ilə gedək. Kəllənin içindən başlayıb onurğa kanalı boyunca aşağı enən bu möhkəm örtüyün adı dura mater, yəni sərt beyin qişasıdır.

Baş və onurğa beynini əhatə edən üç qişanın ən xaricdə yerləşəni sərt qişadır. Kəllə daxilində onun qatlarından biri sümüyün iç səthini döşəyir. Digəri isə müəyyən yerlərdə içəriyə qatlanır. Bu qatlanmalardan biri iki beyin yarımkürəsinin arasına oraq kimi enir. Digəri beyinciyin üzərinə çadır kimi örtür. Beyin orağı və beyincik çadırı adları da buradan ortaya çıxır. Bu arakəsmələr kəllə daxilində beynə mexaniki dayaq verir.

Böyük ənsə dəliyindən aşağıya doğru sərt qişa onurğa kanalında uzun bir kisə şəklində davam edir. Yetkin insanda onurğa beyninin özü adətən birinci–ikinci bel fəqərələri səviyyəsində sona çatır. Qişa kisəsi isə onun daxilində aşağı enən sinir köklərini də əhatə edərək təxminən ikinci oma fəqərəsinədək uzanır. Buradan büzdümə doğru nazik lifli bağ davam edir. Beləliklə, onurğa beyninin bitdiyi yer, kisənin sonu və lifli bağın büzdümə birləşdiyi nöqtə ayrı-ayrı səviyyələrdədir.

Sərt qişa sinir toxumasını qoruyur və ona dayaq verir. Bəs biz başımızı əyəndə, çevriləndə, belimizi düzəldəndə bu möhkəm örtük hərəkətə necə uyğunlaşır?

 

2) Dura materin (sərt beyin qişasının) zədələnmə əlamətləri

Sərt qişada yırtıq yarandıqda beyin-onurğa beyni mayesi (likvor) sıza bilər. Əlamətlər sızmanın kəllə və ya onurğa nahiyəsində olmasından asılıdır.

Burundan və ya qulaqdan su kimi şəffaf mayenin gəlməsi. Kəllə əsasında sızma olduqda maye bir burun dəliyindən və ya qulaqdan damcılayır. Boğaza axdıqda ağızda duzlu və ya metal dad hiss oluna bilər. Baş zərbəsindən sonra belə axıntı görünərsə, dərhal təcili tibbi yardıma müraciət edilməlidir.

Oturanda və ya ayağa qalxanda güclənən baş ağrısı. Onurğa nahiyəsində likvor sızmasının ən səciyyəvi əlamətidir. İnsan uzananda ağrı adətən yüngülləşir, yenidən qalxanda isə arta bilər.

Boyun və kürək nahiyəsində ağrı və tutulma. Xüsusilə boynun arxasında və kürək sümüklərinin arasında hiss edilə, vəziyyət dəyişdikcə güclənən baş ağrısını müşayiət edə bilər.

Ürəkbulanma, qusma və başgicəllənmə. Onurğa nahiyəsində likvor sızdıqda baş ağrısı ilə yanaşı bu şikayətlər də yarana bilər.

Eşitmə və görmədə dəyişikliklər. Qulaqda küy və ya tutulma hissi, səsləri boğuq eşitmə, bulanıq və ya ikili görmə müşahidə oluna bilər. Bu əlamətlərin başqa səbəbləri də olduğundan diaqnoz tibbi müayinə ilə dəqiqləşdirilir.

Əməliyyat yarasından şəffaf mayenin sızması və ya tikiş yaxınlığında yumşaq şişkinlik. Kəllə və ya onurğa əməliyyatından sonra belə dəyişiklik yaranarsa, əməliyyatı aparan cərrahla dərhal əlaqə saxlamaq lazımdır.

Baş travmasından sonra təcili yardım tələb edən digər əlamətlər getdikcə şiddətlənən baş ağrısı, təkrar qusma, insanı oyatmaqda çətinlik, şüur qarışıqlığı, qıcolma və bədənin bir tərəfində yeni yaranan zəiflikdir. Bunlar kəllədaxili qanaxmaya da işarə edə bilər. İnsan zərbədən dərhal sonra özünü yaxşı hiss etmiş olsa belə, bu əlamətlərdən biri yaranarsa, təcili yardım çağırılmalıdır.

 

3) Sərt beyin qişası nədən zədələnə bilər?

* Doğuş zamanı baş verən travma. Nadir hallarda, çətin doğuş zamanı körpənin başına güclü sıxılma və burulma qüvvələri təsir edə bilər. Bu zaman sərt qişanın kəllə daxilində yaratdığı büküşlərdən biri — beyin yarımkürələri arasındakı beyin orağı və ya beyinciyin üzərindəki beyincik çadırı — yırtıla bilər. Yaxınlıqdakı damar da zədələnərsə, qanaxma yarana bilər. Doğuşun çətin keçməsi həkim üçün mühüm məlumatdır, lakin körpədə belə bir zədənin olub-olmadığı tibbi müayinə ilə müəyyənləşdirilir.

* Baş və onurğa travmaları. Hündürlükdən yıxılma, yol qəzası və ya güclü zərbə nəticəsində kəllə əsası, yaxud fəqərə sına bilər. Sınıq nahiyəsində sərt qişa da yırtılarsa, beyin-onurğa beyni mayesi (likvor) həmin yerdən sıza bilər.

* Cərrahi əməliyyatlar. Kəllə əsasında, burunətrafı ciblərdə və ya onurğada aparılan əməliyyat zamanı sərt qişa təsadüfən zədələnə bilər. Bəzi neyrocərrahi əməliyyatlarda isə cərrah qişanı planlı şəkildə açır və sonda bağlayır. Həmin sahə tam qapanmadıqda əməliyyatdan sonra likvor sızması yarana bilər.

* Bel nahiyəsində aparılan punksiya və anesteziya. Lumbal punksiya zamanı maye nümunəsi götürmək, spinal anesteziya zamanı isə dərman yeritmək üçün nazik iynə sərt qişadan keçirilir. Epidural anesteziyada dərman qişanın xaricinə verilir, lakin bəzən iynə qişanı təsadüfən deşə bilər. İynənin keçdiyi kiçik dəlikdən maye sızması davam edərsə, ayağa qalxanda güclənən baş ağrısı yarana bilər.

* Onurğada iti sümük çıxıntıları. Bəzən fəqərənin kənarında əmələ gələn kiçik, iti sümük çıxıntısı — osteofit — sərt qişaya toxunaraq onun həmin hissəsində xırda yırtıq yarada bilər. Belə hallarda insan əvvəlcədən ciddi bir travma keçirmədiyini söyləyə bilər.

* Birləşdirici toxumanın irsi zəifliyi. Sərt qişa birləşdirici toxumadan ibarətdir. Marfan və bəzi Elers–Danlos sindromlarında bu toxumanın xüsusiyyətləri qişanı daha həssas edə və aydın bir travma olmadan likvor sızmasına zəmin yarada bilər. Bəzi insanlarda isə müayinədən sonra da sızmanın konkret səbəbi naməlum qalır.

* Qamçıvari boyun travması. Xüsusilə avtomobilə arxadan zərbə dəyəndə gövdə oturacaqla birlikdə qəfil irəli hərəkət edir, baş isə əvvəlcə geridə qalır, sonra sürətlə önə əyilir. Baş heç yerə dəyməsə belə, bu hərəkət boyun əzələlərini və bağlarını zədələyə bilər. Sonradan yaranan boyun ağrısı, tutulma və baş ağrısı öz-özlüyündə sərt qişanın yırtıldığını göstərmir. Travmadan sonra ayağa qalxanda güclənən, uzananda aydın şəkildə yüngülləşən yeni baş ağrısı yaranarsa, həkim digər mümkün səbəblərlə yanaşı onurğa səviyyəsində likvor sızması ehtimalını da qiymətləndirir.

 

4) Osteopat nəyi müşahidə edir?

* İlk addımlara baxıram. Müşahidəm xəstə otağa daxil olanda başlayır. Addımlarını necə atır? Yeriyərkən bir tərəfə meyillənirmi? Dönəndə və ya oturmaq üçün dayananda dayaq axtarırmı? Bəzən məni ilk düşündürən xəstənin ağrıdan danışması deyil, stula yaxınlaşanda əlini hara uzatması olur.

* Başın, çiyinlərin və çanağın bir-birinə görə vəziyyətinə diqqət edirəm. Xəstə rahat dayandıqda başını önə uzadırmı, bir çiynini yuxarıda saxlayırmı, ağırlığını daha çox bir ayağına verirmi? Mənim üçün maraqlı olan onun özünü hansı vəziyyətdə rahat hiss etməsidir. Ona görə “dik dayanın” deməyə tələsmirəm.

* Hərəkətin necə baş verdiyini izləyirəm. Məsələn, xəstə yana baxanda əvvəlcə gözlərini, sonra başını çevirir, yoxsa çiyinləri və gövdəsi də başı ilə birlikdə dönür? Hərəkət bir tərəfə daha sərbəstdirsə, soruşuram: “O biri tərəfə baxanda nə hiss edirsiniz?” Gördüyüm fərqi anlamağa xəstənin cavabı kömək edir.

* Nəfəsi müşahidə edirəm. Sakit nəfəs alarkən döş qəfəsi və qarın necə hərəkət edir? xəstə ayağa qalxanda və ya ağrıyan tərəfə dönəndə nəfəsini saxlayırmı? Belə incə bir məqam bəzən hansı hərəkətin ona çətin gəldiyini göstərir.

* Yüngül toxunuş zamanı xəstənin reaksiyasına diqqət edirəm. Ənsəni əllərimlə dəstəkləyəndə boyun və çiyin əzələlərində hiss etdiyim gərginliyi, xəstənin rahatlığını və toxunuşa həssaslığını nəzərə alıram. Mənim əlimlə hiss etdiyimlə xəstənin öz bədənində duyduğu fərqli ola bilər. Ona görə seansda verdiyim sadə bir sual mənim üçün önəmlidir: “Bu vəziyyətdə rahatsınızmı?”

* Körpəni anasının qucağında da müşahidə edirəm. Səs gələndə başını hər iki tərəfə çevirirmi? Anası onu bir qolundan o birinə keçirəndə hansı vəziyyətdə daha rahat yerləşir? Sonra anadan soruşuram: “Evdə də başını daha çox bu tərəfə çevirir? Bunu ilk dəfə nə vaxt görmüsünüz?” Mən körpəni bir görüş ərzində görürəm, anası isə onun gündəlik hərəkətlərini tanıyır.

Bu müşahidələr mənə növbəti sualı seçməkdə kömək edir. Başın əyilməsi, duruşdakı asimmetriya və ya toxunuşda hiss olunan gərginlik təkbaşına sərt qişanın zədələndiyini göstərmir. Belə bir şübhə yarandıqda xəstə uyğun tibbi müayinəyə yönləndirilməlidir.

 

Dura mater nə üçün bu qədər vacibdir?

1) Baş və onurğa beynini qoruyur. Sıx, lifli quruluşu ilə mərkəzi sinir sisteminin möhkəm xarici örtüyünü yaradır.

2) Beyinə daxildən dayaq verir. Onun büküşlərindən biri — beyin orağı — iki beyin yarımkürəsinin arasına enir. Digəri — beyincik çadırı — beyinciyin üzərində uzanır. Bu arakəsmələr baş hərəkət edərkən beynin kəllə daxilində yerdəyişməsini məhdudlaşdırır.

3) Venoz qanın beyindən axmasına yol açır. Kəllə daxilində sərt qişanın iki qatı müəyyən yerlərdə bir-birindən ayrılaraq venoz kanallar əmələ gətirir. Beyindən qayıdan qan bu kanallarla boyun venalarına yönəlir.

4) Beyin və onurğa beynini əhatə edən maye məkanının bütövlüyünü qorumağa kömək edir. Sərt qişa onun altında yerləşən hörümçək torunabənzər qişa ilə birlikdə likvoru — beyin-onurğa beyni mayesini — əhatə edir. Bu örtüklərdə yırtıq yarandıqda maye sıza bilər.

5) Sinir kökləri üçün qoruyucu örtük yaradır. Onurğa kanalından çıxan sinir köklərini sərt qişanın qısa, qolşəkilli uzantıları müşayiət edir. Bu örtüklər daha sonra sinirin öz birləşdirici toxuma örtüyünə davam edir.

Məni bir həkim kimi heyrətləndirən budur ki, eyni qişa bir yerdə beyinciyin üzərində çadır qurur, başqa bir yerdə qanın axması üçün yol yaradır, onurğada isə sinir kökünü bir qol kimi bürüyür. Dura materin əhəmiyyəti də bu incəlikdədir — forması hər nahiyədə daşıdığı vəzifəyə uyğunlaşır.

Bir həkim-osteopat kimi müayinədə ilk növbədə önəm verdiyim məqamlardan biri sərt qişanın kəllədən oma nahiyəsinədək uzanan anatomik əlaqələrini nəzərə almaqdır. Başı, boynu və onurğanı birlikdə dəyərləndirərkən bu əlaqələr mənə yol göstərir. Mənim üçün dura materin hər bir xəstədə müayinəsi çox vacibdir.

 

Gülsənəm Ağamuradova

Həkim-pediatr, osteopat




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir