Sağlamlıq nədir?
Ağrıyan yerimizi asanlıqla göstəririk. Bəs bədənimizdə sağlamlığın harada olduğunu heç düşünmüşükmü?
Sağlamlığı çox vaxt bizi heç nəyin narahat etmədiyi günlərdə xatırlamırıq. Rahat nəfəs alır, yol gedir, işləyir, sevdiklərimizə sarılırıq. Bunların hər biri həyatın adi bir hissəsi kimi görünür.
Bir gün ağrı başlayanda isə diqqətimiz həmin nöqtəyə yığılır. Sanki bütün bədənimiz o ağrıyan yerdən ibarət olur. Halbuki həmin anda da içimizdə həyat davam edir.
Osteopatik baxışla sağlamlığı bədənin dəyişən şəraitdə öz bütövlüyünü qorumaq, uyğunlaşmaq və bərpa olunmaq imkanlarında axtara bilərik.
Küləkdə budaqları əyilən, kökləri isə torpağa bağlı qalan ağac kimi…
Bu baxış bizi narahatlığımızla yanaşı, bizi hələ də daşıyan imkanlarımızı görməyə çağırır.
Bədəndə sağlamlığı necə axtaraq?
Bəzən ağrı bütün diqqətimizi özünə çəkir. Elə bil evin bir otağında işıq sönüb və biz bütün evin qaranlığa qərq olduğunu düşünürük. Halbuki başqa otaqlarda işıq yanır, o evdə həyat davam edir.
Bədənə də bu gözlə baxmaq olar. İnsan yalnız ağrıyan belindən, yorulan ürəyindən, tutulmuş boynundan ibarət deyil. Narahatlığın içində də nəfəs alır, dincəlməyə çalışır, həyatla əlaqəsini qoruyur. Sağlamlığı axtarmaq — çətinliyin yanında davam edən həyatı da görə bilməkdir.
Bir anlıq özümüzə qulaq verək: bədənimizin harasında rahatlıq hiss edirik? Hansı vəziyyətdə nəfəsimiz sərbəstləşir? Nə zaman çiyinlərimiz boşalır, hərəkətimiz yüngülləşir? Biz çox vaxt yalnız “Har am ağrıyır?” sualını veririk. “Haram rahatdır?” sualı isə diqqətimizi bədənimizin başqa bir tərəfinə yönəldir.
Osteopatik baxışda bu axtarışın xüsusi yeri var: bədəni ayrı-ayrı otaqlar kimi deyil, qapıları bir-birinə açılan bütöv bir ev kimi duymaq. Bir yerdəki çətinliyi anlayarkən, başqa bir yerdə qorunan rahatlığı da nəzərdən qaçırmamaq.
Bu, ağrını görməzdən gəlmək deyil. Ağrının hekayəsini dinləyərkən insanın bütün hekayəsinin ondan ibarət olmadığını xatırlamaqdır.
Bəzən sağlamlığı axtarmaq üçün verdiyimiz suala bir sual da əlavə etmək kifayətdir: “Bədənimdə nə pozulub?” ilə yanaşı, “Bədənimdə nə məni hələ də daşıyır?”
Osteopat müayinə zamanı bədəndə nəyi axtarır?
Bir ocağın üstünü kül örtəndə ilk baxışda onun söndüyünü düşünürük. Ancaq külün altında kiçik bir qığılcım qala bilər. Onu görmək üçün diqqət, qorumaq üçün incəlik lazımdır.
Osteopatiyanın fəlsəfəsində sağlamlığı axtarmaq bu qığılcımı axtarmağa bənzəyir. Ağrının, gərginliyin, hərəkət məhdudluğunun yanında bədənin qorunmuş imkanlarına da diqqət yetirilir. Harada hərəkət daha sərbəstdir? Harada rahatlıq var? Bədən çətinliyə necə uyğunlaşır?
Bu baxışda sağlamlıq yalnız heç bir şikayəti olmayan nahiyələrə aid deyil. Narahatlıq olan hissədə də qorunmuş funksiyalar, həyatını davam etdirən toxumalar vardır. Xəstəlik həmin yerin bütün hekayəsini silmir.
Osteopat əllə müayinə zamanı toxumaların hərəkətini, gərginliyini və həssaslığını qiymətləndirərək bu hekayəni anlamağa çalışır. Toxunuşla duyulanlar insanın şikayətləri, tibbi tarixçəsi və lazım olan digər müayinələrlə birlikdə məna qazanır.
Qığılcım burada bir bənzətmədir — bədənin qorunmuş imkanlarını xatırladır. Məqsəd bədənə kənardan bir alov gətirmək deyil, onun özündə nəyin hələ də işlədiyini, nəyin dəstəyə ehtiyacı olduğunu anlamaqdır.
Çünki insanın ağrısını görmək qədər, o ağrının içində davam edən həyatı da görə bilmək qiymətlidir.
Bədənin səsini eşitmək və ona cavab vermək
Bədən bizimlə sözsüz danışır. Bəzən yorğunluqla pıçıldayır, bəzən gərginliklə diqqətimizi çəkir, bəzən də ağrı ilə gündəlik tələskənliyimizi dayandırır. Biz isə çox vaxt “Bir az da döz, bu işi də bitirim” deyərək həmin söhbəti sonraya saxlayırıq.
Halbuki bir dostumuz danışanda onun sözünü yarıda kəsmədən dinləməyə çalışırıq.

Bədənimizə də belə bir yaxınlıq göstərə bilərikmi?
Onu dinləmək hər hissin içində xəstəlik axtarmaq deyil. Özümüzü tanımaqdır: nə zaman yorulduğumuzu, hansı hərəkətdə çətinlik çəkdiyimizi, nədən sonra rahatladığımızı sezməkdir. Bəzən günün içində qısa bir fasilə belə uzun müddətdir fərq etmədiyimiz ehtiyacı üzə çıxarır.
Ancaq eşitmək söhbətin yarısıdır. Digər yarısı cavab verməkdir. Yorğunluğa istirahətlə, uzun hərəkətsizliyə imkanımıza uyğun hərəkətlə, davam edən və ya güclənən narahatlığa isə vaxtında tibbi yardım almaqla cavab veririk. Bədənin hər çağırışı eyni cavabı gözləmir.
Osteopatik baxışın bu söhbətə gətirdiyi sual da bütövlüyə yönəlir: “Bu insanın bədəni gündəlik həyatın yükünü necə daşıyır?” Çünki müayinəyə gələn yalnız ağrıyan bir nahiyə deyil; yuxusu, işi, qayğıları, vərdişləri ilə bütöv bir insandır.
Bədənimizlə münasibətimiz də hər yaxın münasibət kimi diqqət istəyir. Bəzən ilk addım ona “Sus” demək əvəzinə, “Səni dinləyirəm” deyə bilməkdir.
Sağlamlıq — bütövləşmək, həyatla ahəng tapmaq, nurla tamamlanmaq
Bir evdə çiçək açmış bitkini düşünün. Kökləri möhkəm, gövdəsi dik, yarpaqları yamyaşıldır. Ancaq onun gözəlliyi yalnız öz daxilində baş verənlərdən yaranmır. Onu yaşadan torpaq, nəfəs aldığı hava, yönəldiyi işıq vardır…
Sağlamlığa biodinamik baxışımı bu çiçəyin timsalında üç məqamla ifadə edərdim.
1) Bədənin bütövləşməsi — çiçəyin kökündən ləçəyinə qədər bir olması
Çiçəyin kökü, gövdəsi, yarpağı ayrı-ayrı vəzifələr daşısa da, eyni həyata xidmət edir. Kökün aldığı su ləçəyin təravətində görünür; bir hissədə baş verən dəyişiklik digərlərində də əks-səda tapır.
Bədənə də bu bütövlük içində baxıram. Ürəyin döyüntüsü, nəfəsin gediş-gəlişi, hərəkətin ritmi bir orkestrin səsləri kimi bir-birinə qoşulur. Osteopatın işini isə bu səsləri diqqətlə dinləyən, onların ortaq ahəngini axtaran dirijorun işinə bənzədirəm.
Bu birinci tamamlanmanın obrazıdır: hər hissənin öz yerində, bütün hissələrin bir həyatın içində olması.
2) Kainatın ritmi ilə tamamlanma — çiçəyin dünyaya açılan pəncərəsi
Ancaq evdəki çiçək nə qədər sağlam görünsə də, dünyadan ayrı yaşaya bilməz. Pəncərələri bağlayıb onu işıqdan, havadan, sudan məhrum etsək, daxilindəki bütövlük onu sonsuza qədər qoruya bilməz.
İnsan da yalnız öz dərisinin sərhədləri içində yaşamır. Gündüzün işığı, gecənin qaranlığı, fəsillərin dəyişməsi həyatımıza öz ritmini gətirir. Fəallıqla istirahət, oyaqlıqla yuxu bu böyük ritmin içində növbələşir.
Kainatla tamamlanma dedikdə bu bağlılığı nəzərdə tuturam: bədənin öz ahəngini onu əhatə edən həyatın ahəngi içində yaşatması. Çiçəyin pəncərəyə üz tutması kimi, insanın da həyata açılması…
3) Yaradanla tamamlanma — işığın içində mənanı duymaq
Çiçək dünyaya açıldıqdan sonra da işığa ehtiyac duyur. Günəş işığı fotosintezə enerji verir; yarpağın yaşıllığında, yeni tumurcuğun böyüməsində bu işığın payı vardır.
Bu mənzərə mənə mənəvi bir bağlılığı da xatırladır. İnancımda hər birimizdə Yaradanın nurundan bir zərrə vardır. Çiçəyin işığa yönəlməsi kimi, insanın da içində mənaya, sevgiyə, mərhəmətə və Yaradana yönələn bir tərəfi yaşayır.
Yaradanla tamamlanmanı həmin bağlılığın duyulması kimi təsvir edərdim: insanın öz varlığını bir əmanət sayması, qayğı ilə qoruması və həyatın qarşısında heyranlığını itirməməsi.
Kökündən ləçəyinə qədər bütöv olmaq, ətrafındakı həyatla ahəng tapmaq, varlığını Yaradanın nuru içində duymaq…
Mənim üçün bu üçlük sağlamlığın həm bədənə, həm həyata, həm də mənəvi dünyamıza açılan obrazıdır. Xəstəlikdən sığortalanmaq deyil, varlığımıza bütöv qayğı göstərmək yoludur.
Osteopatın axtardığı sağlamlıq haradadır?
Osteopatik baxışın əsas vurğularından biri bədəndə sağlamlığı axtarmaqdır. Bəs axtarılan sağlamlıq haradadır?
Əlbəttə, bədənin sağlam orqanlarında, qorunmuş funksiyalarında, rahat hərəkətində həyat özünü aydın göstərir. Ancaq diqqətimiz xəstəliyin olduğu nahiyəyə yönələndə də bir sual yaranır: burada hansı imkanlar hələ qorunub?
Bunu külün içində qalan bir qığılcıma bənzətmək olar. Üstdən baxanda yalnız kül görünür. Diqqətlə baxdıqda isə dərinlikdə hələ sönməmiş bir köz seçilə bilər.
Osteopatik düşüncədə sağlamlığı axtarmaq həmin qığılcımı görmək istəyidir — çətinliyin içində qorunmuş həyat imkanını nəzərdən qaçırmamaq.
Sanki suda çabalayan bir insan əlini köməyə uzadır. Baxışımız yalnız onun batdığı suya yönəlsə, uzanan əli görməyə bilərik. O əl insanın bütün gücünü ifadə etməsə də, ona dayaq verməyə başlaya biləcəyimiz yerdir.
Mənim üçün sağlamlığı axtarmağın mənası bu obrazlarda yaşayır: ağrının, məhdudiyyətin içində qorunmuş imkanı görmək və ona uyğun qayğı göstərmək. Qığılcımı alovlandırmaq arzusu isə bərpaya şərait yaratmaq istəyinin obrazlı ifadəsidir.
Osteopatın axtardığı sağlamlıq bəzən sərbəst bir hərəkətdə aydın görünür, bəzən də çətinliyin içində qorunmuş kiçik bir imkan kimi diqqət gözləyir. Məqsəd həmin imkanı tanımaq, müalicə və qayğı planında ona yer vermək, insanın bütöv halının yaxşılaşmasına dəstək olmaqdır.
Gülsənəm Ağamuradova
Həkim-pediatr, osteopat











































































































































































