Bəzən günün bütün səsləri bir ağrının arxasında itir. Söhbətə qoşulmaq, işimizi görmək, hətta sevdiyimiz insanın səsini dinləmək belə çətinləşir. İstəyirik ki, sakitlik olsun, gözlərimizi yumaq və başımızdakı ağrı bir az səngisin…
Ağrılarımızı daxildən bizə ünvanlanan məktublara bənzətmək olar. Bu məktubların dili həmişə aydın olmur. Bəzən qısa bir xəbərdarlıq kimi gəlir, bəzən də təkrar-təkrar qapımızı döyür. Biz isə gündəlik həyatın tələsikliyində çox vaxt onun nə söylədiyini anlamağa macal tapmadan sakitləşməsini istəyirik.
Halbuki baş ağrısını anlamaq üçün yalnız ağrıyan yeri göstərmək kifayət etmir. Nə zaman başlayır? Nə qədər davam edir? Hansı əlamətlər onu müşayiət edir? İnsanın həyatında nələri dəyişir? Hər cavab bu məktubun bir sətrini oxumağa kömək edir.
Həkim üçün həmin məktubu oxumaq insanı diqqətlə dinləməkdən, müayinədən və lazım gəldikdə əlavə araşdırmalardan başlayır. Çünki eyni “başım ağrıyır” cümləsinin arxasında fərqli hekayələr dayana bilər.

Bu hekayələrdən biri də miqrendir
Biz isə çox vaxt bu məktubları nəinki oxumuruq, hətta poçt qutusundan götürmürük. Sadəcə ağrıkəsici qəbul edib gündəlik həyatımıza davam edirik. Səsin susmasını məktubun cavablandırılması hesab edirik.
Ağrını yüngülləşdirmək vacibdir. Ancaq xüsusən təkrarlanan ağrıda bir sual da cavabını tapmalıdır: bu məktub bizə nə söyləyir?
Hər baş ağrısı miqrendirmi?
Məktubların hamısı eyni xəbəri gətirmədiyi kimi, baş ağrıları da eyni mənanı daşımır. Ağrının gücü təkbaşına onun adını söyləmir.
Bəzən insan başını sıxan bir halqadan danışır: sanki alın və gicgahlar sıxılır. Gərginlik tipli baş ağrısı çox vaxt belə təsvir olunur. Miqrendə isə ağrı tez-tez döyünən xarakter alır, adi hərəkətlə belə güclənə bilir. Ürəkbulanma, bəzən qusma, işığa və səsə həssaslıq da ona qoşula bilər. Ağrı çox vaxt başın bir tərəfində hiss edilsə də, bu, hər xəstədə belə olmur.
Miqren yaşayan insan üçün adi günün ahəngi dəyişir. Pəncərədən düşən işıq gözünü narahat edir, sevdiyi musiqi ağır gəlir, yarımçıq qalan işlər gözləməli olur. Bəzən ağrı keçəndən sonra da növbəti tutmanın nə vaxt gələcəyi düşüncəsi rahatlığını əlindən alır.
Miqren sadəcə güclü baş ağrısının adı deyil, özünəməxsus xüsusiyyətləri olan nevroloji xəstəlikdir. Baş ağrısı isə başqa bir sağlamlıq probleminin əlaməti də ola bilər. Buna görə ilk addım ağrıya tələsik ad qoymaq deyil, onun hekayəsini düzgün anlamaqdır.
Bu məktublar haradan gəlir?
Başımız ağrıyır, amma bu məktubun göndərildiyi ünvan həmişə ağrını hiss etdiyimiz yer olmur. Bəzən boyun, gözlər, dişlər və ya burunətrafı ciblərlə bağlı problem baş nahiyəsində ağrı ilə özünü bildirir. Bəzən isə miqren kimi baş ağrısının özü ayrıca bir xəstəlikdir.
Məktubun ünvanını yalnız ağrının yerinə baxaraq müəyyən etmək olmaz. Bunun üçün onu müşayiət edən əlamətlərə və müayinənin nəticələrinə də baxmaq lazımdır.

Baş ağrısının mümkün səbəbləri arasında bunlar var:
1) Birincili baş ağrıları: miqren, gərginlik tipli və klaster baş ağrısı. Bunlar başqa bir orqanın xəstəliyi olmadan da yaranır.
2) Boyun strukturları ilə bağlı problemlər: bəzi boyun oynağı, əzələ və digər toxuma pozuntuları boyundan başa yayılan ağrıya səbəb ola bilər. Lakin müayinədə boyun yırtığının görünməsi ağrının mütləq ondan qaynaqlandığını göstərmir.
3) Göz xəstəlikləri: xüsusən kəskin bucaqbağlanması qlaukoması göz və baş ağrısı, görmənin bulanması və ürəkbulanma ilə özünü göstərə bilər; bu, təcili qiymətləndirilməlidir.
4) Burunətrafı ciblərin, qulağın, dişlərin və çənə oynağının xəstəlikləri: bu nahiyələrdəki problemlər baş və üz ağrısı yarada bilər. Bununla belə, alın ağrısını avtomatik olaraq sinusit saymaq olmaz.
5) Sinirlərlə bağlı ağrılar: üçlü sinir nevralgiyası adətən üzdə elektrik vurmasına bənzər qısa tutmalar, ənsə siniri nevralgiyası isə başın arxa hissəsində sancı şəklində ağrı verə bilər.
6) Baş və boyun travmaları: yıxılma, zərbə və digər zədələrdən sonra yaranan ağrılar ayrıca araşdırılmalıdır.
7) İnfeksiyalar: virus infeksiyalarında baş ağrısı ola bilər. Meningit və ensefalit kimi ciddi infeksiyalar da baş ağrısı ilə müşayiət oluna bilər.
8) Damar və kəllədaxili problemlər: beyindaxili və ya beyin qişaları arasına qanaxma, venoz sinus trombozu, kəllədaxili təzyiqin yüksəlməsi, hidrosefaliya və bəzi törəmələr mümkün səbəblərdəndir. Bunlar daha az rast gəlinir, lakin vaxtında tanınması vacibdir.
9) Arterial təzyiqin çox yüksək olduğu təcili vəziyyətlər: baş ağrısı yarada bilər. Ancaq hər baş ağrısını təzyiqə bağlamaq düzgün deyil.
10) Zəhərlənmə və orqanizmin ümumi vəziyyəti: dəm qazı zəhərlənməsi, susuzlaşma, istidən tükənmə və istivurma baş ağrısı ilə müşayiət oluna bilər. Dəm qazı rəngsiz və qoxusuzdur.
11) Dərmanların həddindən artıq istifadəsi: baş ağrısı üçün qəbul edilən ağrıkəsicilərin tez-tez istifadəsi zamanla ağrının daha çox təkrarlanmasına səbəb ola bilər.
Bu siyahı özümüzə diaqnoz qoymaq üçün deyil, eyni şikayətin nə qədər fərqli səbəbləri ola biləcəyini anlamaq üçündür.
Bəzi məktublar isə gözləyə bilməz: qəfil başlayan, saniyələr və ya dəqiqələr içində çox şiddətlənən ağrı; nitq pozulması, yeni yaranmış zəiflik, huş dəyişikliyi, yaxud qızdırma və boyun sərtliyi ilə müşayiət olunan baş ağrısı təcili tibbi yardım tələb edir.

Bəzən məktub gündəlik həyatımızdan gəlir
Hər baş ağrısının arxasında başqa bir orqanın xəstəliyi dayanmır. Bəzən gündəlik həyatın tələsikliyində bədənimizin ehtiyaclarını unuduruq. Bu məktubda “bir az dincəl”, “su iç”, “yeməyini gecikdirmə” və ya “yuxuna vaxt ayır” yazılmış kimi olur.
Baş ağrısını yarada və ya ona meyilli insanlarda tutmanı tətikləyə bilən amillər bunlardır:
1) Yorğunluq və yuxu rejiminin pozulması — az yatmaq, gecələri oyaq qalmaq, adi yuxu saatlarının dəyişməsi.
2) Az su içmək və çox tərləmək — xüsusən isti havada orqanizmin itirdiyi mayeni əvəz etməmək.
3) Yeməkləri ötürmək və uzun müddət ac qalmaq.
4) Günəş altında və isti mühitdə uzun müddət qalmaq — susuzlaşma və həddindən artıq isinmə ilə birlikdə.
5) Ekran qarşısında fasiləsiz işləmək — gözlərin yorulması, boyun və çiyinlərin uzun müddət eyni vəziyyətdə qalması.
6) Emosional gərginlik və stress — qayğılar, həyəcan, ağır iş yükü.
7) Parlaq işıq, güclü səs və kəskin qoxular — xüsusən miqrenə həssas insanlarda.
8) Kofein qəbulunun kəskin dəyişməsi — məsələn, hər gün içilən qəhvənin birdən dayandırılması; alkoqol qəbulu da bəzi insanlarda baş ağrısını tətikləyə bilər.
Bu amillər hamıya eyni təsir etmir. Öz ağrımızın nə vaxt və hansı şəraitdə başladığını izləmək, məktubun dilini anlamağa kömək edir. Ancaq təkrarlanan, dəyişən və ya güclənən ağrını sadəcə yorğunluqla izah edib keçmək olmaz.
Miqren — gündəlik həyatın ahəngini dəyişən məktub
Baş ağrısının müxtəlif səbəbləri arasında miqren ayrıca diqqət tələb edir. Çünki onun gətirdiyi məktub bəzən insanın bütün gününü yenidən yazır: planlar təxirə düşür, işlər yarımçıq qalır, insan sakit və qaranlıq bir otağa çəkilmək istəyir.
Miqren sadəcə güclü baş ağrısının adı deyil. Təkrarlanan tutmalarla özünü göstərən nevroloji xəstəlikdir. Ağrı çox vaxt döyünən xarakter daşıyır, başın bir tərəfində hiss olunur, lakin hər iki tərəfi də əhatə edə bilər. Pilləkən qalxmaq, yerimək kimi adi hərəkətlər belə onu gücləndirə bilər.
Ürəkbulanma, bəzən qusma, işığa və səsə həssaslıq ağrıya qoşulur. Adi vaxtda hiss etmədiyimiz işıq gözümüzü qamaşdırır, gündəlik səslər dözülməz gəlir. Yetkinlərdə müalicə olunmayan və ya müalicəsi təsirsiz qalan tutma adətən 4–72 saat davam edə bilər.
Bəzi insanlarda tutmadan əvvəl və ya tutma zamanı “aura” adlanan keçici əlamətlər yaranır: göz önündə işıqlı ziqzaqlar, parıltılar, görmə sahəsində boşluqlar, bəzən keyimə və ya nitq çətinliyi. Lakin miqrenin olması üçün aura mütləq deyil; bir çox insan tutmaları aurasız yaşayır.
Burada mühüm bir məqam var: ilk dəfə yaranan nitq pozulmasını, zəifliyi və ya qəfil görmə itkisini özümüzdən “miqren aurasıdır” deyə izah etməməliyik. Belə əlamətlər təcili qiymətləndirilməlidir.
Miqrenin yükü yalnız ağrılı saatlarla ölçülmür. Bəzən insan ağrısız günündə də növbəti tutmanın narahatlığını yaşayır. Ona görə həkimin dinlədiyi hekayə yalnız “haranız ağrıyır?” sualı ilə bitməməlidir. “Bu ağrı həyatınızdan nələri alır?” sualının cavabı da müalicənin məqsədini müəyyənləşdirməyə kömək edir.
Bəzən miqrenin yükü ağrının özündən də ağır olur. Təkrarlanan tutmalar, yarımçıq qalan günlər və yenidən ağrıyacağı qorxusu insanın sağalacağına inamını sarsıdır. Elə xəstələr olur ki, dözülməz ağrının içində “artıq yaşamaq istəmirəm” deyəcək qədər ümidsizləşirlər. Bu sözlər diqqətlə dinlənilməli, insan həm ağrısı, həm də ümidsizliyi ilə tək buraxılmamalıdır. Ölüm arzusu ifadə edilirsə, ağrının müalicəsi ilə yanaşı, insanın təhlükəsizliyi və təcili psixoloji-psixiatrik dəstəyi də önəmlidir.
Belə anlarda həkim yalnız ağrının yerini deyil, insanın nə qədər yorulduğunu da eşitməlidir. Bəzən ümidin ilk işığı “Sizi dinləyirəm, bu ağrını ciddiyə alıram və kömək yollarını birlikdə araşdıracağıq” sözlərindən doğur.
Hər ağrını bir məktub kimi düşünək. Onu diqqətlə oxuduqca — nə vaxt başladığını, nə ilə gücləndiyini, hansı əlamətlərlə gəldiyini anladıqca — uyğun müalicə yolunu seçmək üçün istiqamətimiz aydınlaşır.
Məqsəd yalnız ağrının səsini azaltmaq deyil; insanın günlərinə rahatlığı, həyatına iştirakını və gələcəyə ümidini qaytarmaqdır.
Baş ağrısı və miqrenə osteopatik baxış
Ağrılarımız daxildən bizə ünvanlanan məktublara bənzəyir. Bəzən bu məktublar illərlə təkrarlanır, insanın yuxusuna, işinə, sevdikləri ilə keçirdiyi vaxta qarışır. Osteopatik baxışda həmin məktubu oxumaq insanın həyat hekayəsini dinləməkdən, şikayətlərini və müayinə tapıntılarını birlikdə qiymətləndirməkdən başlayır.
Osteopatik yanaşmanın özəlliyi anatomik bilik, həssas əllə müayinə və fərdi manual müdaxilənin bədənin bütövlüyünü nəzərə alan baxışla birləşməsidir. Baş ağrısı ilə müraciət edən pasiyentdə boyun, çiyin qurşağı, çənə funksiyası, bədən duruşu və nəfəsalma zamanı hərəkətlər də diqqətlə qiymətləndirilir.
Osteopatik yardımın dörd əsas istiqaməti
1) Əzələ və yumşaq toxuma gərginliyi ilə iş
Boyun, çiyin və kəllə əsası nahiyəsində gərginlik, həssaslıq və hərəkət məhdudiyyətləri əllə müayinə edilir. Tapıntılara uyğun yumşaq texnikalar seçilir. İşin məqsədi pasiyentin rahatlığını və hərəkət imkanlarını yaxşılaşdırmaqdır.
2) Toxumaların vəziyyətinin və qan dövranı ilə bağlı əlamətlərin qiymətləndirilməsi
Osteopatik düşüncədə toxumaların qanla təchizatına və maye dövranına diqqət ayrılır. Əllə müayinə tapıntıları ümumi tibbi vəziyyətlə birlikdə nəzərdən keçirilir. Qan dövranı ilə bağlı ehtimal olunan pozuntuların müəyyənləşdirilməsi isə müvafiq tibbi müayinələrə əsaslanır; toxumada hiss edilən yumşalma özlüyündə qan axınının bərpa olunduğunu göstərmir.
3) Kraniosakral üsulların fərdi tətbiqi
Baş, boyun və oma nahiyələrində yüngül təmasla işləyən üsullar fərdi seans planına daxil edilə bilər. Bu zaman pasiyentin rahatlığı, toxunuşa reaksiyası və şikayətlərindəki dəyişikliklər izlənir. Belə tətbiqlər kəllədaxili təzyiqin qiymətləndirilməsi və müalicəsini əvəz etmir.
4) Ağrını müşayiət edən amillərin araşdırılması
Keçmiş travmalar, boyun hərəkətinin məhdudluğu, çənə funksiyası, gündəlik fiziki yük, yuxu və istirahət vərdişləri nəzərdən keçirilir. Aşkar edilən dəyişikliklərin şikayətlə əlaqəsi araşdırılır. Məqsəd müalicə planını insanın fərdi ehtiyaclarına uyğun qurmaqdır.
Baş ağrısından əziyyət çəkən pasiyentlə işdə osteopatın rolu
Osteopatın işi diqqətli söhbət və müayinədən başlayır. Ağrının nə zaman başladığı, necə təkrarlandığı, hansı əlamətlərlə müşayiət olunduğu və əvvəlki müalicələrin nəticələri öyrənilir. Əllə müayinə zamanı toxumaların həssaslığı, gərginliyi və hərəkət xüsusiyyətləri qiymətləndirilir. Bütün bunlar pasiyentin tibbi tarixçəsi və digər müayinə nəticələri ilə tutuşdurulur.
Eyni diaqnozla müraciət edən iki insanın ehtiyacları fərqli ola bilər. Buna görə texnikanın seçimi, toxunuşun intensivliyi və seansın gedişi fərdi müəyyənləşdirilir. Pasiyentin verdiyi cavab işin davamına istiqamət verir.
Müalicənin nəticəsi də zaman ərzində izlənir: ağrı nə qədər tez-tez təkrarlanır, şiddəti və müddəti necə dəyişir, insan gündəlik fəaliyyətini nə dərəcədə rahat davam etdirə bilir?
Pasiyentin özünü necə hiss etməsi ilə yanaşı, bu konkret dəyişikliklər də qiymətləndirmənin əsasını təşkil edir.
Osteopatik tətbiq nümunələri
Biodinamik osteopatik yanaşma
Öz praktikamda biodinamik yanaşmaya xüsusi yer verirəm. Bu yanaşmada diqqətimi insanın bütövlüyünə yönəldir, incə toxunuşla işləyir və seans boyunca pasiyentin verdiyi cavabı izləyirəm.
Mənim üçün toxunuş dinləməyin bir formasıdır. Sözlə ifadə olunan şikayətin yanında əllə müayinədə hiss edilən gərginlik, həssaslıq və hərəkət məhdudiyyəti də diqqət tələb edir. Bu tapıntıları pasiyentin həyat hekayəsi və tibbi müayinələri ilə birlikdə qiymətləndirirəm. İşin istiqaməti və intensivliyi həmin insana uyğun seçilir.
Biodinamik baxışımda “bədəndə sağlamlığı axtarmaq” xüsusi yer tutur. Ağrı bütün diqqəti özünə çəksə də, bədəndə qorunmuş funksiyalar, rahatlıq sahələri və sərbəst hərəkət imkanları vardır. Bunları görmək və müalicə planında nəzərə almaq mənim yanaşmamın bir hissəsidir.
Seans zamanı tələsməmək, toxunuşa verilən cavaba həssas qalmaq və pasiyentin rahatlığını nəzərə almaq əsas prinsiplərimdəndir. Bu baxış mənim üçün insanla diqqətli və fərdi işləməyin ifadəsidir.
Fərdi müayinə və ehtiyaca uyğun olaraq kraniosakral terapiya, miofassial reliz və visseral yanaşmadan da istifadə edirəm. Bunlar hər pasiyentə ardıcıl tətbiq edilən məcburi mərhələlər deyil; seçim müayinəyə və klinik vəziyyətə əsaslanır.

Klinik təcrübədən insanın gündəlik həyatına
Mənə müraciət edənlər arasında uzun illər baş ağrısından əziyyət çəkmiş, müxtəlif müalicələr almış, lakin davamlı rahatlıq tapa bilməmiş insanlar var. Bəziləri osteopata uzun müalicə yolunun sonunda müraciət edirlər.
Klinik təcrübəmdə iyirmi il davam edən baş ağrısının üç osteopatik seansdan sonra dayandığını və sonrakı illərdə təkrarlanmadığını bildirən pasiyentlər də olub. Bu dəyişikliklər mənim üçün dəyərli klinik müşahidələrdir. Onları fərdi nəticə kimi bölüşür, əvvəlki və yanaşı müalicələri, həyat tərzindəki dəyişiklikləri və xəstəliyin gedişini də nəzərə alaraq qiymətləndirirəm. Hər pasiyentin nəticəsi ayrıdır.
Bir insanın illər sonra səhər ağrısız oyanması, işini yarımçıq qoymadan davam etdirməsi və gününü növbəti tutmanın qorxusu olmadan planlaşdırması onun həyatında böyük dəyişiklikdir. Həkim üçün həmin dəyişikliyi görmək, qeydə almaq və anlamağa çalışmaq peşənin ən mənalı tərəflərindəndir.
Nevroloji qiymətləndirmənin, zəruri müayinələrin və uyğun dərman müalicəsinin bu prosesdə öz yeri var. Osteopatik yardım da pasiyentin ehtiyaclarına uyğun olaraq ümumi müalicə planında yer alır. Ortaq məqsəd insanın rahatlığını və həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Mənim üçün osteopatik baxış ağrının məktubunu diqqətlə oxumaq, onun arxasındakı insanı görmək və bədənində qorunmuş imkanları nəzərə alaraq ona uyğun yardım yolunu tapmaqdır.
Həkim üçün ən mənalı anlardan biri xəstənin bu sevincinə şahid olmaqdır. Qarşımızda rahat nəfəs alan, sabah üçün plan quran, həyatına yenidən həvəslə qoşulan bir insan görmək…
Və onun yaxşılaşma sevincinə şərik olaraq, birlikdə asta səslə pıçıldamaq:
“Sən nə gözəlsən, həyat…”
Gülsənəm Ağamuradova
Həkim-pediatr, osteopat











































































































































































