Qumru Eyvazova

Qohumluq məhkəmə qaydasında necə tanınır? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 589

Qanun və təcrübə nə deyir?

 

Hər bir şəxs öz hüquqlarının müdafiəsini qanun çərçivəsində qorumalı və tələb etməlidir. Dövlət orqanlarına müraciət etdikdə, alınan imtina cavablarını məhkəmə qaydasında mübahisələndirərək qanun çərçivəsində həllinə nail olmaq mümkündür. Belə mübahisələrdən biri də, qohumluq münasibətlərinin tanınmasıdır.

 

Bu halda hər bir kəsdə sual yarana bilər, ümumiyyətlə bir şəxs digər şəxslə qohumluqğunun tanınmasını nə üçün istəyə bilər ki?

Cavablar müxtəlif ola bilər, məsələn, vərəsəlik hüququ üzrə ona çatası əmlakı əldə etmək üçün, yəni, vərəsəlik üçün qohumluğun təsdiq edilməsi qaydası əmlaka mülkiyyət hüququnun müəyyən edilməsində və payın təyin edilməsində əsas amildir. Yaxud digər bir missal, həmin şəxslə qohumluğunun olması faktını təsdiqlədəndən sonra, qohum olan şəxsin soyadının götürülməsi üçün və sairə bu kimi səbəblər mövcuddur.

 

Bəs qohumluğun tanınması hansı qaydada həyata keçirilir?

Qohumluğun təsdiq edilməsi yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. Xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir.

 

Qohumluğun təsdiqi üçün hansısa bir məqsəd vacibdirmi?

Xüsusi olaraq qeyd etmək yerinə düşərdir ki, qohumluğun təsdiqi üçün müraciət edən ərizəçi, ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.

Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulur.

Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

Məhkəmə təcrübəsindən çıxış edərək belə qənaətə gəlmək olar ki, əgər müvafiq sübutlarınız varsa, o zaman məhkəmə qeyd olunan tələbləri təmin edir və sizin şəxslə qohumluq münasibətinizin olmasını təsdiq edir.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir