aile budcesi

Mövsümi xərclər necə planlaşdırılmalıdır?

Baxış sayı: 531

Mövsümi xərclər bir çox ailə büdcəsində gözlənilməz maliyyə yükü kimi ortaya çıxsa da, düzgün planlaşdırma ilə bu xərcləri əvvəlcədən idarə etmək mümkündür. Xüsusilə bayramlar, yay istirahəti kimi dövrlərdə artan xərclər maliyyə sabitliyinə təsir göstərə bilər.

 

Bəs mövsümi xərclər necə planlaşdırılmalıdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə orta aylıq maaşın 1100 manat (~ 630 dollar) olduğu bir ölkəmizdən, rəqəmlərin və ağıllı iqtisadi qərarların işığında cavablandıraq.

2025-ci ildə Azərbaycan vətəndaşları xaricdə istirahətə 2 milyard 34 milyon manat xərcləyib. Bu, əvvəlki illə müqayisədə ciddi artım deməkdir. Yəni xaricə axın var. Bəs bu pulla nə etmək olardı? Təsəvvür edin: hər il xaricə xərclədiyimiz vəsaitin heç olmasa yarısını Azərbaycanda qoysaq, neçə yeni hotel, neçə yeni turizm marşrutu, neçə kənd evi qonaq qəbuluna hazır olar…

1 həftəlik 1 neferin istirahətin maliyyə yükü belə görünür:

Azərbaycan (regionlar) 750 – 1.300

Gürcüstan 1.200 – 1.650

Misir 1.600 – 2.160

Dubay 2.400 – 4.200

Türkiyə 3.580 – 4.630

Avropa 4.400 – 7.300

Bir həftəlik Türkiyə səfəri üçün demək olar ki, 4 aylıq maaşınızı qurban verməlisiniz. Avropa səfəri isə ilin yarısının gəlirinə bərabərdir. Təbii ki, gəliri yüksək olanlar üçün bu nisbət daha aşağıdır, amma orta statistik ailə üçün mənzərə ciddidir.

aile budcesi

Azərbaycan regionları: Qəbələ, İsmayıllı, Şəki, Quba, Lənkəran…

Ölkəmizin hər guşəsi bir nağıldır. Gündəlik 100 manata rahat istirahət, təbiət qoynunda yürüyüşlər, kənd evlərində səhər yeməkləri. Üstəlik yoldaşınla, ailənlə vaxt keçirirsən və viza stressi sıfır.

Tbilisinin qədim küçələri, Kazbegi dağları, Batumi sahili… Bura Bakıdan maşınla da getmək olar, təyyarə ilə də. Gündəlik xərcin cəmi 26 dollar olması onu regionun ən sərfəli xarici məkanı edir. Viza yoxdur, dil baxımından da rus və ya ingilis dili rahat kömək edir.

Misir – Şarm əl-Şeyx. Bakıdan birbaşa reys var, bilet 762 manatdan başlayır. Qırmızı dənizin rəngarəng balıqları, hər şey daxil otellər… Avropanın izdihamından uzaq, sakit və əlverişli bir məkan. Qiymətlər Türkiyə ilə müqayisədə daha aşağıdır, amma eyni səviyyəli istirahət verir.

Türkiyəyə erkən bron edin! Erkən rezervasiya xərcləri 20–40 faiz azalda bilər. Pik mövsümdən (iyulun ortası – avqustun sonu) kənar vaxtlar seçmək də ciddi qənaət deməkdir. Məsələn, sentyabrın əvvəli həm qiymətlər düşür, həm də hava hələ isti olur.

İstirahət bir status yarışı deyil, enerjinizi bərpa etmək, ailənizlə keyfiyyətli vaxt keçirmək fürsətidir. Mütləq xaricə getmək lazım deyil; Azərbaycanın hələ kəşf etmədiyiniz möcüzəli guşələri var. Əgər xaric istəyi ağır basırsa, ən azından tam xərcləri hesablayın, erkən rezervasiya edin, gizli xərclər üçün büdcənizin 15 faizini ehtiyat saxlayın.

1 Türkiyə səfəri = 3 dəfə Qəbələ + 2 dəfə Şəki + 1 dəfə Naxçıvan səfəri.

1 Avropa səfəri = ilin 6 ayı işlədiyiniz maaş.

Ağıllı seçim edin ki, istirahətdən qayıdanda cibinizdə “tətil depressiyası” deyil, xoş xatirələr və sağlam maliyyə vəziyyəti olsun.

 

İsmayıl Məmmədov

Maliyyə eksperti




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir