Qumru Eyvazova

Şərəf və ləyaqətin qorunmasının qanuni və praktiki tərəfləri

Baxış sayı: 1. 241

Şərəf, ləyaqət və işgüzar nüfuzun hüquqi müdafiəsi məsələləri vətəndaşın şəxsiyyəti, hüquqi şəxsin nüfuzu ilə bilavasitə bağlı olduğundan hər zaman aktual mövzulardan biri olmuşdur. Hazırda mülki hüquq münasibətləri subyektlərinin şəxsi qeyri-əmlak hüquqlarının, o cümlədən şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi məsələləri Ali qanun olan Konstitusiya, eləcə də qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Qanunda nəzərdə tutulub ki, həm vətəndaşın özü, həm də vəfat etmiş vətəndaşın mənafeyinə görə maraqlı şəxs ləyaqətini qorumaq üçün məhkəməyə müraciət etmək hüququ vardır. Kütləvi informasiya vasitələrində məlumat yayılırsa, həmin KİV-də də bu məlumat təkzib edilməlidir. Vətəndaş təkziblə yanaşı, öz cavabının həmin kütləvi informasiya vasitələrində dərc olunmasını tələb etmək hüququna malikdir. Bu mümkün olmadıqda, onu nüfuzdan salan məlumatların təkzib edilməsi qaydası məhkəmə tərəfindən müəyyən edilir. Vətəndaşın şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar təşkilatdan çıxan sənəddə olarsa, belə sənəd dəyişdirilməlidir  və ya ləğv edilməlidir.  Sənədin ləğvi və ya dəyişdirilməsi bu sənədi qəbul etmiş orqan tərəfindən həyata keçirilir. Bu, sənədin ünvanlandığı şəxsə belə bir mesajın göndərilməsi, onun ləğvi və etibarsızlığı haqqında ictimai mesaj da ola bilər. Sənədi əvəz etmək üçün yeni sənəd tərtib edilir və orijinal sənədin göndərildiyi şəxsə göndərilir. Əgər məlumat internetdə yayılıbsa və çoxlu sayda istifadəçi üçün əlçatan olubsa, vətəndaşın bu məlumatın silinməsini tələb etmək hüququ vardır.

 

Şərəf, ləyaqət, işgüzar nüfuzun qorunması hansı qaydada həyata keçirilir?

Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi məhkəmədə həyata keçirilir. Fiziki şəxsin şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı iddia ərizəsi cavabdehin yaşayış yeri və ya olduğu yer üzrə ümumi yurisdiksiya məhkəməsinə və ya hüquqi şəxsin qeydiyyatı üzrə verilir. İddia dərhal məhkəməyə verilə bilər, qanunvericilik  məsələnin həlli üçün məhkəməyədək proseduru nəzərdə tutmur (yəni əvvəlcə məlumatı yayan şəxslə əlaqə saxlamağa ehtiyac yoxdur). Eyni zamanda, vətəndaşın məhkəməyə müraciət etməzdən əvvəl böhtan xarakterli məlumat yayan şəxsə və ya təşkilata müstəqil şəkildə müraciət etmək, məlumatın təkzib edilməsini və silinməsini tələb etmək hüququ vardır. Təkzibdən, imtinadan məhkəməyə şikayət verilə bilər. Lakin yuxarıda qeyd edildiyi kimi, bu yalnız iddiaçının seçimi əsasında ola bilər. İddia cavabdehə – şəxsi, ləyaqəti, işgüzar nüfuzunu ləkələyən məlumatların müəllifinə və bu məlumatı yayan şəxslərə qarşı qaldırılır. Əgər məlumat kütləvi informasiya vasitələrində yayılmışdırsa, o zaman cavabdeh nəşrin və kütləvi informasiya vasitələrinin, məlumatın müəllifidir, məlumat təşkilatın əməkdaşı tərəfindən yayıldıqda, işçisi məlumatı yayan təşkilata qarşı iddia qaldırılır. Müvafiq olaraq, sosial şəbəkələrdəki səhifənin, bloqun müəllifinə və digər şəxslərə qarşı iddia qaldırıla bilər.

 

Şərəf və ləyaqətin qorunması üçün tətbiq edilən qanunvericilik hansılardır?

İlk öncə Azərbaycan Respublikasının Ali qanunu olan Konstitusiyanı qeyd etmək yerinə düşərdi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Həmçinin Konstitusiyanın 47-ci maddəsinə əsasən, hər kəsin öz fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsiniaçıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

Həmçinin, Mülki Məcəllənin 23-cü maddəsini də xüsusi olaraq qeyd etmək olar. Belə ki, Məcəllənin 23.1-ci maddəsində deyilir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddədə qeyd edilir ki, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və yaşəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü bəndi həmçinin vurulmuş zərərin əvəzinin ödənilməsini də təsdiq etmişdir.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun14-cü maddəsinin tələbinə görə mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:

  • şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
  • şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
  • böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
  • faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir;
  • qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərce dilməsinə (yayımlanmasına) yol verilməməlidir;

Həmin Qanunun 18.1-ci maddəsinin tələbinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

 

İddianın təmin olunmasının məhkəmə perspektivləri hansı dərəcədədir?

“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li Qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin, işgüzarnüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmuhalında qiymət verməlidirlər:

  • məlumatın vətəndaşların və təşkilatın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələməsi;
  • həmin məlumatların doğru olmaması;
  • bu məlumatların yayılması.

 

Yəni, Məhkəmə həqiqətə uyğun olmayan məlumatın təkzibedilməsi üsulu həmin əlumatların yayılması üsuluna bərabər olmasını müəyyən etməlidir. Ona görə də ilköncə məlumatın yayılıb-yayılmadığı müəyyən edilməli və bu hal müəyyən edilərsə oaman həmin yayılma üsuluna müvafiq təkzib üsulu tətbiq olunmalıdır. Bu qayda “Şərəfvə ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan  Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu iltarixli 7 №-li Qərarının 12-ci bəndində də nəzərdə tutulmuşdur.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqitəcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Haqqında Konvensiya”nın müddəalarıvə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər”anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-cibəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Həmin Qərarda həmçinin izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulmasıonun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

Ümumiyyətlə işgüzar nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə,dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir.  Ona görə də, kimliyindən asılı olmayaraq, hər kəs dediyi sözü və verdiyi ifadəni yüz ölçüb bir biçməlidir, xüsusən də əgər həmin ifadə kütləvi informasiya vasitələrində istifadə olunarsa.

 

Vəkillər Kollegiyasınn üzvü, Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir