saleh

Aparıcı Saleh: “Axırda məlum oldu ki, duz yerinə soda vururammış” – MÜSAHİBƏ

Baxış sayı: 9. 922

Həmsöhbətimiz tanınmış teleaparıcı, hər gün səhər İctimai televiziyanın “Yeni gün” proqramı ilə evimizin qonağı olan Saleh Bağırovdur.

Onunla müsahibə barədə razılığa təxminən 1 il öncə gəlmişdik. Ancaq bir dəfə zəlzələdən, bir dəfə vəlvələdən, hər nədənsə bu müsahibə baş tutmurdu ki, tutmurdu. Nəhayət…

Ancaq gözləməyə dəyərmiş – olduqca səmimi və maraqlı müsahibdir Saleh bəy. Aparıcı “Gencaile.az”ın “Kişi sözü” rubrikasında sualları özünəxas şəkildə cavablandırıb.

–         Balaca Salehi indi valideynləri necə xarakterizə edir?

Aparıcı sosial şəbəkədə bu uşaqlıq fotosunu paylaşaraq yazıb: "Bu da mənim uşaqlığım. Hər birimizin içində bir balaca uşaq var. Həmin uşaq zaman zaman özünü göstərir. Məhv olmağa qoymayaq içimizdəki uşaqlığı. Ancaq onun sayəsində hələ saf, təmiz baxmaq mümkündür həyata"

Aparıcı sosial şəbəkədə bu uşaqlıq fotosunu paylaşaraq yazıb: “Bu da mənim uşaqlığım. Hər birimizin içində bir balaca uşaq var. Həmin uşaq zaman zaman özünü göstərir. Məhv olmağa qoymayaq içimizdəki uşaqlığı. Ancaq onun sayəsində hələ saf, təmiz baxmaq mümkündür həyata”

–         Təbii ki, uğurlarıma sevinirlər. Hər bir valideyn övladının müvəffəqiyyətinə sevindiyi kimi, qürur duyduğu kimi, mənim də valideynlərim eyni hissi yaşayırlar. Düzdür, anam ən əvvəllər mənim bu sahədə olmağıma etiraz edirdi, ancaq bu gün etiraf edir ki, yaxşı ki, sən hər şeyə rəğmən, öz bildiyini etdin, öz istəyinə doğru getdin. Təbii ki, bu gün uğurlarımı görüb bir ana kimi sevinir. Və mən arzu edirəm ki, hər kəs peşə seçimində doğru addım atsın, böyüklərimizin məsləhətlərinə qulaq asaq, ancaq peşə seçimi elə seçimdir ki, ürəyimiz dediyi istiqamətə addımlamalıyıq. Düşünürəm ki, etimadı doğrultmuşam – o səbəbdən sevinirlər.

Deyim ki, balaca Salehlə indiki arasında yerlə göy qədər fərq var. Uşaqlıqda olduqca sakit bir uşaq olmuşam, hansısa bir nöqtədə dayanıb saatlarla ordan tərpənməyə də bilərdim hətta. Bu günsə artıq – bilmirəm, peşəmlə bağlıdır, yoxsa xarakterimin formalaşması bu cür olub – daha emosionalam, daha hərəkətliyəm. Fərqlər təbii ki, var, həyat bizim üzərimizdə öz işini görür. Mənə elə gəlir ki, indiki dönəm üçün daha hərəkətli, daha çevik, mobil olmaq lazımdır, nəinki kiçik yaşlarımdakı kimi sakit, səmirsiz…

–         Uşaqlıq illərindən hər birimizin xatırlayacağı maraqlı hadisələr, dəcəlliklər var. Baxmayaraq ki, dəcəl olmamısınız, varmı belə hadisələr sizin arxivdə?

–         İnanırsınız, bu dəqiqə heç nə yadıma düşmür… Uşaqlıqda həqiqətən də sakit uşaq olmuşam… (düşünür).

Bəlkə də başqa vaxt yadıma düşməzdi, indi bir hadisəni xatırladım: deməli, 5 ya 6-cı sinifdə oxuyurdum, bir dəfə valideynlərim evdə yox idi, dərsdən gəldim evə, fikirləşdim ki, özümə bir yemək hazırlayım, yaya yaxın bir ay idi. Başladım, xiyar-pomidor filan doğradım, bir tas salat düzəltdim, tulladım onu. Aşpaz olmaq sevdasına düşmüşdüm,  ikinci dəfə yenə eyni şeyi elədim, yenə gördüm ki, dad nəsə həmin dad deyil, üçüncü dəfə də elədim, gördüm ki, yox, alınmır. Hamısını da heç kəs bilməsin deyə aparıb evdən uzağa tullayırdım. Nə isə axırda gördüm ki, alınmır, ac-yalavac oturdum. Böyüklər evə gələndə isə məlum oldu ki, mən salatı düzəldirəm, ancaq sonda duz əvəzinə soda vururammış.

Ümumiyyətlə, dəfələrlə olub ki, evdə məhsulları korlamışam, yemək bişirmək adı ilə. Buna görə də bəzən cəzalandırılmışam.

–         Sizi artıq hamı tanıyır, məşhursunuz. Maraqlıdır, Saleh – Saleh Bağırov markasını yaradana qədər hansı yolu keçib?

10906525_665581166901826_5700913452117409340_n–         15 ilə yaxındır ki, mən artıq efirdəyəm, onun 4 ili radio fəaliyyəti ilə bağlı olub, qalanı isə televiziya illəridir. Təbii ki. asan başa gəlməyib Saleh Bağırov olmağım. Büdrəmişəm də, yıxılmışam da, ancaq sınmamışam, yenidən qalxmışam ayağa. Hər hansı uğrusuzluğuma özüm baxıb, qiymət verməyi bacarmışam, böyüklərin  bu sahədəki tövsiyələrini dinləmişəm, aramsız əziyyət, zəhmət, hətta bu gün də öz üzərimdə işləməyim məni Saleh Bağırov olaraq formalaşdırdı. Bir az təvəzökarlıqdan uzaq olsa da sevdirdi, qəbul etdilər insanlar məni. Təbii ki, Allahın izni ilə. Düşünürəm ki, uğurların kökündə tamaşaçıma və özümə məsuliyyətlə yanaşmağım dayanır.

Ancaq deyim ki, mən Saleh Bağırov markası olmaq üçün çalışmamışam, sadəcə olaraq işimi çox sevdiyimdən onu düzgün, doğru icra etməyə çalışmışam və tamaşaçılar  bunu qiymətləndiriblər. Bu, mənim kredomdur, şüarımdır – işini düzgün gör, sən marka da olacaqsan. Şöhrət və pul da səni tapacaq. Yetər ki, sən işinə doğru və vicdanla yanaş. Çalışmışam ki, işimdə doğru və düzgün oldum, yəqin bunun qarşılığında mükafatlandırılmışam.

–         Məşhurluq rahatca “Tarqovı”da gəzməyə mane olmur ki?

–         Mənə məşhurluq heç bir yerdə gəzməyə, dolaşmağa qətiyyən maneçilik törətmir. Və mən məşhuram deyə heç yerdə gəzə bilmirəm deyən insanları qeyri-səmimi qəbul edirəm. Bundan gözəl  nə var ki?! İnsanlar yaxınlaşırlar, öz xoş sözlərini deyirlər, hörmətlərini ifadə edirlər.  Harda olursansa, insanların sevgisini, təbəssümünü görürsən , vallah bu, böyük bir şeydir. Ona görə də mən rahat dolaşıram, adi insanlar kimi gəzirəm, alış-veriş edirəm, istirahət edirəm. İnsanların münasibətindən, hörmətindən zövq alıram. Vay o gündən ki, məşhur olasan və insanların xoş olmayan münasibətini hiss edəsən. İnanın, səmimiyyətimə bu günə qədər, şükürlər olsun ki, insanlardan hörmət və sevgi görmüşəm.

11921600_774687415991200_5324802003752455594_n–         Aparıcılıq, yoxsa aktyorluq – hansı daha doğmadır?

–         Bu gün aparıcılıq daha yaxındır, daha əzizdir. Düzdür, peşəm aktyorluq sənətidir, Mədəniyyət və Incəsənət Universitetinin dram teatrı və  Kino sənəti fakültəsini bitirmişəm və magistratura pilləsində də teatrşünas olaraq təhsil almışam. Teatrda da çalışmışam. Ancaq bu gün qazandığım nailiyyətlərə görə televiziyaya, aparıcılıq peşəsinə minnətdaram. Aktyorluqdan da öz istəyimlə uzaqlaşdım. Ona görə də qətiyyən peşman deyiləm, əgər bu gün dilemma qarşısında qalsam, əminliklə aparıcılığı seçərdim.

–         Bəs jurnalistikaya gəlişiniz necə baş verdi?

–         Jurnalistikaya gəlişim də hər halda, taleyin işidir. Universitetdə oxudğum illərdə düşünmürdüm ki, jurnalistikaya gələcəm. Həmin illərdə yeni bir radio açıldı, “Anten” FM. İşə qəbul üçün müsabiqə elan olundu, radionun işçiləri tələbələr arasından əməkdaşlar seçmək üçün universitetə gəldilər. Bu müsabiqəyə tələbə dostlarımın təkidi ilə qatıldım, uşaqlar dedilər əşi get, sən qəbul olunacaqsan, girdim otağa və bir neçə sualı cavablandırdıqdan sonra dedilər ki, sabah işə gəlin. Və başladım işə. Radioya gələn kimi 4 saatlıq efiri mənə verdilər. Belə-belə inkişaf etdim və sevdim bu işi.

12190122_809007992559142_8713437063347576914_n–         Bəs biz nə vaxtsa Saleh Bağırovu yenidən teatrda və kinoda görə bilərikmi?

–         Son illərdə bir neçə teatrlardan belə təkliflər olub. Ancaq həmin teatrların adını açıqlamaq istəməzdim. Gələcəkdə nələrsə ola bilər.  Böyük məmnuniyyətlə kinoya da çəkilərəm, teatr layihəsində iştirak edərəm, amma bu, məni maraqlandırarsa, əmin olaramsa ki, mən bu işdə yerimdəyəm – o halda mən o layihələrdə iştirak edərəm. Ancaq istəyərəm ki, yaddaqalan bir iş olsun. Yəqin ki, sabah nə baş verəcəyini dəqiq demək olmaz, uğurlu, yaxşı təklif gələrsə, tarixdə, bu sahədə də qalmaq üçün burda da imzamı atmaq istəyərəm. (Gülür)

–         Həmkarlarınızdan kimləri teleaparıcı kimi yüksək qiymətləndirirsiniz?

–         Bu gün teleməkanda uğur qazanan həmkarlarım var. Böyük sevgi ilə onları izləyirəm. Ümumiyyətlə, o ifadəni qəbul etmirəm ki, mən Azərbaycan telekanallarını izləmirəm. O insanların səmimiyyətinə də şübhə edirəm. Hamı hər şeyə baxır, hamının hər kəsdən xəbəri var, bir qədər səmimi olmaq lazımdır. Həmkarlarımın adlarını çəkərəm, ancaq bir balaca qorxuram, kimlərinsə adını çəkə bilmərəm, yaxşı alınmaz. Əsas məsələ odur ki. mən o həmkarlarımı sevirəm, işini dəstəkləyirəm ki, onlar işini vicdanla icra edirlər. Onlar bu peşədə təsadüfü olmayanlardır, onlar özünü efirdə deyil,  efiri özündə sevən insanlardır. Tamaşaçısına hörmətlə yanaşan, tamaşaçıya yuxarıdan aşağı baxmayan insanlardır. Danışığını, hərəkətini, geyimini, tərzini, münasibətini bilən həmkarlarımı sevirəm, izləyirəm və hər birinə də uğurlar arzu edirəm.

–         Bir müddət “TRT-Avaz”da idiniz. Bizim teleməkanla iş mexanizmi, üsulları baxımından nə kimi fərqlər hiss etdiniz?

–         “TRT Avaz”da çalışmağım mənim üçün bir təcrübə oldu. Bir qədər əvvələ qayıdım – Azərbaycanın İctimai televiziyası və Türkiyənin “TRT Avaz” telekanalları arasında 5 ilə yaxın ortaq coğrafiyanı əhatə edən telekörpülərimiz yayımlandı. Bu telekörpülərin Azərbaycan tərəfdən yeganə aparıcısı olduğuma görə qürurluyam, çox fəxr edirəm. Və düşünürəm ki. bu gün insanlar hələ də bu layihənin axtarışındadırlarsa, demək ki, iş uğurlu alınıb, yaddaşlarda qalmışıq. Və təbii ki, bu işn davamı olaraq, TRT Avaz-dan təklif gəldi, mən də bu fürsəti əldən vermədim, müqavilə bağlayıb, çalışdım. Bu, mənim üçün böyük təcrübə oldu, eyni zamanda bu günə qədər də münasibətlərimizi qoruduğumuz dostlar qazandım.

12019829_791134621013146_1150686969504616116_nO ki qaldı, Türkiyə və Azərbaycan televiyalar arasındakı fərq məsələsinə, bu barədə deyə bilərəm ki. köklü bir fərq yoxdur. Düzdür, temp və işin təşkili məsələsində müəyyən fərqlər var. Ancaq deyim ki, ordakı bəzi dostlarımız deyirdi ki, biz məsələn, İTV-ni izləyirik və müəyyən yeniliklər görürük, bu, bizim üçün yaxşı təcrübə olur. Mən orda azərbaycan dilində xəbərlər proqramını aparırdım, həm də ayrıca proqram aparıcısı idim, müəyyən fərqlər görürdüm. Mobillik və çeviklik baxımından bizdə üstünlük var, ancaq hər şeyin öncədən planlı, daha dəqiq, sərrast getməsi baxımından Türkiyədən müəyyən təcrübələr mənimsəmək olar.

–         Qayıdaq, yenidən şəxsi motivə. Səhər yuxudan ayılmaqla bağlı problem olmur ki?

–         Yox, qətiyyən problem olmur. Artıq 11 ildir ki, İTV fəaliyyətə başlayan gündən səhər proqramının, yəni “Yeni gün” verilişinin aparcısıyam və bu illlər ərzində bir dəfə də olsun proqrama gecikdiyim olmayıb. Hətta verilişin saat 7-də başladığı zamanlarda belə. Yenə deyirəm, bu, işimə olan sevgimdən və məsuliyyətimdən irəli gəlir. Ayrıca, səhər durmaq heç də problem deyil  – əksinə, gümrah, rahat və gözəl hiss edirəm özümü. Görünür, bu da bir vərdişə çevrilib. Yuxudan tez oyanmayanlara da tövsiyə edirəm ki, səhərlər erkən qalxsınlar, inandırım sizi ki, insan həm çox gümrah olur, həm də işlərini görmək üçün vaxt udursan.

–         Hər gün pozitiv olmağa belə dümək mümkünsə, məcbursunuz…

–         İnanın ki, mən elə xarakterdə adamam ki, heç vaxt məcburiyyətə görə nəsə etmərəm, ürəyim istəməlidir. Qətiyyən özümü pozitiv olmağa məcbur etmirəm, doğuluşdan beləyəm, təbiətim belədir. Özüm təbiət etibarilə çox pozitiv bir insanam, yəni elə həyatda da efirdə olduğum kimiyəm. Pozitivlik də içimdədir.

11021159_684223085037634_3919770419050135598_n–         Yəqin efirdə və ya efirarxasında gözlənilməz hadisələr də olur…

–         Vallah, bu illər ərzində o qədər hadisələr olub ki. Ancaq belə lazım olanda yada düşmür, lazım olmayanda xatırlayırsan və adamı gülmək tutur. Əsasən uşaqlarla bağlı verilişlərdə belə şeylər olur. Onlar düşünmürlər ki, efirdədirlər və necə varlarsa elə davranırlar, yəni efirdə hər şey edə bilərlər, hətta söyüşə də bilərlər. Yəni uşaqdılar da… Onlarla çox maraqlı hadisələr olur.

–         Əyələncəyə vaxt qalırmı? Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

–         Az da olsa qalır vaxt. Çalışıram ki, onu da yaxşı dəyərləndirim. Bir az qeyri-səmimi çıxar, ancaq inanın ki, bu da faktdır – mən əyləncəni də kitab oxumaqla keçirirəm, mütaliədən inanılmaz zövq alıram. Bundan savayı, dostlarla zaman keçirə bilərəm, hər hansı bir əyləncə mərkəzində bir neçə saatımı deyib-gülüb, hansısa əyləncələrlə keçirə bilərəm. Yəni zaman qaldıqda hamı kimi əyələnmək istəyi məndə də var, stress atmaq, gündəlik qayğılardan bir az uzaqlaşmaq, bəzən uşaqlaşmaq – bunlar məndə də var. Çalışıram ki, boş vaxtım olsa, onu yaxşı dəyərləndirim. Vaxtımı da hər kəslə keçirmirəm, elə adamlarla keçirirəm ki, mən onlardan, onlar da məndən zövq ala bilsin. Gözəl insanlarla, doğru-dürüst insanlarla üç-beş kəlmə kəsmək də bir istirahətdir. Buna görə də ətrafımda məhdud sayda yaxın insanlar var. Onlarla ünsiyyət də əyələncəyə bərabərdir mənim üçün.

11070963_727468610713081_535623705051542478_n

–         Evlənməyə nə mane olur?

–         (Gülür) Evlənməyə, vallah, heç nə mane olmur, nə mane ola bilər ki… sadəcə olaraq, bu o qədər şəxsi bir məsələdir, o qədər həyatyüklü bir məsələdir ki, burda tələsmək, kor-təbii addım atmaq olmaz. Qismət dediyimiz bir şey var – hansı ki, mən buna çox inanıram. Bildiyiniz kimi, nişanlanmışam. Nəyinsə mane olduğunu demək bir qədər doğru deyil, sadəcə, öz yarımı tapmaq axtarışındaydım və şükürlər olsun ki, bu axtarışım uğurla nəticələndi. İnşallah ki, bundan sonrakı mərhələdə də yəqin ki, xeyir iş baş tutanda eşidəcəksiniz.

–         Ailə həyatı qurarkən hansı kriteryaları əsas hesab edəcəksiniz?

–         Mənim üçün ailə həyatında ən vacib kriteriya qarşılıqlı hörmət və anlaşmadır. Öz quracağım ailənin təməlində də bu kriteriyalar dayanacaq. Ailədə qarşılıqlı hörmət, qarşılıqlı anlaşma və bir-birinə dəyər vermək varsa, onda hər şey var: ruzi-bərəkət də var, sevgi də, hörmət də. Öz münasibətimi də bunun üzərində qurmuşam, beləcə də davam edəcəm. Bəxtəvər o insandır ki, həm peşəsində yarıyır, həm də şəxsi həyatında. İnşallah, mənim üçün də belə olacaq.

Söhbətləşdi: Vüsal Məmmədov

Gencaile.az

10531242_746920155434593_7308988038554896690_o16905_709502579176351_1810475777517835611_n 11402707_780533798739895_8626687205301538227_n 11752478_761764160616859_4898618996999940781_n 11999588_794009824058959_4160441773017218125_o 12004003_786940911432517_5056197205152912935_n 12191676_807665199360088_3573303507500193703_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir