Almara Melikova

Keçmiş münasibətlərin kölgəsi yeni sevgiyə necə təsir edir? - "PRİMera"

Baxış sayı: 310

İnsan ikinci dəfə ailə qurarkən yeni həyata yalnız sevgisi və ümidləri ilə deyil, həm də keçmiş münasibətlərindən qalan emosional izlərlə qədəm qoyur. Əvvəlki nikahda yaşanan xəyanət, etimadsızlıq, emosional laqeydlik və ağır ayrılıqlar bəzən yeni münasibətdə qorxu, şübhə və həddindən artıq həssaslıq şəklində özünü göstərə bilir.

Psixologiyada bu vəziyyəti Con Bowlbinin bağlanma nəzəriyyəsi ilə izah etmək mümkündür. Bowlbiyə görə, insanın yaxın münasibətlərdə qazandığı təcrübələr onun emosional təhlükəsizlik hissinə və başqalarına etibar etməsinə təsir göstərir. Keçmişdə etibarı sarsılmış insan yeni münasibətdə də tərk edilməkdən və yenidən incinməkdən qorxa bilər.

Psixoloq kimi praktik müşahidələrimdə də rast gəldiyim mühüm məqamlardan biri budur ki, bəzən insan yeni həyat yoldaşının real davranışına deyil, keçmişdə yaşadığı ağrının yaratdığı qorxuya reaksiya verir. Məsələn, əvvəlki nikahında xəyanətlə üzləşmiş biri yeni həyat yoldaşının telefon zənginə gec cavab verməsini belə şübhə ilə qarşılayır. Halbuki burada problem hər zaman qarşı tərəfin davranışında deyil, keçmiş təcrübənin yaratdığı emosional həssaslıqda ola bilər.

Aaron Bekin koqnitiv nəzəriyyəsinə əsasən, insanın əvvəlki mənfi təcrübələri onun düşüncə sxemlərinə təsir göstərərək yeni hadisələri yanlış şərh etməsinə səbəb ola bilər. Beləliklə, insan fərqinə varmadan keçmişdəki münasibət modelini yeni ailəsinə daşıyır.

ayriliq

İkinci nikahda ən ciddi psixoloji səhvlərdən biri yeni həyat yoldaşını əvvəlki həyat yoldaşı ilə müqayisə etməkdir. Hər insan fərqli şəxsiyyətdir və hər münasibətin öz dinamikası var. Keçmişdə bir insanın etdiyi səhvə görə yeni münasibətdə başqa birini məsuliyyət daşımağa məcbur etmək emosional ədalətsizlikdir.

Digər mühüm məsələ etimadın formalaşmasıdır. Ailə münasibətlərini araşdıran psixoloq Con Qottmanın tədqiqatları göstərir ki, münasibətlərdə etimad gündəlik davranışlar, emosional həssaslıq, qarşılıqlı hörmət və ardıcıllıq əsasında möhkəmlənir. Etimad nəzarətlə deyil, təhlükəsizlik hissi ilə yaranır.

İkinci nikahda əvvəlki ailədən olan uşaqların psixoloji vəziyyəti də xüsusi diqqət tələb edir. Uşaq valideyninin yeni münasibətini bəzən itki, qısqanclıq və ya ailədəki yerinin dəyişməsi kimi qəbul edə bilər. Ona görə də uşağı yeni ailə üzvünü dərhal sevməyə məcbur etmək deyil, onun uyğunlaşmasına zaman vermək vacibdir.

Mənim qənaətimcə, ikinci nikahın uğurunun əsas şərti keçmişi unutmaq deyil, keçmişin bugünkü münasibəti idarə etməsinə imkan verməməkdir. İnsan əvvəlki münasibətində yaşadığı ağrıları dərk etməli, öz emosional ehtiyaclarını tanımalı və yeni həyat yoldaşına keçmişin qorxuları ilə deyil, bugünkü reallıqla yanaşmağı öyrənməlidir.

Bu baxımdan koqnitiv-davranış terapiyası mənfi düşüncə sxemlərini müəyyənləşdirməyə, emosional reaksiyaları tənzimləməyə və daha sağlam ünsiyyət bacarıqları formalaşdırmağa kömək edə bilər. Cütlük terapiyası isə tərəflərin bir-birinin həssas nöqtələrini anlamasına və qarşılıqlı etimadı gücləndirməsinə şərait yarada bilər.

Unutmamalıyıq ki, ikinci dəfə ailə qurmaq birinci nikahın uğursuzluğunu kompensasiya etmək və ya kiməsə nəyisə sübut etmək vasitəsi olmamalıdır. Yeni münasibət keçmişin davamı deyil, iki insanın şüurlu şəkildə qurduğu müstəqil bir həyat olmalıdır.

Psixoloq olaraq düşünürəm ki, insan keçmişindən dərs çıxarmalıdır, lakin keçmişinin əsirinə çevrilməməlidir. Çünki keçmişdə bizi incidən insanın səhvlərinin cəzasını bu gün bizi sevən insana vermək yeni münasibətin ən böyük ədalətsizliyidir.

Sevgi yalnız yenidən sevməyə cəsarət etmək deyil, həm də yenidən güvənməyi, dinləməyi və sağlam münasibət qurmağı öyrənməkdir.

Keçmiş həyatımızın bir səhifəsi ola bilər, amma gələcəyimizin bütün hekayəsini yazmasına icazə verməməliyik.

 

Psixoloq M. Almara Ağaqızı

PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru

 

(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)




1 şərh “Keçmiş münasibətlərin kölgəsi yeni sevgiyə necə təsir edir? – “PRİMera””

  1. Ulya Kamilova

    Menim yoldasim da evvelki aile heyatinda cox cetinlikler yasayib, bezen mene de inamsiz yanaşir. Ne qeder izah etsem de, kecmisin tesirinden cixmaq cetindir.

    Cavabla ↓

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir