Yanacağın bahalaşması avtomobil sahiblərinin gündəlik xərclərini artırır. Xüsusilə sabit gəlirlə yaşayan təqaüdçülər üçün yanacağa çəkilən xərc büdcəyə əlavə yük yarada bilər.
Belə vəziyyətdə çıxış yollarından biri daha az yanacaq sərf edən avtomobil seçməkdir.
Beləliklə, yanacaq xərclərini azaltmaq istəyən təqaüdçülər üçün uyğun hesab edilən dörd avtomobili təqdim edirik:
2026 “Toyota Prius”
Siyahıda ən qənaətcil modellərdən biri 2026-cı il istehsalı “Toyota Prius”dur. Avtomobilin ABŞ bazarında başlanğıc qiyməti təxminən 28 min dollar təşkil edir.
Modelin orta yanacaq sərfiyyatı göstəricisi bir qallona 57 milə qədərdir. Bu, təxminən 100 kilometrə 4,1 litr yanacaq sərfiyyatına uyğun gəlir.
“AutoInsurance.org”un avtomobil sənayesi üzrə eksperti Melani Musson bildirib ki, “Prius” hibrid avtomobillər arasında uzun illərdir tanınan modellərdəndir və münasib qiyməti, eləcə də etibarlılığı ilə reputasiya qazanıb.
Yanacaqdoldurma məntəqəsinə daha az getmək və gündəlik yanacaq xərclərini minimuma endirmək istəyən sürücülər üçün “Prius” diqqət çəkən variantlardan biri hesab olunur.
2026 “Ford Maverick Hybrid”
Yanacağa qənaət etməklə yanaşı, daha funksional avtomobil istəyənlər üçün 2026-cı il “Ford Maverick Hybrid” alternativ ola bilər.
“Maverick XL” versiyasının ABŞ-da başlanğıc qiyməti təxminən 28 min dollardır. Avtomobil 2,5 litrlik hibrid mühərriklə təchiz olunub və orta hesabla bir qallona təxminən 38 mil məsafə qət edə bilir. Bu göstərici təxminən 100 kilometrə 6,2 litr yanacaq sərfiyyatına bərabərdir.
Model 17 düymlük polad təkər diskləri və “FLEXBED” yük saxlama sistemi ilə də təklif olunur. Bu xüsusiyyətlər avtomobili həm gündəlik istifadə, həm də yükdaşıma imkanlarına ehtiyacı olan sürücülər üçün praktik seçimə çevirir.
2022 “Honda Insight”
“CarGurus” mütəxəssislərinin yaşlı sürücülər üçün uyğun hesab etdiyi digər avtomobil 2022-ci il “Honda Insight” modelidir.
“Car and Driver”ın məlumatına görə, avtomobil bəzi versiyalarda bir qallona 50 mildən çox məsafə qət edə bilir. Bu isə təxminən 100 kilometrə 4,7 litr və ya daha az yanacaq sərfiyyatı deməkdir.
“Insight” klassik sedan quruluşuna malikdir. “Honda Civic” bazasında hazırlanması modelə rahat idarəetmə ilə yanaşı, praktik baqaj sahəsi də qazandırır.
Bu xüsusiyyətlər yanacaq qənaəti istəyən, eyni zamanda ənənəvi sedan avtomobillərə üstünlük verən sürücülər üçün modeli diqqətəlayiq variantlardan birinə çevirir.
2021 “Subaru Forester”
Hibrid əvəzinə ənənəvi benzin mühərrikli avtomobil axtaranlar üçün siyahıda 2021-ci il “Subaru Forester” də yer alıb.
Avtomobil sənayesi üzrə ekspert Melani Musson bu modelin yanacaq səmərəliliyi, qiyməti, tam ötürücü sistemi və etibarlılıq göstəricilərini önə çəkib.
“Kelley Blue Book”un məlumatlarına əsasən, ABŞ-ın ikinci əl avtomobil bazarında 2021-ci il “Forester” modelini təxminən 21 min dollara tapmaq mümkündür.
Avtomobilin orta yanacaq göstəricisi bir qallona 26-29 mil arasında dəyişir. Bu isə təxminən 100 kilometrə 8,1-9 litr yanacaq sərfiyyatına uyğun gəlir.
Qənaət üçün yalnız avtomobilin qiyməti vacib deyil
Təqaüd dövründə avtomobil seçərkən onun alış qiyməti ilə yanaşı, gündəlik istifadə xərclərinin də nəzərə alınması vacibdir. Xüsusilə yanacaq sərfiyyatı uzunmüddətli dövrdə avtomobilə çəkilən ümumi xərclərə əhəmiyyətli təsir göstərə bilər.
Hibrid “Toyota Prius”, “Ford Maverick” və “Honda Insight” daha aşağı yanacaq sərfiyyatı ilə seçildiyi halda, “Subaru Forester” ənənəvi benzin mühərriki və tam ötürücü sistem istəyənlər üçün alternativ kimi göstərilir.
Qeyd edək ki, məqalədə göstərilən qiymətlər ABŞ bazarına aiddir və avtomobilin komplektasiyası, texniki vəziyyəti, yürüşü və satış bölgəsindən asılı olaraq dəyişə bilər.
Tənzilə Ağabalayeva











































































































































































