Uşağın öz fikrini bildirməsi, böyüklərin qərarlarına etiraz etməsi və müəyyən məsələlərdə fərqli düşünməsi bəzən valideynlər tərəfindən hörmətsizlik kimi qəbul olunur. Xüsusilə ənənəvi tərbiyə yanaşmalarında uşağın böyüklərin sözündən çıxmaması, etiraz etməməsi və verilən qərarları mübahisəsiz qəbul etməsi düzgün davranışın göstəricisi sayılır. Bu yanaşmada sakit, itaətkar və sual verməyən uşaq daha tərbiyəli hesab edilir.
Lakin uşağın öz fikrini bildirməsi ilə böyüklərə hörmətsizlik etməsi eyni anlayışlar deyil. Uşaq fərqli düşünə, razılaşmaya, müəyyən qərarları sorğulaya və öz istəyini ifadə edə bilər. Bunlar onun şəxsiyyətinin formalaşmasının, müstəqillik qazanmasının və ətraf aləmi dərk etməsinin təbii hissələridir.
Bəzən valideynlər uşağın etirazını özlərinə qarşı yönəlmiş münasibət kimi qəbul edirlər. Halbuki uşaq hər zaman valideynin nüfuzunu sarsıtmaq və ya onun sözünü yerə salmaq niyyətində olmur. O, sadəcə öz ehtiyaclarının, düşüncələrinin və seçimlərinin də nəzərə alınmasını istəyir.
Əsas məsələ uşağın nə düşündüyünü deyil, fikrini necə ifadə etdiyini və bu prosesdə başqalarının hüquqlarına necə yanaşdığını öyrətməkdir.
Uşağın etirazı nə deməkdir?
Uşaq müəyyən yaşdan etibarən özünü ətrafındakı insanlardan ayrı bir fərd kimi dərk etməyə başlayır. Onun istəkləri, maraqları, seçimləri və şəxsi mövqeyi formalaşır. Bu prosesdə “Özüm edəcəyəm”, “Mən belə istəmirəm”, “Niyə?”, “Bəs mən nə istəyirəm?” kimi ifadələr daha çox eşidilə bilər.
Xüsusilə erkən uşaqlıq dövründə müstəqillik ehtiyacının artması uşağın davranışlarında özünü göstərir. Məktəb yaşlarında isə bu ehtiyac düşüncələrini müdafiə etmək, qaydaları sorğulamaq və qərarların səbəbini öyrənmək şəklində ortaya çıxa bilər. Yeniyetməlik dövründə isə şəxsi kimliyin formalaşması ilə əlaqədar olaraq fikir ayrılıqları daha da nəzərə çarpa bilər.
Valideynlər bəzən bu davranışları inadkarlıq, tərbiyəsizlik və ya ailəyə qarşı çıxmaq kimi qiymətləndirirlər. Halbuki uşağın etirazı bir çox hallarda müstəqillik ehtiyacının, seçim etmək istəyinin və özünü ifadə etmək cəhdinin göstəricisidir.
Məsələn, uşaq ailə üzvlərinin seçdiyi geyimi geyinmək istəmirsə, bu, mütləq şəkildə valideynə qarşı çıxmaq demək deyil. O, sadəcə öz zövqünü ifadə edir. Eyni şəkildə, valideynin müəyyən qərarının səbəbini soruşması da onun ailə qaydalarını qəbul etmədiyini göstərmir. Bəzən uşaq sadəcə baş verənləri anlamağa çalışır.
Əgər hər belə etiraz “Sən böyüklərlə belə danışa bilməzsən”, “Sənin fikrin burada maraqlı deyil” və ya “Mən nə deyirəmsə, o da olacaq” kimi cavablarla qarşılanırsa, uşaq zamanla öz fikrini ifadə etməyin təhlükəli və ya qəbuledilməz olduğunu düşünə bilər.
Hörmət susmaq demək deyil
Hörmət qarşı tərəfin şəxsiyyətini, hisslərini və hüquqlarını nəzərə almaqdır. Bu, insanın öz fikrindən imtina etməsi və ya hər deyilənlə razılaşması demək deyil.
Uşaq valideyninin qərarı ilə razılaşmaya, müəllimin fikrini müzakirə edə və öz ehtiyacını ifadə edə bilər. Əgər bunu təhqir etmədən, qarşı tərəfi alçaltmadan və başqasının hüquqlarını pozmadan edirsə, onun davranışını avtomatik olaraq hörmətsizlik kimi qiymətləndirmək düzgün deyil.
Məsələn, “Mən bu qərarla razı deyiləm, çünki…” demək uşağın öz fikrini ifadə etməsidir. “Sən heç nə başa düşmürsən” demək isə qarşı tərəfin şəxsiyyətinə yönəlmiş ifadədir. Bu iki davranış arasındakı fərqi uşağa izah etmək lazımdır.
Bəzən böyüklər özləri ilə razılaşmayan uşağın davranışını hörmətsizlik kimi qəbul edərək onun fikrini eşitməkdən imtina edirlər. Belə olduqda hörmət anlayışı qarşılıqlı münasibətdən çıxaraq birtərəfli itaət tələbinə çevrilir.
Uşağa başa salmaq lazımdır ki, hər kəsin öz fikrini bildirmək hüququ var, lakin bu hüquq başqalarını incitmək, təhqir etmək və alçaltmaq haqqı vermir. Eyni qayda böyüklərə də aiddir. Valideyn də uşağın fikri ilə razılaşmadıqda onu alçaltmamalı və susdurmamalıdır.

Valideynlər niyə uşağın etirazını qəbul etməkdə çətinlik çəkirlər?
Bəzi valideynlər üçün uşağın etirazı yalnız davranış problemi deyil, eyni zamanda öz valideynlik nüfuzlarına yönəlmiş bir çağırış kimi görünür. Onlar düşünə bilərlər ki, uşaq bu gün onların sözünü dinləmirsə, gələcəkdə daha ciddi itaətsizlik göstərəcək.
Bu narahatlığın arxasında bəzən valideynlərin öz uşaqlıq təcrübələri də dayanır. Özləri böyüklərin sözünü sorğulamadan qəbul etməyə alışmış, fikirlərini açıq bildirməyə imkan tapmamış insanlar eyni tərbiyə modelini övladlarına tətbiq edə bilərlər. Onlar üçün sakitlik və itaət tərbiyənin əsas göstəricisinə çevrilir.
Digər tərəfdən, gündəlik həyatın yorğunluğu, stress, zaman çatışmazlığı və valideynlərin emosional gərginliyi də uşağın etirazına qarşı dözümlülüyü azalda bilər. Böyük insan bəzən uşağın verdiyi sualı və ya etirazını dinləməyə hazır olmadığı üçün sərt reaksiya verir.
Bununla belə, valideynin öz narahatlığını uşağın şəxsiyyətinə yönəltməsi düzgün deyil. Uşağın fərqli düşünməsi valideynin uğursuzluğu və ya nüfuzunun itirilməsi anlamına gəlmir. Əksinə, uşağın öz fikrini sərbəst ifadə edə bilməsi ailədə sağlam ünsiyyətin formalaşmasına şərait yarada bilər.
Valideynin reaksiyası uşağa nə öyrədir?
Uşaq ilk növbədə ailədə ünsiyyət qurmağı öyrənir. Valideyn uşağın fikrini dinləyirsə, onun etirazını sakit şəkildə müzakirə edirsə və fərqli düşüncəyə hörmətlə yanaşırsa, uşaq da gələcək münasibətlərində bu davranışları mənimsəyə bilər.
Əksinə, uşaq fikrini bildirdikdə daim susdurulursa, onun hissləri kiçildilirsə və hər etirazına görə cəzalandırılırsa, o, öz düşüncələrini ifadə etməkdən çəkinə bilər. Bəzi uşaqlar münaqişədən yayınmaq üçün valideynlə razılaşmadıqları halda belə susmağı seçirlər. Digərləri isə eşidilmək üçün daha sərt, aqressiv və emosional davranmağa başlaya bilərlər.
Belə mühitdə böyüyən uşaq gələcəkdə öz ehtiyaclarını ifadə etməkdə, başqalarına etiraz etməkdə və şəxsi sərhədlərini qorumaqda çətinlik yaşaya bilər. Xüsusilə onun fikirlərinin daim əhəmiyyətsiz hesab edilməsi özünəinamına və qərarvermə bacarığına mənfi təsir göstərə bilər.
Təbii ki, bu nəticələr hər uşaqda eyni şəkildə ortaya çıxmır. Uşağın xarakteri, yaşı, ailə mühiti və digər sosial təcrübələri də burada rol oynayır. Lakin ailədə uşağın fikirlərinə münasibət onun ünsiyyət bacarıqlarının və özünü ifadə etmə tərzinin formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Valideynin uşağı dinləməsi onun bütün istəklərini qəbul etməsi demək deyil. Bəzən qərar dəyişməyə bilər. Ancaq uşaq qərarın səbəbini anlamaq, öz fikrini bildirmək və hisslərinin nəzərə alındığını görmək imkanı əldə etməlidir.
Uşağın fikrini dinləmək valideyn nüfuzunu zəiflədirmi?
Valideynlər arasında belə bir narahatlıq var: uşağa çox danışmaq və etiraz etmək imkanı verilsə, o, böyüklərə hörmət etməyəcək, ailədə qaydalar pozulacaq və valideyn sözünün çəkisini itirəcək.
Əslində, valideyn nüfuzu uşağın qorxu içində susması ilə deyil, onun valideynə güvənməsi, qaydaların səbəbini anlaması və ailədə özünü təhlükəsiz hiss etməsi ilə möhkəmlənir.
Uşaq bilməlidir ki, valideyn onun fikrini dinləyəcək, amma təhlükəsizlik və ailə məsuliyyətləri ilə bağlı müəyyən qərarlar böyüklər tərəfindən verilə bilər. Burada əsas məsələ sərhədlərin aydın olmasıdır.
Məsələn, uşaq avtomobildə təhlükəsizlik kəmərini taxmaq istəmədiyini deyirsə, valideyn onun narazılığını dinləyə bilər, lakin təhlükəsizlik qaydasını dəyişməməlidir. Bu zaman “Sənin xoşuna gəlmədiyini başa düşürəm, amma avtomobildə təhlükəsizlik kəməri taxmaq məcburidir” demək mümkündür.
Beləliklə, uşağın hissləri qəbul edilir, lakin təhlükəsizliklə bağlı sərhəd qorunur.
Valideynin hər məsələdə güzəştə getməsi də düzgün yanaşma deyil. Uşağın fikrini dinləmək və onunla razılaşmaq fərqli məsələlərdir. Əsas odur ki, valideyn qərarını izah etsin, uşağın suallarına cavab versin və öz mövqeyini təhqirə və təzyiqə yol vermədən bildirsin.
Uşağa öz fikrini düzgün ifadə etməyi necə öyrətmək olar?
Uşağın fikrini ifadə etməsi üçün ona uyğun ünsiyyət mühiti yaratmaq vacibdir. Bu, yalnız xüsusi söhbətlər zamanı deyil, gündəlik ailə həyatında da həyata keçirilməlidir.
Valideyn uşağa “Sən nə düşünürsən?”, “Bu qərarla razısanmı?”, “Səncə, bunu başqa necə həll edə bilərik?” kimi suallar verə bilər. Bu suallar uşağın fikrini formalaşdırmasına, öz mövqeyini əsaslandırmasına və müzakirələrdə iştirak etməsinə kömək edir.
Uşaq etiraz etdikdə valideyn dərhal mübahisəyə girmək əvəzinə onun nə demək istədiyini anlamağa çalışmalıdır. Bəzən uşağın sərt reaksiyasının arxasında yorğunluq, məyusluq, diqqət ehtiyacı və ya özünü anlaşılmamış hiss etməsi dayanır.
Uşaq əsəbi olduqda isə əvvəlcə onun sakitləşməsinə dəstək olmaq, sonra məsələni müzakirə etmək daha faydalıdır. Emosional gərginlik zamanı uşağın uzun izahlar verməsini gözləmək real olmaya bilər.
Bundan başqa, valideyn öz davranışı ilə nümunə göstərməlidir. Uşağın fikrinə hörmət tələb edən böyüklər onunla danışarkən təhqirə, alçaltmağa və hədələməyə yol verməməlidirlər. Çünki uşaq hörmətli ünsiyyəti yalnız nəsihətlərdən deyil, gündəlik müşahidələrindən öyrənir.
Ailədə fikir ayrılıqlarının olması normaldır. Əsas məsələ bu fikir ayrılıqlarının necə həll edilməsidir. Valideyn öz səhvini qəbul etdikdə, lazım gəldikdə üzr istədikdə və uşağın haqlı olduğu məqamları etiraf etdikdə ona vacib bir mesaj verir: insanın böyüklüyü heç vaxt səhv etməməsində deyil, səhvini qəbul edə bilməsindədir.

Məqsəd itaətkar deyil, düşünən şəxsiyyət yetişdirməkdir
Uşağın öz fikrini deməsi onun gələcəkdə müstəqil qərarlar verməsi, münasibətlərdə öz sərhədlərini qoruması və ehtiyaclarını ifadə etməsi üçün mühüm bacarıqdır. Öz fikrini sərbəst ifadə edə bilən uşaq zamanla başqalarının düşüncələrini də dinləməyi, fərqli mövqeləri anlamağı və münaqişələri daha sağlam yollarla həll etməyi öyrənə bilər.
Uşağı daim susdurmaqla onun hörmətli olmasını təmin etmək mümkün deyil. Əksinə, ona fikrini ifadə etmək imkanı vermək, eyni zamanda başqalarının hüquqlarına hörmət etməyi öyrətmək daha sağlam tərbiyə yanaşmasıdır.
Biz uşaqlara yalnız böyüklərin sözünü dinləməyi deyil, həm də öz fikrini ifadə etməyi, başqasını dinləməyi, razılaşmadıqda bunu düzgün şəkildə bildirməyi və fikir ayrılıqlarını hörmət çərçivəsində həll etməyi öyrətməliyik.
Çünki məqsəd susan və hər deyilənlə razılaşan uşaq yetişdirmək deyil, öz düşüncəsi olan, müstəqil qərar verə bilən, eyni zamanda başqalarının fikirlərinə və şəxsiyyətinə hörmət edən insan formalaşdırmaqdır.
Mənsurə Qəhrəmanova
Psixoloq-pedaqoq, uşaq inkişafı mütəxəssisi
Yurd İnklüziv İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri
(Psixoloqla əlaqə saxlamaq istəyənlər, 055 361 68 60 mobil nömrəsi ilə birbaşa Mənsurə Qəhrəmanova ilə əlaqə saxlaya bilərlər. Həmçinin psixoloqpedaqoqmq adlı instagram səhifəsi vasitəsi ilə də Mənsurə xanımla kontakt yarada bilərlər.)













































































































































































Bu movzunun davamı kimi usaqda ozuneinam nece formalaşir movzusunda da meqalə hazirlamaq olar.
Men de bu fikirdəyem. Usaqi her defe susdurmaq onun ozune inamına tesir edir.
Bes usaq valideynine qarsi kobud danisanda nece davranmaq lazimdir? Bu da maraqli movzudur.
Biz ozumuz boyuyende cox vaxt fikir bildirmeye imkan vermirdiler. Indi de bezi valideynler eyni sehvleri edir.