Fidan Xelilova

Süni intellektlə saxta görüntü və səs materiallarının hazırlanması və yayılması məsuliyyət yaradırmı? - "VƏKİL BÜROSU"

Baxış sayı: 288

Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya mühitində yeni imkanlarla yanaşı, ciddi hüquqi risklər də yaratmışdır. Süni intellekt artıq yalnız texnoloji yenilik kimi deyil, həm də hüquqi, etik və sosial nəticələr doğuran mühüm bir vasitə kimi qiymətləndirilir. Bu texnologiyaların geniş tətbiqi məlumatların emalı, məzmun yaradılması və kommunikasiya sahəsində müəyyən üstünlüklər yaratsa da, onların qanunsuz və nəzarətsiz istifadəsi şəxslərin hüquq və azadlıqlarına ciddi müdaxilə hallarına səbəb ola bilər. Xüsusilə “deepfake” texnologiyaları vasitəsilə şəxslərin görüntü və səslərinin reala bənzər şəkildə dəyişdirilməsi cəmiyyət üçün yeni təhlükə mənbəyinə çevrilmişdir. Belə materiallar şəxsin razılığı olmadan hazırlanaraq yayıldıqda şərəf və ləyaqətinəciddi zərər vura bilər. Bu cür halların təhlükəliliyi ondan ibarətdir ki, süni şəkildə yaradılmış foto, video və audio materiallar real görüntü təəssüratı yaratdığı üçün yanlış məlumatların yayılmasına səbəb ola bilər.

869dea0b-945d-405e-b093-bc953a24a09a

 

Qeyd edilənlərlə bağlı məsuliyyət məsələsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2.1-ci maddəsinə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2.2-ci maddəsinə əsasən, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

76d7e0d4-9786-49d2-9bb2-750a4c75b907

 

Beləliklə, süni intellekt texnologiyalarının hüquqi tənzimlənməsi müasir hüquq sistemlərinin ən aktual istiqamətlərindən biridir. Texnologiyanın inkişafı insan hüquqlarının pozulmasına əsas yaratmamalı, əksinə, hüquqi çərçivə daxilində cəmiyyətin təhlükəsizliyinə və inkişafına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2-ci maddəsi göstərir ki, qanunvericilik insanın şərəf və ləyaqətinin qorunmasını rəqəmsal mühitdə də təmin etməyə çalışır.

 

Vəkil Fidan Xəlilova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir